BolgeXeber.Com » Bölgə » İcra başçısı Asif Ağayevin fəaliyyəti yerli camaatı qane etmir

İcra başçısı Asif Ağayevin fəaliyyəti yerli camaatı qane etmir

15-01-2014, 09:30
Oxunub: 2 872 Şamaxı məmur-oliqarxların arasında bölüşdürülüb

Rayonun təhsil və səhiyyə sistemi bərbad haldadır, mavi yanacaq, su və işığın verilməsində axsamalar baş verir, Pirqulu meşələri sürətlə məhv edilir

2013-cü ilin 15 fevralı Şamaxı rayonunun tarixinə və şamaxılıların yaddaşına əlamətdar gün kimi yazıldı. Belə ki, həmin tarixdə prezident İlham Əliyevin imzaladığı sərəncamla icra başçısı Asif Məmmədov tutduğu vəzifədən çıxarıldı. Ona görə bu hadisəni əlamətdar adlandırırıq ki, sabiq icra hakimi törətdiyi qanunsuz əməlləri ilə camaatı boğaza yığmışdı. Rayon sürətli şəkildə uçuruma gedirdi. Belə bir məqamda ölkə başçısı doğru addım ataraq icra hakimini dəyişdi. Asif Məmmədovun yerinə Asif Ağayev təyin olundu. Bildirək ki, adıçəkilən məmur 1961-ci ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olub.

1988-ci ildə V.V.Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutunu inşaatçı-mühəndis ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1979-cu ildə Sabirabad kolxozlararası tikinti idarəsində fəhlə kimi başlayıb. Sonralar "ŞelfLahiyəTikinti" İstehsalat Birliyinin 1 saylı Tikinti Quraşdırma İdarəsində usta, Azərbaycan Qaçqınlar Komitəsinin Sabirabad rayon 4 saylı SMD-də mühəndis, iş icraçısı, "ŞelfLahiyəTikinti" İstehsalat Birliyinin 1 saylı Tikinti Quraşdırma İdarəsində Plan, iqtisad və əmək haqqı şöbəsinin mühəndisi, "XəzərDənizNeftQazİnşaat" Tresti SMD-də iş icraçısı, sahə rəisi, ARDNŞ-in "Azəriqaz" İstehsalat Birliyində baş direktorun əsaslı tikinti üzrə müavini, ARDNŞ-nin Xəzər Dəniz Neft Donammasında ümumi məsələlər üzrə rəis müavini, vəzifəlrində çalışıb. Rayon sakinləri tərəfindən ona bəslənən ümidlər və gözləntilər böyük idi. Keçmiş başçı əhalini ağır şəraitə düçar etmişdi. Biz də şamaxılılar kimi Asif Ağayevin müsbət işlər görəcəyini, sələfinin nöqsanlarını aradan qaldıracağını düşünürdük. Sən demə, icra başçısı əvvəlkindən də betər imiş. Əldə etdiyimiz məlumatlara görə, başçı dəyişikliyi reallaşandan sonra Şamaxıda sosial problemlər azalmaq əvəzinə daha da artıb: «Əhalinin yaşayış səviyyəsi normal deyil. Şamaxıda problemlər bitib tükənmək bilmir. Rayonda qaz, işıq və su həmişəki kimi problemdir. Kəndlərin bir neçəsinə hələ də mavi yanacaq verilmir. Rayon mərkəzinə isə qazın verilişi fasilələrlə həyata keçirilir.

Əhali tərəfindən narazılıq edilsə də, müvafiq qurumların rəsmiləri tədbir görmürlər. Qış aylarında şamaxılılar ikiqat zülm çəkir. İstilik təminatı məqsədilə vətəndaşlar meşələrin canına düşüb odun toplayır. Bu da ən böyük yaşıllıq massivlərindən sayılan Pirqulu meşələrinin məhvinə gətirib çıxarır. Kənd sakinləri bura axın edərək ağacları qırıb yanacaq vasitəsi kimi istifadə edir. Hansı idarəyə şikayət ediriksə, xeyri yoxdur. İcra başçısı vətəndaşları qayğılandıran problemləri həll etmir. Qaz verilsə, meşələr də məhv olmazdı». Şamaxılıları narahat edən əsas məsələlərdən biri də rayonun təhsil və səhiyyə sistemində mövcud olan boşluqlardır. Məlumata görə, rayonda fəaliyyət göstərən bəzi orta məktəblərin adı yalnız kağız üzərində mövcuddur: «Təhsilin səviyyəsi çox aşağıdır. Rayon məktəblərində şagirdlərin dərsdən yayınma hallarının qarşısı almaq mümkün deyil.

Bəzi məktəblər boş qalıb, şagirdlərin dərsə davamiyyəti çox pisdir. Buna zəmin yaradan direktor və müəllimlərdir. Repetitor yanına gedən şagirdlər direktorlara yüngülvari hörmət edir. Şagirdlərin dərsə gəlməməsi ən çox müəllimlərə sərf edir. Çünki onlar da dərsdən yayınırlar. Şamaxının səhiyyə sistemi haqda da müsbət fikirlər bildirmək çətindir. Rayondakı tibb müəssisələrində savadlı həkim çatışmazlığı var. Şamaxı Mərkəzi Xəstəxanasında işləyən həkimlərin əksəriyyəti daşıdığı ada hörmət qoymur.

Vətəndaşlardan nəysə alınmamış xidmət göstərilmir. Həkimlər xəstələrə qazanc mənbəyi kimi baxırlar». Rayonun yolları da yaxşı vəziyyətdə deyil: «Şamaxının həm mərkəzi, həm də kəndarası yolları bərbad haldadır. Bir neçə kəndin yolu ümumiyyətlə danışılası deyil. Kənd yollarının müasir formada təmir olunması üçün dövlət büdcəsindən vəsait ayrılsa da, heç bir iş görülməyib. Şamaxı ayrı-ayrı məmur-oliqarxların arasında bölüşdürülüb. Bəzi nazirlərin burda heyvan sürüləri və otlaq sahələri var. Oliqarxlara xidmət edən şəxslər əla yaşayır, amma sadə camaat min bir zülmə qatlaşmalı olur. Bütün bunların səbəbkarı icra başçısı Asif Ağayevdir. Bir Asifin əlindən çıxıb başqa Asifin əlinə düşmüşük. Cənab prezidentdən xahiş edirik ki, şamaxılıları bu ağır vəziyyətdən xilas etsin».

Qarşı tərəfin də cavab haqqını tanıyırıq.



Elgün Sədalı