BolgeXeber.Com » Sosial » Bakıda sınmış ağacları kim təmizləməlidir?

Bakıda sınmış ağacları kim təmizləməlidir?

11-11-2011, 12:50
Oxunub: 6 217 Xaqani küçəsində sınan ağac iki gündür, piyadaların yolunu bağlayıb.

"Ekspress" qəzeti yazır ki, bir neçə gün ərzində paytaxtda müşahidə olunan küləkli hava bəzi yerlərdə ağacların sınmasına gətirib çıxarıb. Belə halla Xaqani küçəsinin sakinləri də rastlaşıblar.

İki gün öncə iri bir ağac sınaraq piyada yoluna düşüb. Bu da piyadaların gediş-gəlişinə ciddi maneə törədir. Xaqani küçəsinin sakinlərinin dediklərinə görə, hadisə nəticəsində heç nəyə zərər dəyməyib. Baş verənlərlə bağlı əraziyə xidmət edən Mənzil İstismar İdarəsi ilə əlaqə saxlanılıb. Oradansa bu məsələ ilə MİS-in deyil, Yaşıllaşdırma İdarəsinin məşğul olduğunu bildiriblər. "Dedilər ki, sınan ağacı "Yaşıllaşdırma"dan gəlib aparmalıdırlar, yerdə qalan qırıqları isə təmizləmək bizim vəzifəmizdir".

Məsələ ilə əlaqədar biz də Səbail rayon 4 saylı MİS-lə əlaqə saxladıq. MİS-in mühəndisi Əli Allahverdiyevin sözlərinə görə, şəhərin istənilən yerində ağacların vəziyyəti ilə birbaşa Yaşıllaşdırma İdarəsi məşğul olur. "Biz bu işlə məşğul olmuruq. Ağacların sınmasına, yığışdırılmasına, həmin ərazinin təmizlənməsinə Yaşıllaşdırma İdarəsi baxır. Bu problemin bizə aidiyyəti yoxdur. Mən bu saat gedib o ağacın bir budağını kəsib götürsəm, mənim üçün akt tərtib edərlər".

Qurumun nümayəndəsi onu da bildirdi ki, Yaşıllaşdırma İdarəsi sınan ağacı həmin ərazidən götürsə, MİS-in işçiləri ərazinin təmizliyi ilə məşğul ola bilərlər.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin mühəndisi Eldar Məmmədov isə əməkdaşımıza bildirdi ki, havaların küləkli və soyuq keçməsi ilə əlaqədar şəhərin bir neçə yerində ağaclar qırılıb. "Xaqani küçəsində ağacların sınması ilə bağlı bizə məlumat daxil olub, qeyd etmişik. Hazırda qurumun işçiləri ərazilərdə analoji problemləri həll edirlər. Bu gün ərazilərdə iş bitərsə, Xaqani küçəsindəki sınmış ağaclar da götürüləcək. Sadəcə olaraq uyğun hava şəraiti ilə əlaqədar bir çox yerlərdə belə hallar baş verib".