BolgeXeber.Com » Bölgə » Qazaxda iş adamı rayonu özəl mülkünə çevirmək istəyir

Qazaxda iş adamı rayonu özəl mülkünə çevirmək istəyir

14-01-2014, 07:50
Oxunub: 14 412 Elçin Carçıyev sahibkarlığın inkişafına yaradılan şəraitdən sui-istifadə edir

Rayonda onlarla ticarət obyektinə və fermer təsərrüfatına sahib olan biznesmen keçmiş icra başçısı Rauf Hüseynovun şərikidir

Son illər həyata keçirilən bir sıra mühüm tədbirlər nəticəsində Azərbaycan sahibkarlığın inkişafı üçün hər cür şəraitin mövcud olduğu ölkəyə çevrilib. Dövlət səviyyəsində bu sahəyə göstərilən diqqət və qayğının fonunda sahibkarlar səmərəli fəaliyyət göstərmək imkanı əldə ediblər. Məlum olduğu kimi, bölgələrdə sahibkarlıq fəaliyyətinə malik olan subyektlər dövlət tərəfindən maliyyə dəstəyi alırlar ki, bu da sahibkarlar üçün xüsusi stimul mənbəyi yaradır. Bu məqsədlə fəaliyyət göstərən Sahibkarlığa Kömək Milli Fondu bölgələrdə sahibkarlıq subyektlərinin fəaliyyətinin maliyyə cəhətdən dəstəklənməsində aparıcı rola malikdir.

Qeyd edək ki, fond tərəfindən indiyədək sahibkarlara güzəştli şərtlərlə 2 milyard manata yaxın kredit verilib. Görülən tədbirlər güclü sahibkarlar sinfinin formalaşmasına səbəb olub. Kənd təsərrüfatının inkişafı üçün kompleks tədbirlər görülür, müasir texnika alınır, lizinqlər, aqroservislər yaradılır, subsidiyalar, güzəştli şərtlərlə gübrə və yanacaq verilir. Qazax rayonunda da sahibkarlığın inkişaf etməsi üçün bəzi layihələr həyata keçirilməkdədir. Dövlətin rayondakı iş adamlarına göstərdiyi xüsusi qayğıdan nə yazıq ki, sui-istifadə edənlər də az deyil. Məsələn, götürək elə Qazaxda məşhur biznesmen kimi tanınan Elçin Carçıyevi. Bu şəxsin adı bir neçə dəfə qalmaqallı olaylarda, daha dəqiq desək sadə vətəndaşların hüquqlarını pozduğuna və onları incitdiyinə görə çəkilib. Bizdə olan məlumatlara görə, Elçin Carçıyev rayonun keçmiş icra başçısı Rauf Hüseynovun zamanında özünün maliyyə imkanlarını xeyli yaxşılaşdırıb. Sabiq icra hakimi ilə münasibətləri yaxşı olan iş adamı onun dəstəyi ilə 40-dan çox ticarət obyektinə sahib çıxıb. O həmçinin Belarusiyadan Azərbaycana kartof gətirir. Redaksiyamıza daxil olan informasiyaların ilginc yönü ondan ibarətdir ki, Rauf Hüseynov vəzifədən çıxarılandan sonra Qazaxdakı bütün obyektlərini dəyər-dəyməz qiymətə Elçin Carçıyevə satıb. Adıçəkilən biznesmen isə var-dövlətinə arxayın olaraq sadə qazaxlılara, alın təri ilə çörək pulu qazananlara göz verib işıq vermir: «Qazaxın bir çox kəndində sahibkarın təsərrüfatı var. Böyük Cəfərli kəndinin ərazisinə aid olan torpaq sahəsində biznesmen türkiyəli iş adamları birgə kartof biznesi qurub. Amma burda işləyən insanların şəraiti çox ağırdır. Onlar əməklərinin maddi qarşılığını ala bilmirlər. İş adamı işçilərin maaşını vaxtı-vaxtında vermir. Haqqını tələb edən işçiyə isə hədə-qorxu gələrək həbs etdirəcəyi ilə hədələyir. Yerli qurumlar bu şəxsin barəsində tədbir görməyə sanki ehtiyat edir. Biznesmenin pulunu balta kəsmir. Çox güman ki, puluna arxalanır. Elçin Carçıyevin yol verdiyi nöqsanlar nəticəsində neçə nəfərin haqqı tapdanıb. Amma aidiyyəti dövlət orqanları sahibkarı cəzalandırmır ki, cəzalandırmır». Apardığımız araşdırmalar nəticəsində öyrəndik ki, sözügedən iş adamı Qazax rayon «Sərnişin Daşıma» ATC-nin alınması zamanı da qanunsuzluğa yol verib. Belə ki, 5 nəfər səhmdar-Mustafayev İsmayıl, Mustafayev Valeh, Əsgərov Ayaz, İbrahimov İlham, Mustafayev Vahid çalışdıqları sərnişindaşıma nəqliyyat müəssisəsinin rəisi İsmayılov Hümbətov onlardan xəbərsiz olaraq müəssisəni Elçin Carçıyevə şəxsi mülki kimi satıb. Nəticədə səhmdarların mülkiyyət hüquqları pozulub: «Bu şəxs Qazaxı az qala özəl mülkünə çevirib. İş adamı ilə bağlı Qazax Rayon Məhkəməsinə olunan müraciətlərə baxılmır. O, məhkəmə də daxil olmaqla bəzi hüquq-mühafizə orqanlarını hansısa yollarla susdurur. Yerli sakinlər onun qanuna zidd hərəkətləri üzündən qan ağlayır. Rayonun ən varlı şəxsi odur. Vəziyyət o həddə çatıb ki, icra başçısı Ayaz Əsgərov da ona söz keçirə bilmir. Deyilənə görə, biznesmenin güvəndiyi yüksək rütbəli məmur var».

Qeyd edək ki, dövlət vətəndaşların və öz mənafeyinin yaxşılaşmasından ötrü sahibkarlığın inkişafına diqqət ayırır. Elçin Carçıyev kimi iş adamları isə yaradılan şəraitdən sui-istifadə edərək başqa-başqa işlər törədirlər. Fikrimizcə, belə hallar yolverilməzdir və Qazax Rayon İcra Hakimiyyətinin rəhbəri Ayaz Əsgərov biznesmenin törətdiyi əməllərin qarşısını dərhal almalıdır.

Qarşı tərəfin də cavab haqqını tanıyırıq.



Elvin Həkərili