BolgeXeber.Com » Bölgə » Ağcabədidə fermerlər SSİ-nin müdirinin əlindən qan ağlayır

Ağcabədidə fermerlər SSİ-nin müdirinin əlindən qan ağlayır

17-01-2014, 06:10
Oxunub: 3 446 Suvarma Sistemləri İdarəisnin müdiri Əli Əliyevin su xəttinin çəkilişi və kanalların təmizlənməsi adı altında on minlərlə manat pulu mənimsədiyi iddia edilir

Ağcabədi Suvarma Sistemləri İdarəsində sözün həqiqi mənasında «boru yeyənlər» peyda olub. Daxil olan məlumatlara görə, idarənin müdiri Əli Əliyev bu işdə köhnə olduğundan, bütün yeyinti işlərini yaxşı bilir. Elə bu səbəbdən də Ağcabədidə fermerlər onun əlindən qan ağlayırlar.

Əldə olunan məlumatlarda vurğulanır ki, Əli Əliyev büdcədən ayrılmış yüz minlərlə manat vəsaitlə guya, yeni su boruları almalı olduğu halda, onları köhnələri ilə əvəzləyib. Belə ki, idarəyə təkcə ötən il verilmiş 150 min manatdan artıq vəsait müxtəlif adlar altında silinib.

Qeyd edək ki, Əhməd Əhmədzadənin rəhbəri olduğu Meliorasiya və Su Təsərrüfat ASC-nin tabeçiliyində olan Ağcabədi Suvarma Sistenmləri İdarəsi keçən il inventarların satın alınması üçün 8100 manat xərcləyib. Daha doğrusu, Əli Əliyev özünün şəxsi kabinetini bəzəmək üçün bu qədər büdcə pulunun axırına çıxıb. Əslində isə idarə müdiri "Mexaniki Təmir Servis Quraşdırma Müəssisəsi" MMC-nin əliylə həyata keçirilmiş proses zamanı heç bir inventar alınmayıb.

Əli Əliyevin ikinci əməliyyatı isə «Əsaslı təmir işləri üçün materialların satın alınması» adı altında həyata keçirilib. Yenə də "Mexaniki Təmir Servis Quraşdırma Müəssisəsi" MMC-nin əliylə reallaşdırılmış proses zamanı 21983 manatın aqibəti «həll» edilib.

İdarə müdirinin üçüncü ən böyük «uğurlu» əməliyyatı isə cari təmir işlərinin satın alınmasından ibarətdir. 110 min manat büdcə pulunu nəyə xərclədiyi məlum olmayan Əli Əliyevin verdiyi rəsmi açıqlamalarla real vəziyyət arasında isə ziddiyyət var. Məsələn, o deyir ki, ötən illərdə 1300 kilometr suvarma, 431 kilometr drenaj kanalı lildən təmizləndiyi, 700 hektar sahənin suvarılmasını təmin edən 7,6 kilometrlik Hindarx kanalı bərpa edilərək istifadəyə verilib. Rayon ərazisində 152 subartezian quyusu qazılıb. İçməli suya olan tələbatın ödənilməsi məqsədilə Yuxarı Qarabağ kanalından rayon mərkəzinə 7,2 kilometr məsafədən içməli su xətti çəkilib, 34 içməli su artezianı qazılıb əhalinin istifadəsinə verilib.

Bunlar kağız üzərində olan məsələlərdir. Reallıq isə ondan ibarətdir ki, Ağcabədidə fermerlər onun əlindən qan ağlayır. Əkin sahələrində məhsulları məhv olan sahibkarlarla Əli Əliyev arasında fikir ayrılığının səbəbi isə suya görə onlardan tələb olunan haqqın çox olmasıdır. Fermerlər deyirlər ki, idarə müdiri qanuni şəkildə onlardan su pulu alarsa, onlar da ucuz məhsul istehsal edərək, bazara çıxara bilərlər. Amma Əliyevi ucuz məhsul yox, qazancı düşündürdüyündən problem illərdir həllini tapmayıb. Və bundan sonra da tapacağı sual altındadır.

Bir başqa real vəziyyət isə su borularının çəkilməsi ilə bağlıdır. JAM.AZ-ın əldə etdiyi məlumata görə, Ağcabədidə su xəttinin çəkilişi zamanı istifadə olunmuş boruların yeni yox, köhnə olduğunu hamı bilir. Çünki həmin su boruları ildə ən azı bir neçə dəfə sıradan çıxır və Suvarma Sistemləri İdarəsinin əməkdaşları da onu təmir edirlər. Əgər borular həqiqətən yeni idisə, o zaman ildə bir neçə dəfə təmirə nə hacət vardı?

Kanalların lildən təmizlənməsinə gəldikdə isə bu barədə deyilənlərin də yalan olduğu vurğulanır. Verilən məlumatlarda qeyd olunur ki, Əli Əliyev sənədləşdirmədə hər şeyi «normal» göstərsə də, aşkarda durum kritikdir. Çünki kanalların təmizlənməsi adı altında da xeyli miqdarda büdcə pulları mənimsənilib.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com