Bolgə tv xəbər verir ki, Tərtərdə 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə N saylı hərbi hissədə tədbir keçirilib
Rayon ərazisində yerləşən N saylı hərbi hissədə “Konstitusiya və Suverenlik Ili” çərçivəsində 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayon Polis Şöbəsinin rəisi Elçin Qasımov, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Tərtər Rayon Şöbəsinin rəisi Rəşad Nadirov, YAP rayon təşkilatının sədri Eldar Əsədov və N saylı hərbi hissənin şəxsi heyyəti iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan olunub. O, əsgər və zabitləri 26 iyun-Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Azərbaycanda ordu quruculuğu prosesindən, Ümummilli lider Heydər Əliyevin ordu quruculuğunda xidmətlərindən bəhs edib. Bildirib ki, müasir Azərbaycan Ordusunun müəllifi Ümummilli Lider Heydər Əliyevdir.
Rayon rəhbəri qeyd edib ki, Ulu Öndərin ordu quruculuğu istiqamətində açdığı yol Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Silahlı Qüvvələrimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub.
Prezidentimizin ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, bu gün Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji durumu yüksək səviyyədədir. Bunun nəticəsində ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əks-hücum əməliyyatları ilə başlanan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu düşmən işğalı altında olan torpaqlarımızı işğaldan azad edərək tarixi ədaləti bərpa edib.
Tədbirdə rayon Polis Şöbəsinin rəisi Elçin Qasımov və N saylı hərbi hissənin komandiri, polkovnik leytenant Azad Cəfərov çıxış edərək Silahlı Qüvvələr Günü münasibətilə şəxsi heyyəti təbrik edib, bildiriblər ki bu gün güclü Azərbaycan Ordusu istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadirdir, şəxsi heyətin döyüş ruhu yüksəkdir. Ordumuz ən müasir silah və sursatlarla, zirehli texnikalarla, zenit-raket qurğuları, hərbi hava qüvvələri və s. vasitələrlə təchiz olunub. Bütün bunlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının təzahürüdür.