BolgeXeber.Com » Sosial » Ölkədə hər şey kəskin bahalaşdı

Ölkədə hər şey kəskin bahalaşdı

24-02-2015, 10:26
Oxunub: 3 389 Ölkədə hər şey kəskin bahalaşdıManatın devalvasiyası qıtlıq və qiymət artımına səbəb oldu, əhali çaşqınlıq içərisindədir

Ekspertlər izahat verdi, qiymətlər nə qədər bahalaşa bilər?
Manatın orta hesabla 33 faiz ucuzlaşması bazara müəyyən təsirlər göstərməyə, istehlak mallarının bahalaşmasına gətirib çıxarıb. İki gün ərzində paytaxtdakı topdansatış mərkəzləri dolların yeni kursuna uyğun qiymət artımı elan ediblər, nəticədə ərzaq və qeyri-ərzaq məhsullarının qiyməti kəskin bahalaşıb. Eyni zamanda bir çox marketlər fəaliyyətini məhdudlaşdırmağa, yaxud dayandırmağa üstünlük veriblər.

Dövlət qurumları baş verənləri süni qiymət artımı adlandıraraq, xəbərdarlıqlar etməyə başlayıblar. Lakin ekspertlər qarşıdakı günlərdə istehlak mallarında qiymət artımını qaçılmaz hesab edirlər. Belə olan halda qiymətlər nə qədər bahalaşa bilər?



"Value and Sources Konsaltinq" şirkətinin baş direktoru, iqtisadçı-ekspert Rəşad Əliyevin sözlərinə görə, bir sıra insanlar dolların manata nisbətən 33 faiz bahalaşmasının xaricdən dollarla alınan malların pərakəndə ticarətdəki qiymətini elə həmin nisbətdə, yəni 33 faiz artırmalı olacağını düşünür: "Bazarda bu cür gedişat ola bilər, ancaq bunun fundamental əsasları varmı? Hesab edirik ki, idxal məhsullarının pərakəndə satışda orta hesabla 33 faiz bahalaşması məntiqə sığmır. Çünki şirkətlər malları gömrük sərhədindən keçirdikdən sonra onların üzərinə əlavə xərclər gəlir. Bir sıra mallar üzrə əlavə xərclər maya dəyərində əhəmiyyətli həcmdə xüsusi çəkiyə malikdir. Əlavə xərclər dedikdə, satışı həyata keçirən şəxslərin əmək haqları, anbar, ofis və satış nöqtələrinin icarə haqları, malların daşınma xərcləri və s. nəzərdə tutulur. Bu xərclər manatla ifadə olunur və onlar hələ ki, qalxmayıb. Məsələn, elə mağazalar var ki, xüsusilə brend mağazaların bəziləri malların xaricdən alış qiymətinin üzərinə ən aşağısı 100-120 faiz qiymət əlavəsi edir. Ona görə də asanlıqla 30-50 faiz endirimlər edə bilirlər. Belə olan halda satılan malların satış qiymətində idxal edilən malın alış dəyəri maksimum 40-50 faiz təşkil edir. Bu o deməkdir ki, satış dəyərinin ancaq 40-50 faiz xüsusi çəkisinin qiyməti 33 faiz artır".

R.Əliyev əlavə edir ki, digər tərəfdən satış dəyərində əhəmiyyətli həcmdə xüsusi çəkiyə malik manatla ifadə olunan digər əlavə xərclər (əmək haqqı, icarə və s.) sabit qalır: "Belə olan şəraitdə məntiqə uyğun olaraq malın satış qiyməti orta hesabla 12-16 faiz arta bilər. Bu cür satış strukturuna malik olan gündəlik tələbat malları satmayan bir sıra mağazalar satışının aşağı düşməməsi üçün, ümumiyyətlə, qiymət artımına getməyə bilər. Hesab edirəm ki, ilkin dövrdə bəziləri buna getməyəcəklər. Çünki əlavə xərclərin çox hissəsi sabit xərclərdən ibarətdir. Satış dövriyyəsindən asılı olmayaraq, bu xərclər ödənilməlidir. Satışın həcmi düşdükdə onların maya dəyərində xüsusi çəkisi artır və xalis mənfəət daha da azalır. Ancaq elə gündəlik tələbat malları sayılmayan məhsullar var ki, onlarda malların xaricdən alış dəyəri ümumi xərclərdə əhəmiyyətli, məsələn, 60-70 faizlik çəkiyə malikdir. Buna görə də onlar əhəmiyyətli qiymət artımına gedə bilərlər. Ancaq 33 faiz deyil, maksimum 25 faizdən söhbət gedə bilər".

