BolgeXeber.Com » Sosial » Müəllimlərin maaşı niyə qaldırılmır?

Müəllimlərin maaşı niyə qaldırılmır?

9-04-2014, 10:40
Oxunub: 5 623 150-200 manata çalışan müəllim necə yaşamalıdır, necə çalışmalıdır

Milli Məclisin elm və təhsil komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin keçmiş rektoru Şəmsəddin Hacıyev müsahibəsində müəllimlərin əmək haqlarının artırılması ilə bağlı mövcud təkliflərə münasibət bildirib: “Hesab edirəm ki, bir qədər gözləmək lazımdır. Bu, tədricən edilməlidir. Müəllimlərin əməkhaqqını çox qaldırmaq inflyasiya yaradar”.

Millət vəkilinin bu suala verdiyi qəribə cavaba münasibət bildirən iqtisadıçı ekspert Qadir İbrahimli deputatın fikrinin tamamilə yanlış olduğunu deyib: “Şəmsəddin Haclyevin müəllimlərin əmək haqqının artırılması ilə bağlı söylədiyi fikir çox yanlışdır. Müəllimlərin maaşının artırılmasının guya inflyasiya riski yaratması, heç də doğru deyil. Sadəcə olaraq, büdcə xərclərinə bir az qənaət etmək lazımdır. Bunun üçün dövriyyəyə əlavə pul sərf etməyə ehtiyac yoxdur. Tutaq ki, dövlət məsələn, xidməti maşınların, bahalı mebellərin alınmasına ayrılan vəsaitə qənaət etməklə və yaxud da investisiya xərclərini bir qədər azaltmaqla, müəllimlərin maaşını normal bir həddə qədər artıra bilər. Bu da heç bir inflyasiya riski yaratmaz. Məsələnin ikinci tərəfi də odur ki, əgər hökumət həqiqətən də inflyasiya riski haqqında düşünürsə, onda investisiya xərclərini niyə azaltmır? Təxminən 7 milyardlıq investisiya xərcləri daha çox inflyasiya riski yaradır, nəinki müəllimlərin əmək haqqının 40-50 manat artırılması... Bu baxımdan, onun dedikləri çox ziyanlı fikirdir. Hökumət sadəcə olaraq, müəllimlərin maaşını artırmaq istəmir. Və istəmədiyinə görə də müəyyən bəhanələr gətirir. Hətta inflyasiya riski yaratsa belə, bu, o demək deyil ki, müəllimlərin maaşı artırılmamalıdır. Bütün dünyada iqtisadi inkişaf varsa, inflyasiya riskləri də var. İnflyasiya risklərinin də idarə olunması, onun minimuma endirilməsi dövlətin funksiyalarına daxil olan bir məsələdir. Dövlət öz funksiyalarını axıra qədər yerinə yetirib, müəllimlərin maaşını qaldırmaq haqqında fikirləşsə, daha yaxşı olar. Bunun üçün kifayət qədər maliyyə mənbələri var. Bayaq qeyd etdiyim kimi, dövlət nazirliklərə, komitələrə ayrılan mebel xərclərini, bahalı xidməti maşınların alınmasını məhdudlaşdırmaq, inzibati xərclərə qənaət etmək yolu ilə indiki büdcə xərcləri daxilində müəllimlərin əmək haqqının artıra bilər və artırmalıdır da... Bütün bunlar sadəcə olaraq, bəhanədir ”.

Millət vəkilinin bu fikirlərinə “Azad Müəllimlər Birliyinin” sədri, təhsil eksperti Məlahət Mürşüdlü də öz münasibətini bildirdi. Xanım ekspert də millət vəkilinin mövqeyinin yanlış olduğunu, müəllimlərin əməyinin qiymətləndirilməsi üçün yeni mexanizmlərin düşünülməsinin vacib olduğunu vurğuladı: “Mən Şəmsəddin Hacıyevin bu fikri ilə razı deyiləm. Müəllimin əməyinin qiymətləndirilməsində yeni, başqa bir mexanizm düşünülməlidir. Əmək haqqının artırılması yeni mexanizmlə müəyyənləşdirilməlidir. Bunu hökumət etməlidir. Bilirsiniz, bu mövzunu zaman-zaman gündəmə gətirirlər. Amma vəziyyətdən çıxış yolu kimi düşünməlidirlər ki, necə etsinlər, bu inflyasiyaya təsir etməsin. Buyursunlar, müəllim əməyinin qiymətləndirilməsi və ona müvafiq əmək haqqının verilməsi üçün yeni mexanizmlər axtarsınlar. Bax, bu addımı atmaq lazımdır. Təəssüflər olsun ki, hər kəs inflyasiya deyib durur, yeni yollar, vasitələr axtarmır. 150-200 manata çalışan müəllim necə yaşamalıdır, necə çalışmalıdır. O, belə vəziyyətdə uşaqlara hansı biliyi, tərbiyəni və bacarığı aşılayacaqdır”.

Nərgiz Yaqublu