BolgeXeber.Com » Bölgə » Şəki Şəhər Bələdiyyəsi sədrinin yığdığı pullar hara gedir?

Şəki Şəhər Bələdiyyəsi sədrinin yığdığı pullar hara gedir?

17-01-2014, 10:45
Oxunub: 5 870 Fikrət Cəfərov rayon icra başçısı tərəfindən ciddi şəkildə müdafiə olunur



O, müavinlərilə birgə büdcə vəsaitlərinin təyinatdan kənar xərclərə sərf olunmasına şərait yaradır



Şəki Şəhər Bələdiyyəsinin sədri rayon icra başçısı Elxan Usubov və digər vəzifə sahibləri tərəfindən himayə olunduğundan o, üzərinə düşən vəzifələri icra etmək əvəzinə tamam başqa işlərlə məşğul olur. Bu və digər önəmli məqamlarla bağlı əldə etdiyi bilgiləri redaksiyamızla paylaşan məlumatlı şəxsin sözlərinə görə, bələdiyyə sədri Fikrət Neymət oğlu Cəfərov müavinləri Gülnaz Mustafa qızı Salamova, Abduləli Lütvəli oğlu Axundov və Nazim Tacəddin oğlu Məmmədovla əlbir olaraq büdcə vəsaitlərinin təyinatdan kənar xərclərə sərf olunmasına şərait yaradır.

«Şəki Şəhər Bələdiyyəsinin sədrinin toxunulmazlığının əsas səbəblərindən biri də onun yuxarı dairələrdə bir sıra şəxslər, əsasən də rayon icra başçısı tərəfindən ciddi şəkildə müdafiə olunmasıdır» deyən məlumatlı şəxs iddia edir ki, artıq rayon camaatı ilə yanaşı, müvafiq qurumlar belə, Fikrət Cəfərovun öhdəsindən gələ, onu bir sıra qanundankənar əməllərdən çəkindirə bilmirlər: «Artıq çoxlarına məlumdur ki, son illər Şəki Şəhər Bələdiyyəsi tərəfindən külli miqdarda maliyyə israfçılığına yol verilib, vətəndaşlardan bir xeyli pul alınması hesabına ayrı-ayrı şəxslərə qanunsuz torpaq sahələri satılıb. Bir sözlə, Fikrət Cəfərov müxtəlif vəzifələrdə çalışan dost-tanışları, yaxın adamları və qohumları sayəsində, eləcə də bir sıra nüfuzlu şəxslərin adından istifadə etməklə gəlirlərini artırmaqla, büdcə vəsaitlərini təyinatdankənar xərclərə yönəltməklə məşğuldur». Şəki Şəhər Bələdiyyəsinin sədri Fikrət Cəfərovun yaxın adamlarını da müxtəlif vəzifələrə təyin etməyə müvəffəq olduğunu bildirən məlumatlı şəxsin sözlərinə görə, bələdiyyə sədrinin Bakının və Şəkinin sayılıb-seçilən yerlərində bir neçə mənzili, bağ evi, iri biznes obyektləri var: «Qayabaşı bələdiyyəsi, eləcə də Bolludərə, Çeşməli, Cəyirli, Suçma, Baş Zəyzid, Aşağı Göynük, Böyük Dəhnə və Oxud bələdiyyə sədrləri məhz Fikrət Cəfərova yaxın şəxslərdir. O, adamlarını qeyd olunan vəzifələrə gətirmək üçün əlaqələrindən istifadə edib və sonda planlarını reallaşdırmağa müvəffəq olub».

Şəki Şəhər Bələdiyyəsinin fiziki şəxslərdən torpaq və əmlak vergisi, fiziki və hüquqi şəxslərdən icarə haqqı, küçə (divar) reklamının yerləşdirilməsi və yayımı üçün ödənişlər, avtodayanacaq ödənişləri, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisini yığmaqla məşğul olduğunu vurğulayan məlumatlı şəxs iddia edir ki, bu gün Fikrət Cəfərovun rəhbərlik etdiyi qurumda böyük yetinti, mənimsəmə halları mövcuddur: «Belə ki, bələdiyyə tərəfindən toplanılan vergilərin heç də hamısı büdcəyə keçirilmir, bir sıra yollarla özününküləşdirilir. Yəni bələdiyyə sədri və onun yaxın ətrafı analoqu olmayan əməllərə baş vurur, Şəki şəhərində əldə olunmuş bir sıra uğurlara kölgə salmaqla məşğuldur. Yəqin ki, aidiyyəti qurumlar tezliklə Fikrət Cəfərovun Şəki Şəhər Bələdiyyəsini şəxsi mülkiyyəti, biznes obyekti kimi idarə etməsinə aydınlıq gətirəcək, bununla bağlı müvafiq araşdırma aparacaqlar».

Ötən gün məsələ ilə bağlı Şəki Şəhər Bələdiyyəsinin (02424) 4-00-51 nömrəsinə zəng vurub, münasibət öyrənməyə çalışsaq da, heç cür alınmadı. Odur ki, qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

P.S. «Gündəlik Bakı»nın yazılarından istifadə edərkən istinad etməyənlər ləyaqətsizdir.