İşbazların saxta iş elanları
24-11-2011, 14:55
Oxunub: 7 529
...Və ya 10 manat üzərində qurulan tələ.
"Olaylar" qəzeti yazır ki, bir sıra hallarda ictimai nəqliyyatda, avtobus dayanacaqlarında və insanların sıx hərəkət etdikləri yerlərdə iş elanları ilə qarşılaşırıq. Yüksək əmək haqqı və iş yeri sərbəstliyi ilə təklif olunan bu elanların arxasında olan məqamları aydınlaşdırarkən məlum olur ki, reallıqda heç də elanda yazılan kimi deyil.
Yəni işsiz qalan bir insan elanlarda işçilər üçün yaradılan şəraiti yüksək dəyərləndirərək oraya müraciət edir. Problem də bundan sonra başlayır. Bakı şəhər sakini Arif Məmmədov deyir ki, ötən günlərdə bu elanlardan birindən nömrə götürüb həmin şirkətlə əlaqə saxlayıb. Telefon əlaqəsi zamanı doğru-dürüst məlumat ala bilməyən həmsöhbətimiz şirkətə getmək yönündə qərar qəbul edib:
"Elanda yazılıb ki, iş qrafiki sərbəstdir. Burada yüksək əmək haqqı vəd olunur. Mən də maraqlandım. Şirkətə zəng edəndə isə dedilər ki, şirkətə gəlməlisən. Şirkətə gələn zaman şəxsiyyət vəsiqən də üstündə olmalıdır. Əslində mən belə asanlıqla iş tapacağımı bilməzdim. Özlüyümdə düşünürdüm ki, səhərdən mən də qonşularım kimi səhər saat 9-da işə gedəcəm. Elə bu xəyalla şirkətə getdim. Şirkətdə mənə bildirdilər ki, işə düzəlmək üçün ilk öncə kurslarda iştirak eləməliyəm. Yəni iki həftə çəkəcək kurslarda mənə işin mahiyyətini başa salacaqdılar. İlkin şərt kimi 10 manat pul istədilər. Bir də şəxsiyyət vəsiqəmi götürüb müəyyən qeydlər apardılar. Mən məbləği ödəmək qabiliyyətində olduğum üçün 10 manatı verdim.
Sonra kurslara getdim. Burada söhbət dərman satışından gedirdi. Təbabətdə yüksək keyfiyyətli dərman olduğu qeyd olunan dərmanları mən satmalı idim. Əmək haqqı kimi satışdan əldə olunan gəlirin müəyyən qismi mənə çatırdı. Bundan əlavə, gərək özümdən əlavə, iki nəfəri də sözügedən şirkətə üzv yazdıraydım".
Həmsöhbətimiz deyir ki, bu şirkətlərdə insanları psixoloji cəhətdən o qədər usandırırlar ki, sonda oraya gedən insan şirkətə üzv olmadan oranı tərk etmir:
"Bir sıra hallarda iş adamlarının adlarından istifadə edirlər. Mənə bir neçə nazir müavininin adını sadaladılar ki, onlar da guya bu şirkətin üzvüdürlər. Sonrakı məqamda yüksək əmək haqqı və xaricdə istirahət, eyni zamanda qazanacağım məbləğin sığortalanması kimi şərtlər irəli sürdülər.
İstər-istəməz bu kimi təkliflərlə razılaşmaya bilməzdim. Ancaq kursu bitirib işə başlayandan sonra bildim ki, bütün bunlar oyundur. Yəni bu işlər elə kurs üçün tələb olunan 10 manatın üzərində qurulub".
Digər həmsöhbətim internetdə işədüzəltmə şirkəti tərəfindən aldadıldığını dedi. Onun sözlərinə görə, iş axtarmaq məqsədilə internetdə bir sıra elanlarla tanış olub. Sonra şirkətə gedən zaman özünü müdir kimi təqdim edən şəxs iş barəsində deyil, başqa yersiz söhbətlər edib:
"İnternetdə olan iş elanları ilə tanış oldum. Baxdım ki, mənim bacara biləcəyim işlərlə bağlı vakansiya var. Göstərilən vakansiya üzrə işə düzəlmək arzusu ilə yola çıxdım. İlk öncə saytda göstərilən telefonlar vasitəsilə şirkətlə əlaqə saxladım. Şirkətdən mənə bildirdilər ki, mən işə düzəlmək üçün mütləq müdirlə görüşməliyəm. Görüş təyin elədik.
Müdirin otağına girəndə isə iş əvəzinə, başqa söhbətlərin şahidi oldum. Belə ki, müdir mənə şəxsi həyatım barəsində suallar verdi. Mənə bir sıra təkliflər etdi. Təbii, qarşındakını tanımaya-tanımaya bu kimi təklifləri etmək ən azından ağılsızlıqdır. Mən hələ nə baş verdiyini bilmirdim. Müdir danışdıqca bunların əsl məqsədlərinin işə düzəltmək yox, əyləncə axtarmaq olduğunu bildim və oranı tərk etdim".
Həmsöhbətimiz onu da deyir ki, bu kimi elanlarda çox vaxt vakant iş yerlərinə qızların tələb olunduğu göstərilir: "Bu elanlarda yaş senzi qoyulmur. İstənilən qadın buraya müraciət edə bilər. Ancaq işin mahiyyəti başqadır".
Bu kimi məsələlərə münasibət bildirən ekspertlər qeyd edirlər ki, vətəndaşların iş elanlarında olan saxta təkliflərlə aldanılmaması üçün bu yöndə maarifləndirmə işi aparılmalıdır. TV-lərdə xüsusi maarifləndirmə reklamları yerləşdirilməlidir ki, vətəndaşlar bu kimi elanlara aldanmasınlar. Bir sıra QHT-lərin də bu işə xüsusi töhfə verə biləcəyini vurğulayan ekspertlər bildirirlər ki, problemin həlli üçün kompleks tədbirlər həyata keçirilməlidir. Bu işlə məşğul olan insanlar cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər