BolgeXeber.Com » Sosial » Binəqədi polisi Qarabağ əlilini intihara sövq edir

Binəqədi polisi Qarabağ əlilini intihara sövq edir

5-02-2014, 10:05
Oxunub: 5 337 "Məni məcbur etməsinlər ki, hansısa rüşvətxor polis əməkdaşına görə həyatıma qəsd edim, düşmənləri ölkəmizə güldürüm"

I qrup Qarabağ əlili Azər Əliyev AzNews.az-a müraciət edərək, Bakıda yol polisi əməkdaşı tərəfindən sənədlərinin götürüldüyünü və indiyə qədər geri qaytarılmadığını bildirib.

Qarabağ əlilinin sözlərinə görə, yanvarın 29-dan 30-na keçən gecə, saat 01:45 radələrində ağır vəziyyətdə xəstəxanaya çatdırılan qohumlarımın yanından qayıdıb:

“Bu zaman Binəqədi rayonunun 8-ci mikrorayon ərazisində heç bir qayda pozuntusuna yol vermədiyi halda döş nişanı 0556, idarə etdiyi xidməti avtomobilin ekipaj nömrəsi 386 olan və özünü Teymur kimi təqdim edən DYP əməkdaşı tərəfindən saxlanıldım. DYP əməkdaşı məndən 100 manat rüşvət tələb edən və tələb olunan pulu vermədiyim üçün sənədlərimi alıb gedən məlum şəxslə bağlı əlaqədar qurumlara müraciət etsəm də, hələ də müraciətimə cavab verən yoxdur.

Avtomobilimə məxsus sənədlər də Teymur adlı şəxsdədir. Bu gün də həmin sənədlərdən heç bir xəbər yoxdur. Teymur adlı şəxsin həqiqi kimliyinin müəyyənləşməsi isə problemə çevrilib. Polis əməkdaşının döş nişanı bəllidir və bunun əsasında həmin şəxsin kimliyini dərhal müəyyənləşdirmək olar. Lakin əlaqədar qurumların fəaliyyətsizliyi göstərir ki, kimsə bu ədalətsizliyi aradan qaldırmaq istəmir”.

Media vasitəsi ilə bütün əlaqədar orqanları xəbərdar edən Qarabağ əlili ona qarşı haqsızlığa son qoyulmasını tələb edir:

“Mənə qarşı, sağlamlığını vətənin azadlığı və toxunulmazlığına qurban verən Qarabağ əlilinə qarşı bu haqsızlıq aradan qaldırılmasa, o zaman məcburiyyət qarşısında daha ciddi addımlara əl atacağam. Məni məcbur etməsinlər ki, hansısa rüşvətxor polis əməkdaşına görə həyatıma qəsd edim, düşmənləri ölkəmizə güldürüm.

Mən vətən qarşısında borcunu yerinə yetirən bir döyüşçü olaraq əlaqədar qurumlardan xahiş yox, tələb edirəm. Məndən rüşvət tələb edən, sənədlərimi oğurlayan həmin polis əməkdaşını tapın və məsuliyyətə cəlb edin. Bunu tələb etmək mənim haqqımdır və mən öz haqqımdan imtina etmək niyyətində deyiləm”.