BolgeXeber.Com » Bölgə » Oğuzdakı 289 minlik Bayraq Meydanı dağılıb

Oğuzdakı 289 minlik Bayraq Meydanı dağılıb

10-01-2014, 08:05
Oxunub: 3 504 Rayona ayrılmış 1.7 milyonun aqibəti məlum deyil, icra başçısı Eyvaz Qurbanov isə özünə 3 mərtəbəli villa tikdirib

Oğuz rayonunda son bir ilin içində büdcədən ayrılmış milyonlarla vəsaitin mənimsənilməsinə dair yeni iddialar ortaya çıxıb. Rayondan gələn xəbərlərə görə, icra başçısı həmin pulların bir qismini şəxsi məqsədlərinə sərf edib.

Jam.az-a daxil olan məlumatlarda vurğulanır ki, faktiki olaraq rayonun daxili yollarına ayrılmış 742 min manatın nəyə xərcləndiyi belə ilk baxışdan məlum olur. Belə ki, Türkiyənin "Polat Yol Yapı Sanayi ve Ticaret" Açıq Şirkətinə havələ olunmuş işlər lazımı səviyyədə həyata keçirilməyib. Elə bunun nəticəsidir ki, yağan yağışlardan sonra yollarda çatlarla yanaşı, çuxurlar da əmələ gəlməyə başlayıb.

Rayonda abadlıq və təmir işlərinin həyata keçirilməsi üçün ayrılmış 967 min manat da elə yol çəkilişlərindəki kimi xərclənib. "Uğan" MMC tərəfindən həyata keçirilən işlərin böyük qisminin keyfiyyətsiz olduğu deyilir. Məlumatlara görə, bu işlər üçün ayrılmış pulların bir qismi məhz icra başçısı Eyvaz Qurbanov tərəfindən şəxsi məqsədlərə sərf olunub. Hətta o da iddia edilir ki, rayonun rəhbəri həmin pullarla özünə Oğuzun kəndlərindən birində 3 mərtəbəli villa tikdirib.

Lakin rayonda inşa edilmiş Bayraq Meydanında vəziyyətin heç də ürəkaçan olmadığı bildirilir. Verilən məlumatlarda qeyd olunur ki, "Rövşən Oğuz Qrup" MMC tərəfindən inşa edilən həmin meydan artıq bir dəfə sökülərək, yenidən qurulub. Amma buna baxmayaraq, tikinti işlərinin bərbad şəkildə həyata keçirilməsi nəticəsində meydana döşənmiş daş örtüklər qopublar. Bu məqsədlər üçün 289 min manat pulun havaya sovrulduğunu bildirən mənbənin sözlərinə görə, icra başçısının göstərişinə əsasən daşlar arasında yaranmış məsamələrin doldurulması ilə kosmetik dəyişikliklər edilib.

Hərçənd verilən məlumatlarda o da iddia edilir ki, Bayraq Meydanının tikintisi üçün nəzərdə tutulan pul yerli idarə və müəssisə rəhbərlərindən toplanılıb. Yəni, icra başçısının təlimatına əsasən bütün idarə və müəssisələrin müdirlərinən hər birindən konkret məbləğdə pullar istənilib.