BolgeXeber.Com » Bölgə » Məmurların viran qoyduğu Xızı

Məmurların viran qoyduğu Xızı

27-01-2014, 05:55
Oxunub: 5 339 Əməkdaşımız qarlı-çovğunlu dağ rayonunda eşidib-gördüklərini qələmə alıb...
Məşhur nəğmənin sözlərini bu günə müqayisə etsək, “məni heyran etdi Xızı dağları” yox, “problemləri” alınar. Həftəsonu Xızı bizi qarlı-çovğunlu hava şəraiti, buz bağlamış yolları, susuz şəraiti ilə qarşıladı.
Kəndlilər su xətlərinin donmasına görə bulaq başına gedib, su səhənglərini doldurub, içməli su daşıyırdılar. Bu, Xızıda qarşılaşdığımız ilk problemli mənzərə idi. Kəndlilərin dediyinə görə, adi vaxtlarda içməli su çətinliyi olmasa da, qarlı hava davam elədiyi günlərdə bulaq başına gedirlər.

“Xızıda su problemi həmişə olur. Yaxşı ki, bulaqda su gəlir. Bu yerin camaatı təbiətin hesabına yaşayır. İcra başçısı Xəzər Aslanovun ümidinə qalsaq, batıb gedərik. Yardımlıdan Xızıya rəhbər gəldiyi vaxtdan hələ bir müsbət işi ilə yadda qalmayıb. Hələ 2012-ci ildə Xızının su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün təməlqoyma mərasimi keçirildi. Yadımdadır ki, ”Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov, Yaponiyanın Azərbaycandakı səfiri və rayonun icra başçısı gəlmişdilər. Belə məlum oldu ki, Xızı bu il, yəni 2014-cü ildə içməli su ilə tam təmin olunacaq" deyə,yerli sakin Vahid Səmədov bizimlə söhbətində şikayətlənir.

Onun sözlərinə görə, artıq 2 il vaxt keçib və içməli su təchizatı məsələsi köklü həllini tapmayıb: “İndi də qar yağır, xətlər donub, içməli suyu gedib bulaq başından götürürük. Belə baxanda bulaq suyu təmizdir, safdır. Amma onun əziyyəti də var. Gözləyirik, bəlkə ilin axırında tam həll olunar”.

Xızı camaatı səhiyyədən də narazıdır. Hələ 2011-ci ildə prezidentin açılışını etdiyi Xızı Diaqnostika Mərkəzi indiyədək fəaliyyət göstərmir. Bu haqda “Yeni Müsavat” olaraq məsələni ictimailəşdirsək də, yerli vətəndaşlar prezidentin açılışını etdiyi diaqnostikadan hələ də istifadə edə bilmirlər.

Hazırda köhnə xəstəxanaya üz tutan xızılılar oradakı şəraitdən şikayətlənirlər. Deyirlər ki, tibbi avadanlıq bərbad vəziyyətdədir, köhnə aparatlardan istifadə olunur, palatalarda şəraitsizlik hökm sürür. Bir sözlə, səhiyyə ocağına xəstə girən, elə xəstə də çıxır.
Yerli sakin Mahir Əvəzov danışır ki, prezidentin açdığı səhiyyə müəssisəsinin niyə bağlı olması sirr olaraq qalır: “Köhnə xəstəxana kəndlərdən çox uzaqdadır. Camaat sevinmişdi ki, diaqnostika açılıb, bir xeyri dəyəcək. O da belə. Bəlkə də görüntü xətrinə yalandan qapılarını açıb qoyublar. Amma diaqnostika işləmir”.
İnsafən qeyd etməliyik ki, qaz və işıq sarıdan fasilələr yaranmır. İnsanlar kommunal problemlərdən şikayət etmədilər. Amma yolların bərbad vəziyyətdə olmasını dilə gətirdilər. O baxımdan təcili tibbi yardım maşınları və avtobuslar kəndlərə getmirlər.
Təhsil, səhiyyə, yol və infrastruktur problemlərindən gileylənən xızılılar qeyd etdilər ki, mədəni abidələrin qorunmasında da biganəlik var. Xızıda qədim hamamlar, kitabxana və başqa tarixi abidələr baxımsız qalıb. Həmçinin, torpaqların məmurlara satılması, yaşıllıqların qırılması Xızı camaatını narahat edir.

“Bu dəqiqə Altıağac qoruğunu məhv edirlər. Keçən il Zeynəb Xanlarova Milli Məclisdə çıxış elədi, haraya çağırdı, prezidentə üz tutdu. Dedi, ay bala, Xızı xızılıların əlindən çıxıb e. Gəlin görün qoruğu neyləyiblər.

Bu parkda boş yer qalmayıb, torpaqları məmurlar zəbt edib. Gedin, əgər içəri buraxsalar görərsiz ki, nə qədər villalar tikiblər. Hamısı da Xəzər Aslanovun imzası ilə həyata keçirilir. Başçı sərəncam verir, həm pul qazanır, həm də məmurlara torpaqları paylayır“ deyən Xızı camaatının şikayətinin leytmotivi belə oldu.

Sakinlər bildirirlər ki, Altıağacda torpağın sotu 8-10 min manatdır. Başqa yerlərdə isə torpağın sotu 1500-3000 manat arası dəyişir. Rayon rəhbəri hektarlarla sahəni satıb, qoruğun ətrafı istirahət mərkəzlərinə çevrilib. Bundan əlavə, məcburi köçkünləri yaşadıqları yerdən (keçmiş Maşın Traktor Stansiyasının yanı) köçürüb, Cəfər Cabbarlının heykəlinin qarşısında tikilməkdə olan evlərə yerləşdirəcəklər. Plana salınan yerdə isə park salınacağı deyilir.

Qarlı-çovğunlu hava şəraiti və bazar günü olduğuna görə Xızını əhatəli gəzib-dolaşmaq, repressiya qurbanı nakam şair Mikayıl Müşfiqin ev muzeyinə, o cümlədən yazıçı Cəfər Cabbarlının ev muzeyinə baş çəkmək imkanı olmadı. Amma bu haqda bizə danışan Ayna Abdullayeva bildirdi ki, o, 1981-ci ildən Xızıda yaşayır:

“Biz Cəfər Cabbarlı ilə qonşuyuq. Onun ev muzeyi bizə yaxındır. Xızı iki böyük şəxsiyyət verib Azərbaycana. Müşfiq və Cəfər. Müşfiqin muzeyində ona aid 155 ədəd şəkil, rəssamlar tərəfindən çəkilmiş portret saxlanır.

Güllələndiyi Nargin adasında rəmzi gilizin içərisində saxlanılan bir ovuc torpaq və şairə məxsus sənədlər qorunub saxlanılır".

Muzeydə qorunan sənədlər arasında şairin ölüm hökmünün surəti də var. Müşfiqin əkdiyi ağac mühafizə olunur. Ayna xanım dedi ki, C.Cabbarlının isə ev muzeyi 30 kvadratmetrdən ibarətdir: “Burada yazıçının anası Şahbikə xanımın istifadə etdiyi sini qablar, toxuma alətləri və özünün toxuduğu işləmələr yer alıb. Yazıçının dostları - Rza Təhmasib, Mustafa Mərdanov və başqaları ilə şəkilləri nümayiş etdirilir”.