BolgeXeber.Com » Sosial » Ölkədə yeni bahalaşma dalğası başlayıb

Ölkədə yeni bahalaşma dalğası başlayıb

30-11-2011, 10:30
Oxunub: 7 318 Ekspertlərin gözləntilərinə görə, elektrik enerjisi və benzinin qiymətlərində də artım olacaq

Tarif Şurasının noyabrın 28-də keçirdiyi iclasda aidiyyəti qurumların müraciəti əsasında bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi, isitmə və isti su təchizatı, metro ilə sərnişindaşıma xidmətlərinin, soba mazutunun və s. tariflərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.

Bərk məişət tullantılarının yığılması və daşınması xidmətlərinin tarifləri əhali qrupu üzrə 1 nəfər üçün ayda 30 qəpik, digər qruplar üzrə 1 kub metr üçün 10 manat, tullantıların zərərsizləşdirilməsi tarifləri 1 kub metr üçün 1,2 manat səviyyəsində təsdiq edilib.

Həmçinin “Azəristiliktəchizat” ASC tərəfindən göstərilən isti su təchizatı və isitmə xidmətlərinin tarifləri də müəyyənləşdirilib. İsti su tarifləri əhali qrupu üzrə 1 kub metr üçün 40 qəpik və qeyri-əhali qrupu üzrə 1 kub metr üçün 1,5 manat səviyyəsində təsdiq edilib. İsitmə xidməti tarifləri 1 kvadrat metr yaşayış sahəsinə görə əhali qrupu üçün aylıq 15 qəpik, qeyri-əhali qrupu üzrə isə 1 kub metr isidilən həcm üçün aylıq 25 qəpik və ya 1 Qkal enerji üçün 30 manat səviyyəsində təsdiq edilib.

İclasda Bakı Metropolitenində sərnişindaşıma xidməti tarifinə də baxılıb və gediş haqqının 20 qəpik səviyyəsində müəyyənləşdirilməsi qərara alınıb.

İclasda həmçinin soba mazutu ilə müqayisədə təbii qazdan istifadənin ekoloji cəhətdən daha səmərəli olduğu nəzərə alınaraq, soba mazutunun ölkədaxili topdansatış qiyməti təchizat xərcləri, əlavə dəyər və aksiz vergiləri də daxil olmaqla, bir ton üçün 140 manat səviyyəsində müəyyən edilib. Yeni tariflər 1 dekabr 2011-ci il tarixindən qüvvəyə minəcək.

Ekspertlərin gözləntilərinə görə, tezliklə elektrik enerjisinin, təbii qazın, suyun, benzinin, hətta şəhərdaxili nəqliyyatın qiymətində də əhəmiyyətli artımla bağlı qərar veriləcək.

“Güzəran” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimlinin sözlərinə görə, bahalaşma qərarları ilə bağlı hökumətin heç bir iqtisadi əsaslandırması yoxdur: “Məsələn, Bakı metrosunu İstanbul və digərləri ilə müqayisə edirlər. Ancaq orada olan xidmətlər, sərnişinlərə olan münasibət tam fərqlidir. Əvvəla, orada qatarlar 30 saniyədən bir gəlir, 6,8 10 dəqiqə fərqlə yox. Həmin metrolarda sərnişinlərin əsəblərinə toxunan qatarlardan istifadə edilmir. Yayda kondisioner işləyir, normal sərinləşmə sistemi var. Azərbaycanda bunların heç biri olmadığına və sürət də normal olmadığına görə bir sərnişinin daşınmasının maya dəyərinin müqayisə olunan ölkələrdəki həddə çatması mümkün deyil. Maya dəyərinin 55, yaxud 95 qəpik göstərilməsinin heç bir real əsaslandırması yoxdur. Hesab edirəm ki, bu, düşünülməmiş və iqtisadi əsası olmayan və Tarif Şurasındakı bəzi oliqarxların maraqlarına xidmət edən qərardır”.

Ekspertin sözlərinə görə, Tarif Şurasının sonuncu iclasında bir çox xidmətlərin qiyməti artırılıb: “Kənd təsərrüfatında ən işlək məhsul olan mazutun qiyməti qalxıb. Bu, aqrar sektorun indiki ağır durumunda əlavə problem yaradan bir qərardır. Bu kimi faktorlar aqrar sektorda məhsulların bahalaşmasına səbəb olacaq. Ümumiyyətlə, hökumətin bahalaşma qərarları heç vaxt əsaslandırılmır. Sadəcə olaraq, Tarif Şurası belə hesab edir ki, qiymətlər qalxmalıdır”.
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə qeyd edir ki, ölkədə qiymət artımı davam edəcəyi təqdirdə, hakimiyyət tərəfindən proqnozlaşdırılmayan proseslər baş verə bilər: “Əgər suyun, elektrik enerjisinin, yanacağın da qiyməti artacaqsa, bu, artıq ölkədə bütün sahələrə təsir göstərəcək və hər sahədə qiymət artımı baş verəcək. Belə bir hal baş verərsə, çox ağır nəticə ilə yekunlaşacaq. Hazırda bir çox rayonlarında və hətta Bakının bir çox yerlərində evləri qızdırmaq üçün elektrikdən istifadə edilir. Problem ondadır ki, enerji təminatı şəbəkəsinə 3 milyard manatdan yuxarı investisiyalar qoyulub. Onların bir hissəsi xarici borclardır. Görünür, bu pullar mənimsənildiyindən indi onu əhalidən çıxarmaq lazımdır. Bu səbəbdən də qiyməti qaldırmağı planlaşdırırlar. Elə bir situasiyadır ki, hakimiyyət tam reallıq hissini itirib. Əhalini, xalqı heç cür dəyərləndirmir və hesab edir ki, əhali nə qədər sıxıntılara, təzyiqlərə, təqiblərə məruz qalsa da, səsini çıxarmayacaq. Bu, reallıq hissinin itirilməsidir. Hesab edirəm ki, qiymət dəyişmələri baş verərsə, Azərbaycanda dağıdıcı proseslər ola bilər”.

“Azəristiliktəchizat” ASC-nin rəis müavini İlham Mirzəliyev isə bildirir ki, qiymət artımının keyfiyyətə də təsiri olacaq: “Bizdə tariflər 1996-cı ildən dəyişməmişdi. Əvvəlcə keyfiyyət parametrlərini qaldırıb, sonra qiyməti artırmaq istədik. 2005-ci ildə cəmi 9 bina istilik alırdı, bu gün 2005 bina istilik alır. Qiymətlər əhali qrupu üçün 5 qəpikdən 15, müəssisələr üçün isə 1 kub metri 22 qəpikdən 30 qəpiyə qaldırılıb”.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə növbəti bahalaşma gözləntiləri ilə bağlı bildirdi ki, Tarif Şurasının gündəliyində elektrik enerjisinin, qazın, suyun, benzinin və şəhərdaxili nəqliyyatın qiymətinin artırılması məsələsi dayanmır: “Tarif Şurasının gündəliyində bu məsələlər dayanmır. Qeyd etdiyiniz xidmətlərin tariflərinin artırılması gündəmdə deyil”. Bununla belə, A.Əliyev Tarif Şurasının gündəliyində duran məsələlərlə bağlı danışmaq istəmədi. Yeni Müsavat