BolgeXeber.Com » Bölgə » Göyçay Mədəniyyət və Turizm Şöbəsində ciddi əyrintilərə yol verilir

Göyçay Mədəniyyət və Turizm Şöbəsində ciddi əyrintilərə yol verilir

11-01-2014, 11:50
Oxunub: 5 179 Sahib Şükürov nazirlikdəki himayədarına arxalandığı üçün heç kimdən və heç nədən çəkinmir

Bu gün Göyçay rayonunda yaşanan bir sıra olaylar sakinləri ciddi şəkildə narahat etməkdədir. Belə ki, əldə etdiyimiz məlumatlara görə, Göyçay Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Sahib Şükürov icra başçısı Mənsur Məmmədovun yaxın adamı olduğundan özünü külli ixtiyar sahibi hesab edir.

Hazırda Göyçay Rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində 11 mədəniyyət evi, 18 kənd klubu, 50 kitabxana, o cümlədən 1 rayon mərkəzi kitabxanası, 2 şəhər, 1 gənclər, 2 uşaq və 44 kənd kitabxana filialı, Heydər Əliyev Muzeyi, Tarix-Diyarşünaslıq muzeyi, xalq şairi R.Rzanın ev muzeyi və Uşaq Musiqi Məktəbinin olduğunu bildirən məlumatlı şəxs iddia edir ki, rayonun ərazisi tarixi abidələrlə zəngin olsa da, mədəniyyət və turizm şöbəsi həmin abidələrin qorunması yönümündə lazımi tədbirlər görməkdə maraqlı deyil. Göyçay Rayon Mədəniyyət və Turizm Şöbəsində bir sıra neqativ halların müşahidə olunduğuna diqqət çəkən mənbə rayon icra hakimiyyətinin bu sahədə olub-bitənlərə seyrci mövqe sərgilədiyini qeyd edir: «Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, eləcə də onun müavinləri və icra hakimiyyətinin digər yetkili şəxsləri rayon mədəniyyət şöbəsində baş verən əyrintilərə, bu sahədə mövcud olan problemlərə nədənsə biganə yanaşırlar».

Məlumatlı şəxsin sözlərinə görə, Göyçay Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Sahib Şükürov son zamanlar rəhbərlik etdiyi qurumda daha ciddi qaydalar tətbiq edib: «Belə ki, o, nəzarətində olan müəssisə rəhbərlərinə xəbərdarlıq edərək bildirib ki, əgər kimsə rayonda olub-bitənlərlə bağlı mətbuata, eləcə də müvafiq qurumlara məlumat ötürərsə və həmin şəxsin kimliyi dəqiqləşdirilərsə, o zaman onları bir gün belə, işdə saxlamayacaq. Şöbə müdiri icra başçısı ilə yaxın münasibətdə olduğunu, onun himayəsinə arxalandığını heç kimdən gizlətmir. Və əlinə düşən hər fürsətdə icra başçısının adından istifadə edərək maraqlarına cavab verməyən şəxslərə hədə-qorxu gəlir». Göyçay Rayon İcra Hakimiyyətinin başçısının bütün bunlardan xəbəri olub-olmadığını deməkdə çətinlik çəkdiyini bildirən mənbə Sahib Şükürovun Mədəniyyət və Turizm Nazirliyində rəhbər vəzifədə çalışan şəxslərdən birilə yaxın dostluq əlaqələrində olduğunu vurğuladı: «Məndə olan bilgilərə görə, şöbə müdiri məhz həmin şəxsin vasitəsilə bir sıra problemlərini həll etməyə müvəffəq olub. Sahib Şükürovun Mədəniyyət və Turizm Nazirliyində rəhbər vəzifədə çalışan himayədarı şöbə müdiri çətin duruma düşən kimi dərhal onun yardımına gəlir. Məhz elə bu səbəbdən də Sahib Şükürov heç kimdən və heç nədən çəkinmədən əməllərinə davam edir».

Rayonda turizmin inkişafı üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin düzgün xərclənmədiyini deyən məlumatlı şəxsin sözlərinə görə, sakinlər məhz bu məsələ ilə bağlı həm Göyçay Rayon İcra Hakimiyyətinə, həm də Mədəniyyət və Turizm Nazirliyinə şikayət etməyi planlaşdırırlar: «Göyçay Rayon Mədəniyyət və Turizm Şöbəsində ciddi pozuntular, neqativ hallar olduğundan rayon sakinləri adıçəkilən qurumda yoxlamaların aparılmasını, işinə səhlənkar yanaşan şəxslərin qanuna müvafiq formada cəzalandırılmalarını tələb edirlər. Artıq mədəniyyət şöbəsində yaşanan haqsızlıqlar bu sahədə çalışan şəxslərin də narazılığına səbəb olur. Çünki Göyçay Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Sahib Şükürov işçiləri «ixtisar» adı ilə qorxudur və sonda onlardan «şərt»lərinə əməl olunmasını tələb edir. Bu vəziyyət artıq işçiləri təngə gətirdiyindən onlar da rayonun digər sakinləri kimi icra hakimiyyətinə, Mədəniyyət və Turizm Nazirliyinə şikayət etməyi planlaşdırırlar...»

Məsələ ilə bağlı Göyçay Rayon Mədəniyyət və Turizm Şöbəsinin 2027-5-44-96 nömrəsinə zəng vurub, münasibət öyrənməyə çalışsaq da, heç cür alınmadı. Odur ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.



Sərxan Məlikbəyli