BolgeXeber.Com » Bölgə » Beyləqan Mərkəzi Xəstəxanası baş həkimin biznes obyektinə çevrilib

Beyləqan Mərkəzi Xəstəxanası baş həkimin biznes obyektinə çevrilib

9-01-2014, 07:55
Oxunub: 4 239 Əli Məmmədov nədən xəstələrə firma dərmanlarını resept şəklində təqdim edir?

Baş həkim bir sıra maliyyə əməliyyatından kifayət qədər əlavə gəlir əldə edib

Beyləqan Rayon Mərkəzi Xəstəxanasında əhaliyə normal tibbi xidmət göstərilmir. Elə bu səbəbdən də adıçəkilən səhiyyə ocağı ilə bağlı müxtəlif mətbuat orqanlarına, eləcə də bir sıra dövlət qurumlarına ünvanlanan şikayətlərin ardı-arası kəsilmir. Belə ki, əldə etdiyimiz məlumatlarda qeyd olunur ki, xəstəxananın baş həkimi Əli Məmmədov müxtəlif dərman firmaları ilə razılığa gələrək xəstələrə həmin firmaların dərmanlarını resept şəklində təqdim edir.

«Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi xəstələri qəbul etdikdən sonra onları müayinə edir və ardından bahalı dərmanlardan ibarət resept yazır» deyən məlumatlı şəxsin iddiasına görə, həmin dərmanları alacaqları təqdirdə xəstələri müalicə edə biləcəyini qeyd edən Əli Məmmədov əks təqdirdə ondan və rəhbərlik etdiyi tibb müəssisəsindən yardım gözləməməyi bəyan edib: «Təbii ki, onun belə bir addım atmasının əsas səbəbi daha çox gəlir əldə etmək həvəsidir. Belə ki, hər bir dərmana görə anlaşdığı şirkətdən pul alan Əli Məmmədov onları satmağının müqabilində də faiz sahibi olur. Elə bu səbəbdən də o, bahalı reseptlər yazmaqla bu istəyini həyata keçirir. Bundan başqa, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təkcə 3-4 maliyyə əməliyyatından heç də kiçik məbləğdə pullar qazanmayıb. Bu prosesin ilkin mərhələsi isə tibbi avadanlıqların alınmasından başlayıb. Belə ki, Beyləqan Rayon Mərkəzi Xəstəxanasına tibbi avadanlıqların alınması üçün 16255 manat pul ayrılıb ki, bu işlər də «Araş Medikal» MMC-nin imkanları hesabına qarşılanıb. Avtomobil və digər avadanlıqların satın alınması prosesini isə «Aysu-2» MMC həyata keçirib. Bu məqsədlə ayrılmış 17905 manat isə baş həkimə çatıb. Yəni avtomobil və avadanlıq məsələsi sadəcə sənəd üzərində var». Əli Məmmədovun eyni şirkət vasitəsilə yumşaq inventarların alınması üçün 13772 manat xərclədiyini vurğulayan məlumatlı şəxsin bildirdiyinə görə, baş həkim bərk inventarların alınması üçün ayrılmış vəsaitə də göz dikib: «Belə ki, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi bu zaman «Paritet» MMC vasitəsilə daha 23820 manat əldə etməyə müvəffəq olub».

Bu arada, Beyləqan Rayon Mərkəzi Xəstəxanasında tibbi xidmətlərin pullu, təyin edilən müalicənin isə qeyri-effektiv olduğundan rayon sakinlərinin kütləvi surətdə İrana üz tutduqlarını qeyd edən mənbənin sözlərinə görə, 185 çarpayılıq tibb ocağında ümumi vəziyyət heç də ürəkaçan deyil: «Qəhrəmanlı, Əlinəzərli, Aşağı Çəmənli, Örənqala, Şərq, Əhmədli, Türklər, İkinci Şahsevən, Tatalılar, Yuxarı Aran, Milabad, Eyvazallar, Birinci Aşıqlı, Bünyadlı və Kəbirli, həkim məntəqələrində, eləcə də Yuxarı Çəmənli, Qaradağlı, Şəfəq, Qarallar, İmamverdilər, Aşıqallar, Bolsulu, Əmirzeyidli və Mayak tibb məntəqələrində də təxminən, eyni acınacaqlı vəziyyət yaşanmaqdadır. Beyləqan Rayon Mərkəzi Xəstəxanası müvafiq sənədlərdə dövlət tibb müəssisəsi kimi göstərilsə də, əslində burda pulsuz xidmət almaq qeyri-mümkündür. İstənilən şöbəyə müraciət edən xəstə mütləq əlini cibinə salmalıdır. Burada müayinələrin konkret qiymətləri var. Məsələn, rentgen 20 manat, qan analizi 10 manat, digər analizlər 15 manat, ürək-damar sisteminin yoxlanılması 20 manat, USM 20 manat və s. Cərrahi əməliyyatlar isə 400-1000 manat civarında dəyişir. Bundan başqa, müalicə zamanı yazılan reseptlərə aid dərmanlar xəstəxanadan vətəndaşlara pulsuz verilməli olduğu halda, xəstələr onu apteklərdən şəxsi vəsaitləri hesabına alırlar. Bu isə bir daha onu təsdiqləyir ki, Beyləqan Rayon Mərkəzi Xəstəxanası baş həkim Əli Məmmədovun şəxsi biznes obyektinə çevrilib».

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.



Sərxan Məlikbəyli