BolgeXeber.Com » Sosial » Hövsan – qərib diyar, sahibsiz qəsəbə…

Hövsan – qərib diyar, sahibsiz qəsəbə…

21-02-2015, 15:00
Oxunub: 3 492  Hövsan – qərib diyar, sahibsiz qəsəbə…Dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, hələ də sakinlərin dərdinə çarə tapan yoxdur

Ölkə başçısının regionların sosial-iqtisadi inkişafı və quruculuq işlərinin aparılmasına dair sərəncamı ölkənin əksər şəhər və rayonlarında insanların həyat tərzini xeyli dərəcədə dəyişə bilib. Eyni sözləri paytaxt Bakı və ətraf qəsəbələrin bir çoxu haqqında da söyləmək mümkündür. Əfsuslar olsun ki, bütün bu deyilənləri Suraxanı rayonu, Hövsan qəsəbəsinə şamil etmək olmaz. Ona görə ki, adıçəkilən qəsəbə də sanki inkişafdan geri qalıb. Ümumiyyətlə, Hövsanda əvvəl mövcud olan infrastuktur da bu gün gözə dəymir. Elə bu səbəbdən də qarlı, yağışlı havalarda qəsəbə sakinləri olmazın əziyyət çəkir, acınacaqlı durumla üzləşirlər.

Hövsanda olub-bitənləri yerində müşahidə etmək məqsədilə sözügedən ünvana istiqamət aldıq. Qeyd edək ki, qəsəbənin əsas problemi elə Hövsana gedən yoldan başlayır. Belə ki, qəsəbədaxili yolların bərbad vəziyyətdə olması bir yana, şəhərdən Hövsana gələn əsas yol da mahiyyət etibarilə kənd yollarından heç nə ilə fərqlənmir. Bu isə sakinlərin mənzil başına normal və rahat şəkildə çatmasına əngəl törədir.

Ərazini dolaşdıqda ən çox diqqət çəkən problemlərdən biri də o oldu ki, qəsəbənin mərkəzinə yaxın, yəni Hövsan bələdiyyəsinin və 30 saylı Suraxanı birinci Seçki Dairəsinin yerləşdiyi ərazidəki əsas yol çox bərbad vəziyyətdədir. Qeyd olunan məkana daxil olan kimi yoldakı nəhəng gölməçələr buraya gələnlərin qarşısını kəsir. Gölməçə olmayan yollarda isə palçıq əlindən tərpənmək olmur. Sakinlərin sözlərinə görə, onlar Hövsanın problemlərilə bağlı aidiyyəti qurumlara, əsasən də bələdiyyəyə dəfələrlə müraciət etsələr də, hələ də ortada konkret nəticə yoxdur: “Məcbur olub rezin çəkmə geyirik ki, palçığa, gölməçəyə bulaşmayaq. Məktəbin yolu da bu vəziyyətdədir. Gedin, görün balalarımız necə əziyyət çəkirlər. Qarlı, yağışlı havalarda yolun bu tərəfindən digər tərəfinə keçmək mümkün deyil. Dəfələrlə olub ki, piyadalar sel, su basmış yolun ortasında dayanıb və nə qədər cəhd etsələr də, yolu keçə bilməyiblər. Bu məsələdə sürücüləri də qınamalı deyil. Axı yolun su ilə dolması onların günahı deyil. Müvafiq qurumlar bu işə bir çarə tapmalıdırlar”.

Sakinlərlə söhbətləşdikdən sonra qəsəbədəki məktəbin yoluna doğru hərəkə etdik. Bu ərazidə yol torpaq olduğundan dərin çalalardan hələ də yağış və qar suyu çəkilməyib. Elə bu səbəbdən də şagirdlər yolu çətinliklə keçirlər. Hələ bu harasıdır. Orta məktəbə gedən əsas yol boyu hər iki tərəfdə məişət tullantıları yığılıb qalmışdı. Heç şübhəsiz ki, bu, ərazidə anti-sanitariyanın yaranmasına rəvac verir. Hövsan qəsəbə bələdiyyəsinin yerləşdiyi binanın təxminən, 25-30 metrliyindəki ərazidə isə asfalt yolun üzəri gölməçəni xatırladır. Namiq adlı qəsəbə sakini bildirir ki, bir zamanlar Hövsan xarici görünüşünə görə paytaxtın digər bir çox qəsəbələrini üstələyirdi: “Sovet vaxtı buradakı abadlıq, gözəllik nəinki Suraxanının digər qəsəbələrində, heç bəlkə də paytaxtın mərkəzi ərazilərində belə, yox idi. Bu yaxınlaradək o abadlığı qoruyub saxlamışdıq. Hətta yollar da yeni təmir olunmuşdu. Amma kanalizasiya və qaz borusunu çəkənlər yolumuzu şumlayıb getdikdən sonra bu cür acınacaqlı durumla üz-üzə qalmışıq. Qəsəbənin yollarına baxın, görün burda piyadanın hərəkət etməsi üçün şərait varmı? Kim bu cür yolda üstü-başı palçıq olmadan mənzil başına çata bilər? Təbii ki, heç kim…”

Sonda sizlərə Hövsan qəsəbəsinin mərkəzində seyr etdiyimiz mənzərəni fotoşəkillərlə diqqətinizə çatdırırıq. Baxın, özünün nəticə çıxarın, qiymət və qərar verin. Əminik ki, fotoşəkillərlə tanış olduqdan sonra siz də Hövsanın qərib diyar, sahibsiz qəsəbə olduğunu təsdiqləyəcəksiniz. gundelik-baku.com