BolgeXeber.Com » Şou-Biznes » Faiq Ağayev izləndiyini deyir

Faiq Ağayev izləndiyini deyir

5-10-2010, 04:45
Oxunub: 6 782

Xalq artisti bi ay izlədildiyini, ona sui-qəsdin təşkil olunduğunu bildirib


"Mənə ən azı iki bıçaq yarasını qadın vurub".

Bunu bu gün keçirdiyi mətbuat konfransında xalq artisti Faiq Ağayev bildirib. Sentyabrın 27-də Bakının Nəsimi rayonunda 6 bıçaq yarası alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilən müğənni qeyd edib ki, o, bunu istintaq zamanı sübut edəcək.

F. Ağayev qeyd edib ki, faktla bağlı həbs edilən Rüfət Məlikovun baş verənləri öz üzərinə götürməkdə məqsədi qeyri-qanuni yaşadığı Natavan Şərifovanın cinayət məsuliyyətinə cəlb edilməsinə mane olmaq, həmçinin cinayət hadisəsinin qrup halında törədilməsini inkar etməkdir.

Faiq Ağayev jurnalistlərə həmçinin bildirib ki, ona qarşı törədilən bu hadisə şifarişli olub.

Xalq artisti Faiq Ağayev Kliniki Tibbi Mərkəzdə keçirdiyi mətbuat konfransında kövrəldi. Onu ziyarətə gələn bir ana ilə oğulun onun üçün diz çöküb Allaha şükür etməsini danışdıqda, göz yaşlarını zorla saxlayıb. "Mənimlə görüşmək istəyini təkidlə həyata keçirən həmin qadın palataya daxil olan kimi qarşımda diz çökdü, əllərimdən öpüb, sonra əllərini göyə qaldırıb mənim sağ qalmağım üçün Allaha şükür etdi. İnanın mənə, həmin səhnəni hər dəfə xatırladıqda, çox təsirlənirəm. Oğlunun və özünün məni çox sevdiyi söyləyən o ana və onun kimi məni sevənlərimin duaları mənə güc verdi, ayağa qaldırdı. Xəstəxananın qarşısına toplaşan həmkarlarım, hətta mənimlə kəskin münaqişədə olduğu halda mənə baş çəkməyə gələn həmkarlarıma təşəkkür edirəm! Xəstəxananın bütün heyətinə, baş həkiminə, məni əməliyyat edən və palata həkimimə, hüquq-mühafizə orqanlarının işçilərinə, ANS-ə və digər telekanallara, hətta məni narkoman çıxaran mətbu orqanların işçilərinə də çox sağ ol deyirəm", - deyə o vurğulayıb.

Xalq artisti jurnalistlərlə görüşündə Rüfət Məlikovun anasının "Faiq Kubinkaya narkotik almağa gəlirdi" açıqlamasına da münasibət bildirdi: "Bir həftədir xəstəxanadayam. Müalicəmlə bağlı dəfələrlə məndən qan analizi götürülüb. Soruşun görüm mənim qanımda azacıq da olsa belə narkotik aşkar olunubmu? Ola da bilməz! Mən "Slims" siqaretindən başqa heç nə çəkmirəm. Toyda, bayramda, şənlikdə hərdən az miqdarda alkoqol qəbul edirəm, vəssalam. Bütün bu ittihamlar əsassızdır. Sadəcə olaraq məni ləkələyib, cinayətkar oğluna haqq qazandırmaq üçündür. O qadın deyir ki, "Faiqi mən xalq artisti etmişəm". Mən isə deyirəm xeyr, sənin bu sözləri deməyə ixtiyarın yoxdur. Çünki sən Rüfət kimi cinayətkar yetişdirmisən!"

Faiq Ağayev ona qarşı törədilən cinayətdə Natavan Şərifovanın əsas rollardan birini oynadığını da bildirdi: "Maşınımızın qarşısı kəsildiyindən biz maşından düşüb nə baş verdiyini öyrənmək istədikdə, məndən dəfələrlə cüssəli Natavan adlanan o qadın, bir əlində iki ağzı bağlı pivə şüşəsi, bir əlində də açıq pivə üstümə hücum çəkdi. Və açıq pivəni mənim üzümə tökdü. Təbii ki, bu an mən özümü müdafiə etmək üçün əlimi qabağa uzatdım və onu özümdən kənarlaşdırmaq istədim. Natavan bu an məni yerə yıxıb zərbələr endirdi. Rüfətlə yoldaşı bıçaqla Azər və Raminin qarşısını kəsdiyindən onlar məni Natavanın əlindən ala bilməyiblər. Mənə deyirlər ki, Faiq Ağayev qadın xeylağına əl qaldırıb. Birincisi mən yox, o mənə ciddi xəsarətlər yetirib. İkincisi də qadın xeylağı əlində pivə şüşəsi, iki yad kişi ilə səhərə yaxın küçədə nə gəzir?"

Hadisənin təsadüfən baş verməsinə inanmadığını deyən xalq artisti bunun əvvəlcədən düşünülmüş və planlaşdırılmış bir cinayət olduğunu bildirdi: "Onların məqsədi konkter olaraq məni öldürmək idi. Belə olmasaydı, o 6 bıçağı mənə yox, mənim cangüdənimə və dostum Raminə vurardılar. Baxmayaraq ki, onlar məndən canlıdır, onlara 1-2 bıçaq zərbəsi ilə xəsarət yetiriblər. Bundan da hər şey gün kimi aydındır. Məni öldürməyi kimsə onlara sifariş verib".

F.Ağayev qeyd etdi ki, sifarişçinin kimliyi haqqında heç bir fərziyyəsi yoxdur: "Amma bir faktı açıqlamaq istəyirəm ki, həmin o Rüfət Məlikovun qardaşı, dilin qüsurlu olduğundan, şəhərdə hamının "şesəsən" deyə çağırdığı Bəhruz, düz bir ay sərasər məni izləyib. Son bir ay ərzində hansı məkana gedirdim, onunla qarşılaşırdım. Halbuki sonuncu dəfə onu bəlkə də yarım il əvvəl görmüşdüm"


Xalq artisti daha bir nüansa aydınlıq gətirdi: "O üç nəfərin mənə təcavüz etdiyi küçədə yol elə də dar deyildi. O yoldan daha bir maşın asanlıqla keçə bilər. Sadəcə onlar bizi durdurmaq üçün yol vermədilər. Deyirlər ki, Faiq Ağayev bizi söyüb. Qətiyyən belə şey olmayıb. Olubsa da, şüşələri bağlı olan maşının içindən mənim söydüyümü necə eşidiblər?"

Hadisənin ən kiçik məqamlarına belə aydınlıq gətirən Faiq Ağayev ortaya qoyduğu faktlarla qarşı tərəfin onlara qəsdən sataşdığını və məqsədli şəkildə yollarını kəsdiyini sübut etdi. Sonda da ona xəsarət yetirən 3 nəfəri bağışlamayacağını, nə də qarğışlamayacağını söylədi: "Mən onları Allaha tapşırıram!"