BolgeXeber.Com » Sosial » Şağandakı Əlillər Pansionatında Arif Məmmədovun müdhiş yeyinti faktı

Şağandakı Əlillər Pansionatında Arif Məmmədovun müdhiş yeyinti faktı

7-07-2010, 13:55
Oxunub: 7 620
Baş həkim müəssisənin təmirinə ayrılan 70 min manatı mənimsəyib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şağandakı Müharibə Əlilləri Pansionatında daha bir yeyinti faktı aşkarlanıb. Bu barədə məlumatı " bolgexeber "e pansionatdakı mənbələrdən veriblər. Məlumata görə, ötən ay pansionata təmir üçün 70 min manat ayrılıb. Amma həmin pul müəmmalı halda mənimsənilib. Pansionatdan bildiriblər ki, ayrılan pul qəpiyinə kimi baş həkim tərəfindən alınsa da, həmin puldan pansionatın təmirinə istifadə olunmayıb: "Mart ayının sonlarında pansionatın təmirinə ayrılan pul müəssisənin büdcəsinə daxil olub. Amma səhəri gün həmin məbləğ müəmmalı halda yoxa çıxıb.

Baş həkim Arif Məmmədov həmin pulla yalnız öz kabineti və katibəsinin otağını təmir etdirib. Qalan pul isə hara xərclənib, bilinmir. Pansionatın palataları pis vəziyyətdədir. Artıq palataların divarları və tavanlar qopub xəstələrin üzərinə düşür. Xəstələr axşam yatıb səhər ayılanda görürlər ki, tavandan qopan sement qəlpələri yataq dəstlərinin üzərində topa qalıb. Palatalara girmək mümkün deyil. Xəstələr dəfələrlə bu barədə baş tibb bacısına, həkimlərə müraciət etsələr də heç bir tədbir görülmür. Əksinə baş həkim Arif Məmmədov həmin narazı xəstələri daha da acınacaqlı vəziyyətdə olan palatalara köçürür və onları susdurmağa çalışır. Arif Məmmədov deyib ki, palatalar təmir edilməyəcək və şərait olduğu kimi qalacaq".

Mənbə bildirir ki, pansionatdakı palataların hamam və vanna otaqlarında vəziyyət isə dözülməzdir. Pansionat inşa olunanda quraşdırılan su və kanalizasiya sistemi artıq təmir işləri aparılmadığından dağılmaq üzrədir. Hamam otağında vanna, su kranları, əl-üz yuyulan, duş və digər avadanlıqlar tam sıradan çıxıb. Xəstələr hətta səhərlər yuyunarkən də zülm çəkir. Artıq əksər əlillər burada yuyunmağa da iyrənir. Hamam otaqlarında su və kanalizasiya xətlərinin yararsız vəziyyətdə olması palatalarda nəmişlik yaradır ki, bu da müalicə üçün bura gələn xəstələrin əlavə xəstəlik tapması ilə nəticələnir. Artıq onlarla xəstə məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət ünvanlayıb. Amma hələlik müraciətlər müsbət nəticəsini tapmayıb: "Müraciətlər nazirliyə daxil olur və məsələ ilə bağlı araşdırmalar başlanır. Amma baş həkim Arif Məmmədov dərhal nazirlikdə yüksək vəzifəli şəxslərlə danışıqlar aparır və məsələni "həll" edir.