BolgeXeber.Com » Sosial » Kardiologiya İnstitutunda pulsuz səhiyyə xidməti keçərli deyil - Şikayət var...

Kardiologiya İnstitutunda pulsuz səhiyyə xidməti keçərli deyil - Şikayət var...

20-02-2015, 09:26
Oxunub: 3 361 Kardiologiya İnstitutunda pulsuz səhiyyə xidməti keçərli deyil - Şikayət var...Səhiyyə sistemindəki anormal vəziyyət hamıya bəllidir

Bir çox səhiyyə ocaqlarına qoyulan investisiyalara baxmayaraq, əhaliyə xidmət yenə də yarıtmaz vəziyyətdədir. Bu gün Bakı da daxil elə bir rayon yoxdur ki, onun səhiyyə sistemində narazılıq, şikayət daxil olmasın. Səhiyyə sistemində baş verən özbaşınalıqlarla bağlı dəfələrlə yazmağımıza baxmayaraq, hələ də mövcud olan problemlər bu gün də qalmaqdadır. Demək olar ki, vətəndaşlara lazımi qaydada tibbi xidmət göstərməyən xəstəxanaların sayını isə saymaqla qurtarmaq olmur.

Bu azmış kimi, bəzi dövlət xəstəxanalarının da özəl klinikalar kimi "pullu" xidmət göstərməsi əhalinin haqlı narazlığına səbəb olur. Halbuki dövlət xəstəxanalarının pulsuz tibbi xidmətə keçilməsi haqqında qanun qəbul olunub. Amma gördüyünüz kimi, bu qanuna məhəl qoyan yoxdur. Bu baxımdan, ürək-damar sistemi xəstəlikləri ilə məşğul olan və Adil Baxşəliyevin direktoru olduğu C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunu misal göstərmək olar. Bu səhiyyə ocağından dəfələrlə redaksiyamıza şikayətlər daxil olub. Şikayətlərdə qeyd edilir ki, Adil Baxşəliyev xəstəxananı özünün şəxsi mülki kimi istifadə edir. Bundan başqa, dövlət tərəfindən ayrılan vəsaitlər də xəstəxanaya xərclənmir. Çünki səhiyyə ocağının elə ilk görünüşü bunu deməyə əsas verir. Bundan başqa, xəstəxanada heç bir müasir tibbi avadanlıq yoxdur. Ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən və elə də imkanı olmayan vətəndaşlar sözügedən səhiyyə ocağını pənah tutub getsələr də, qarşılaşdıqları mənzərə heç də ürəkaçan olmur. Çünki pulu olmayan xəstə burada heç bir müayinədən keçə bilmir. Halbuki C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu dövlət xəstəxanasıdır və orada vətəndaşlara göstərilən xidmət pulsuz olmalıdır. Lakin çox təəssüflər olsun ki, bu hal yalnız sözdə deyilir. Göstərilən xidmət və mövcud durum başqa cürdür.

İnstitutun qarşısında xəstələr saatlarla ayaq üstə dayanıb gözləyirlər. Məsələn, ürək-damar sistemindən əməliyyat olunan Elçin Kazımov mətbuata verdiyi açıqlamada bildirib ki, əvvəllər İnstitutda müayinə üçün heç bir problem olmayıb. Amma indi İnstituta müayinə üçün gələn Elçin Kazımov içəri girə bilmir. O, bunun səbəbini heç özü də bilmir. Xəstə deyir ki, müayinə üçün institutun qarşısında iki saat ayaqüstə dayanmağa sağlamlığı imkan vermir, ərazidə isə oturmaq üçün oturacaq da yoxdur: "Həmişə müayinə olunmağa gəlirdim, problem çıxmırdı. İndi iki saatdır Kardiologiya İnstitutunun qapısındayam, içəri buraxmırlar. Deyirlər ki, müayinələr poliklinikalarda aparılır. Lakin mən burada müayinə olunmaq istəyirəm".

Keçən il infarkt keçirmiş bacısını müayinəyə gətirən Sevinc Quliyeva isə bacısının artıq ayaqüstə dayana bilmədiyi üçün yaxınlıqdakı parkda oturduğunu deyir: "Fakt göz qabağındadır. Görürsünüz ki, xəstələrin hamısı çöldə dayanıb. Deyirlər ki, lazım olan həkimin qəbuluna düşmək üçün gərək əvvəlcədən yazılasan. İndi isə içəri buraxmırlar".

Görüdüyünüz kimi, əhalinin ən çox üz tutduğu səhiyyə ocaqlarından birində nələr baş verir. Adil Baxşəliyev bəzi savadlı həkimlərin hesabına müştəri toplasa da, sonradan burda baş verənlərin ucbatından pasientlər onlardan üz döndərməli olurlar. Elə bu səbəbdəndir ki, hazırda insanların çoxu nicat axtarışı üçün İrana üz tuturlar. Ölkənin məşhur həkimlərini bir araya gətirmiş institut bunun müqabilində xəstələrin və ya onlardan ümid gözləyən şəxslərin etibarından sui-istifadə edərək, ciblərinə girir. Burda yüzlərlə insanın ümidlərini bir kənara qoyub, daha çox pulu necə qazanmaq barədə düşünürlər.

Gördüyünüz kimi, Kardiologiya İnstitutunun rəhbərliyi 21-ci əsr olmağına baxmayaraq, tibb müəssisəsini köhnə qaydalarla idarə etməyə üstünlük verir. Institut dövlətdən maliyyələşdiyi halda, bura müraciət edən vətəndaşlardan nəysə umulur. Pulsuz səhiyyə xidməti burda keçərli deyil. Rəhbərlik işçilərinə elə göstəriş verib ki, heç kim əlini cibinə salmayan pasiyentləri qəbul etmir.

Buradan da bir daha aydın oldu ki, səhiyyəmizin zəif inkişaf etməsinə səbəb rüşvətxorluğun və korrupsiyanın baş alıb getməsidir. Nə vaxta qədər özbaşınalıq, rüşvətxorluq hökm sürəcək, cəmiyyətimiz inkişaf etməyəcək. Sağlam toplum yaranmayacaq, vətəndaş cəmiyyəti formalaşmayacaq. Hər hansı bir dövlət xəstəxanasında cərrahi əməliyyat olan xəstə qanuna görə pulsuz dərmanlarla təmin olunmalıdır. Ancaq hanı o qanunlar, hardadır? Kimə görə sənədlərdə, kimə görə isə dillərdə. Hamı əgər bu cəmiyyətin inkişafını istəyirsə, tərəqqi istəyirsə, o zaman qanunlar dildə, kağız üzərində yox, əməllərdə olmalıdır. Əməllərdə olan qanun tez yayılar, tez inkişaf edər. \\ GünBakı \\

(Ardı var)