"Diqqət mərkəzində hazırda daha çox idxal edilən gündəlik tələbat mallarının qiymətidir. Bunlarda da eyni cür yanaşma mövcuddur. Sadəcə olaraq malın xaricdən alınan qiymətinə əlavə olunan xərclərin həcmi məhsulun növündən asılı olaraq çox müxtəlifdir. Eyni zamanda bu cür məhsul satanlar topdansatış üsulu ilə işlədiyindən qiymət əlavəsini az qoyurlar. Buna baxmayaraq yuxarıda qeyd etdiyimiz əlavə xərclər də az deyil. Ancaq nəzərə almaq lazımdır ki, idxal edilən bu cür məhsulların bəzilərinin yerli analoqları var, məsələn, yeyinti sanayesi üzrə. Bazarın itirilməməsi və yerli məhsullara nisbətən rəqabətədavamlılığın saxlanılması üçün onlar əhəmiyyətli qiymət artımına getməkdə çətinlik çəkəcəklər. Yerli analoqu olmayan məhsullar üzrə isə proqnozlaşdırmaq bir qədər çətindir. Bu həmin məhsulların hansı rəqabət səviyyəsində satıldığından asılı olacaq. Ancaq yenə də qiymət artımı 33 faiz olmamalıdır"-deyə R.Əliyev qeyd etdi.

Onun fikrincə, idxal edilən məhsulların qiymət artımı bazarda 33 faiz təşkil edə bilər: "Ancaq sözsüz ki, bunun qısamüddətli dövr üçün heç bir fundamental əsasları yoxdur. Nümunə üçün Rusiya bazarını götürək. Həmin ölkədə dollar 2 dəfədən çox bahalaşsa da, idxal olunan mallar 2 dəfə bahalaşmadı. Çünki həm rəqabətli yerli istehsal var, həm də idxalçı şirkətlər bazardakı payın qorunması və satış dövriyyəsinin saxlanılması üçün qiymət artımını az etdilər".



İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov isə bildirdi ki, ötən illər ərzində inhisarçılığın pik həddədək artması bu gün hökumətin özü üçün problemə çevrilməkdədir. Lakin ekspert indiki bahalaşmanı bununla əlaqələndirməyi düzgün hesab etmir: "Belə ki, ötən aylar ərzində avro, rubl, lirə, lari və s. kimi valyutaların kifayət qədər ucuzlaşması fonunda istehlak bazarlarında bu ölkələrdən idxal edilən məhsulların ucuzlaşması gözlənildiyi halda, bəzi qiymətlər bahalaşdı. Bunun da əsas səbəbi məhz monopoliyadır. Bununla bağlı səslənən fikirlərlə müəyyən qədər razılaşmaq olar. Amma hazırkı situasiyada qiymət bahalaşmasını tam bununla əlaqəli saymaq qərəzli yanaşmadır".

R.Həsənova görə, daxili istehsalın özü belə 60-70 faiz idxaldan asılıdır: "Digər tərəfdən, istehlak mallarının 80 faizdən çoxu idxal mənşəlidir. Bazar subyektləri həm xammalın, həm də son istehlak məhsulunun dəyərini ABŞ dolları ilə ödəyir ki, bu da məhsulların qiymətlərinin bahalaşmasını qaçılmaz edir. Yerli məhsulların qiymətlərini indiki halda əməkhaqlarının indeksasiyası ilə birgə, təxminən 22-27 faiz, xaricdən idxal edilən məhsulların isə əməkhaqlarının indeksasiyası ilə birlikdə 34-40 faiz bahalaşdırılması gözləniləndir. Təbii ki, əməkhaqlarının indeksləşdirilməsi prosesi nisbətən gecikdiriləcək. Lakin bazarın liberallaşdırılması, yəni inhisarçılığın aradan qaldırılması, normal biznes mühitinin formalaşdırılması, kapital əlçatanlığının artırılması, eyni zamanda ölkəmizə ən çox məhsul idxal edilən dövlətlərdə baş verən devalvasiya yerli bazarlarda qiymət artımını minimuma endirməyə, hətta bəzi hallarda əvvəlki qiymət səviyyəsini qorumağa imkan verərdi ki, Azərbaycan vətəndaşı bundan məhrumdur. Başqa sözlə, vətəndaşı sosial problemlərin girdabına yönəldəcək qiymət artımından iqtisadiyyatı inhisardan xilas etməklə qorumaq mümkündür".

Vüsalə RÜSTƏMOVA