BolgeXeber.Com » Bölgə » Şamaxının icra başçısı Şəhidlər Xiyabanını satıb? (Foto)

Şamaxının icra başçısı Şəhidlər Xiyabanını satıb? (Foto)

21-01-2014, 06:30
Oxunub: 3 078 Asif Ağayev viran gündə olan xiyabanın ərazisini Gilan Holdinqə verib, orada hotel tikiləcək

Şamaxıdakı Şəhidlər Xiyabanının durumu dəhşətlidir. Bununla bağlı sosial şəbəkələrdə yayılmış fotoşəkildən də aydın görünür ki, torpaqlarımız uğrunda döyüşlərdə həlak olmuş insanlarımıza qarşı rayon rəhbərliyi böyük bir hörmətsizlik və sayğısızlıq nümayiş etdirib.

Jam.az sosial şəbəkələrdə yayılmış məlumatlara istinadən xəbər verir ki, Şamaxıda Şəhidlər Xiyabanını ziyarət etmək xeyli çətindir. Çünki uzun illər bundan əvvəl yerinə döşənmiş daşlar artıq sıradan çıxıb. Viran günə salınmış xiyabana gəlmək də, orada hərəkət etmək də olduqca çətindir. Rayonun icra başçısı Asif Ağayevə bununla bağlı dəfələrlə edilən müraciətlərə isə məhəl qoyulmayıb. Hətta dövlət büdcəsindən xiyabanın təmir və bərpası üçün pul ayrılmasına da imkan verilmir.

Rayon sakinləri isə bildirirlər ki, Asif Ağayevin belə bir siyasət yürütməsi heç də səbəbsiz deyil. Belə ki, o, Şəhidlər Xiyabanının ərazisində hotel tikilməsinə hələ bir müddət əvvəl rəsmi razılıq verib. Asif Ağayevin bununla bağlı imzaladığı sərəncamda isə vurğulanır ki, müvafiq ərazi Gilan Holdinq şirkətinə verilib. Sözügedən holdinq isə həmin ərazidə hotel və bilyard salonu inşa etmək fikrindədir. Üstəlik, Şəhidlər Xiyabanının hara köçürüləcəyi də məlum deyil.

Sanki Şamaxıda boş ərazi yoxmuş kimi, Şəhidlər Xiyabanının ərazisinin tikintiyə buraxılması isə həmin yerin daha gözəgəlimli olması ilə bağlıdır. Belə bir işə qol qoymaq isə sözün həqiqi mənasında ayıb və utancverici işdir. Şamaxıda nə bol ərazi, nə bol torpaq sahəsi. Ən azından şəhidlərə hörmət əlaməti olaraq, bu barədə danışıqldığı təqdirdə rədd cavabı verilməliydi. Lakin görünən odur ki, Şamaxının icra başçısı üçün mənsəb və pul daha önəmlidir, nəinki torpaq uğrunda ölmək.