BolgeXeber.Com » Bölgə » Şirvanda narkotiklərlə mübarizə yox səviyyəsindədir?

Şirvanda narkotiklərlə mübarizə yox səviyyəsindədir?

24-01-2014, 08:50
Oxunub: 5 995 Daxili İşlər Nazirliyi artıq Xəqani Rəfiyevin bir sıra əməllərindən məlumatlıdır

Narkotiklərlə Mübarizə Şöbəsinin rəisi ciddi şəkildə cəzalandırıla bilər .Son günlər Şirvan Şəhər Polis Şöbəsilə bağlı redaksiyamıza müxtəlif səpkili informasiyalar daxil olmaqdadır. Bildirilir ki, ötən ilin əvvəllərində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsindən sərəncama götürülən Şahin Mirzəyev Şirvan Şəhər Polis Şöbəsinə rəis təyin edildikdən sonra çoxları belə güman edirdi ki, artıq şəhərdə hökm sürən narkomaniya və digər ağır cinayətlərə qarşı sərt addımlar atılacaq. Lakin Şahin Mirzəyevin təyinatının üzərindən bir ilə yaxın vaxtın keçməsinə baxmayaraq, hələ də gözləntilər özünü doğrultmayıb.

Belə ki, hələ də Şirvan şəhər sakinləri arasında müxtəlif növ narkotik vasitələrdən istifadə edənlər var. Təəssüflər olsun ki, polis əməkdaşları bəzi məqamlarda onların əməllərinə göz yumurlar. Maraqlıdır, görəsən niyə? Nə üçün Şirvan polisi «ağ ölüm»lə mübarizədə passivlik nümayiş etdirir?.. Şirvan Şəhər Polis Şöbəsinin birbaşa vəzifə borcudur ki, şəhərdə narkotiklərin qanunsuz dövriyyəsilə məşğul olan kriminal mühitlə mübarizə aparsın və onların neytrallaşdırılması istiqamətində bütün gücünü səfərbər etsin. Lakin nədənsə Şahin Mirzəyev və onun tabeçiliyində olan şəxslər, əsasən də Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin rəisi Xəqani Rəfiyev bu məsələyə laqeyd münasibət sərgiləyirlər. Halbuki son zamanlar Şirvan şəhərində narkotik istifadəçilərinin sayı bir xeyli artıb.

Əldə etdiyimiz bilgilərdə qeyd olunur ki, Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin rəisi Xəqani Rəfiyev vəzifəsini layiqincə icra etməsə də, son zamanlar yeni «kreslo»ya sahiblənməkdən ötrü qızğın savaşa başlayıb. Belə ki, bu barədə məlumat verən mənbənin sözlərinə görə, o, Şirvan Şəhər Polis Şöbəsinin rəis müavini vəzifəsinə iddialı olduğunu bəyan edib: «Xəqani Rəfiyev artıq məqsədini reallaşdırmaqdan ötrü bəzi kanalları da işə salıb. Ola bilsin ki, o, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun köməyindən də yararlansın.

Çünki onların yaxın münasibətdə olduqları barədə söyləntilər dolaşmaqdadır. Lakin onun bu arzusu baş tutmaya bilər. Çünki Xəqani Rəfiyev bu gün Şirvanda narkotiklərin qanunsuz dövriyyəsilə məşğul olan şəxslərə qarşı lazımınca mübarizə apara bilmir. Yəni şəhərdə narkotiklərlə mübarizə az qala yox səviyyəsindədir. Əgər belə olmasaydı, o zaman piştaxta arxasında, orta məktəb, uşaq bağçalarının və bu qəbildən olan digər məkanlarda açıq-aşkar şəkildə narkotik maddələrin satışına göz yumulmazdı». Bir sözlə, bu gün Şirvanda vəziyyət o həddə çatıb ki, artıq şəhərdə qorxusuz-hürküsüz narkotika satanlara qarşı yetərincə mübarizə aparılmır. Hətta bəzi hallarda həmin narkotacirlərə himayədarlıq edənlər də tapılır. Bununla bağlı əldə etdiyi bilgiləri bizimlə paylaşan məlumatlı şəxs iddia edir ki, artıq Daxili İşlər Nazirliyi də Şirvanda olub-bitənlərdən məlumatlıdır: «Bildiyiniz kimi, bu günlərdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən Şirvan şəhərində keçirilən xüsusi əməliyyat nəticəsində narkotik maddələrin satışı ilə məşğul olan şəxs yaxalanıb. Məlum olub ki, Şirvan şəhər sakini, 36 yaşlı Rahim Qarayev şəxsi ərzaq mağazasında narkotik maddə satırmış. Araşdırmalarla müəyyən edilib ki, Rahim Qarayev özünə məxsus mağazada ərzaq və digər məhsullarla yanaşı, xeyli müddətdir ki, marixuana da satırmış. O, hər bükümə görə müştərilərdən 10-20 manat alıb.

Onu da nəzərinizə çatdırım ki, narkotik maddə satılan mağaza Şirvan şəhər 10 saylı orta məktəbin cəmi 20 metrliyində yerləşir. Lakin buna baxmayaraq, Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin rəisi Xəqani Rəfiyev indiyədək həmin mağaza və onun sahibilə bağlı heç bir tədbir görməyib. Axı necə ola bilir ki, Bakıdan gələn əməliyyatçılar - Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Rahim Qarayevin əməllərindən xəbərdardır, lakin Xəqani Rəfiyev Şirvanda ola-ola heç nə bilməyib, eşitməyib? Sizcə kim buna inanar?.. Bu arada, qeyd edim ki, artıq Daxili İşlər Nazirliyi Şirvanda olub-bitənlərdən, Xəqani Rəfiyevin bir sıra əməllərindən məlumatlıdır. Odur ki, yaxın vaxtlarda Şirvan Şəhər Polis Şöbəsində xidməti yoxlama aparıla bilər. Böyük ehtimalla, bu zaman şöbənin bir qrup əməkdaşı, əsasən də Xəqani Rəfiyev ciddi şəkildə cəzalandırıla bilər».

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.

«Gündəlik Bakı»