BolgeXeber.Com » Sosial » Soyuq havada “iflic” olan enerji sistemi….

Soyuq havada “iflic” olan enerji sistemi….

24-02-2015, 11:13
Oxunub: 3 599 Soyuq havada “iflic” olan enerji sistemi….«Azərişıq» ASC yaratdığı qaranlığın izahını abonentlərə necə verdi?

Yazmaqdan barmaqlarımız da qabar olub ki, "dövlət qurumları qışa hazır deyil". Həqiqətən də qış bizə heç yaraşmır". Son yağan qar yeni heç nə demədi, yenə paytaxtın bir çox yerlərində, bəzi bölgələrdə sakinlər istiliksiz, qazsız, işıqsız qaldılar. Bizim də işıqlarımız qarın gəlişi ilə həmişəki kimi yoxa çıxdı. Amma buna qədər istilik də bir neçə gündü verilmirdi. Binanı elektriklə təchiz edən yarımstansiyada növbəti dəfə partlayış oldu. Belə partlayışlara artıq alışqanıq, amma bir gün faciə ilə nəticələnməsə yaxşıdır. İllərdir deməkdən, yazmaqdan yorulmuşuq ki, bu binanın elektrik xətləri yararsızdır. Nə qədər "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin (keçmiş "Bakıelektrikşəbəkə") əməkdaşlarını çağırmaq olar? O qədər çağırmışıq ki, artıq gəlmirlər. Ona görə sakinlərdən başı çıxan da, çıxmayan da xətləri özləri bərpa etməyə çalışır və nəticədə bina elektrik xətlərindən ibarət böyük bir "hörümçək toru"nun içindədir. Burada qaz da yoxdur. Yanlış anlamayın, heç də yeni inşa edilmiş ev deyil, deyilənə görə, 60-70-ci illərdə erməni ustalar tərəfindən tikilib, hətta öz izlərini də qoyub gediblər - binanın eyvanı xaçşəkillidir.

Həftəsonu 4 saat işıqsız qaldıq. İsitmə sistemi isə onsuz da bir neçə gündü işləmirdi. Partlayışdan dərhal sonra ərazidə həmişəki kimi 5-6 binada elektriklər kəsildi. Xətai rayon Enerji Təchizatı və Satışı İdarəsinin necə işlədiyini yaxşı bilirəm. Bəzən elektriklər bir gün sonra verilir. Hətta 3 gün işıqsız qaldığımız vaxt da olub. Odur ki, vaxtında problemin üstünə düşmək lazımdır. Deməsəniz haradan biləcəklər? Qonşularınız da gözləyir ki, onların əvəzinə bu işi kimsə həll eləsin. Dispetçerə zəng elədim və qəza barədə məlumat verdim. Dedi ki, "adam göndərmişik, bir azdan işıqlar veriləcək". Baxmayaraq ki, vaxt barədə hər dəfə yalan deyirlər, israr etmədim, inanmaq istədim. Amma 1 saat keçdi, nə gələn vardı, nə gedən. Onda mən enerji təchizatı üzrə məsul olan İlyas Musayevin mobil telefonuna zəng elədim. Dedim, "nə yaxşı əhali sizə borclu olanda xətlərini kəsib doğrayırsınız, indi onları bu soyuq qış günündə keyfiyyətli enerji ilə təmin edə bilmirsiz". Ünvanı soruşub, "orada işləyirlər, 15 dəqiqəyə işıqlar veriləcək", dedi. İ.Musayevlə əvvəllər də eyni səbəblərdən telefon söhbətlərimiz olub, hətta bir dəfə axşam vaxtı bütün işimi-gücümü atıb xətləri bərpa edənə qədər o idarədə başlarının üstündə gözləmişəm. Dediyinə 100 faiz əməl edən bir məmur deyil. 15 dəqiqə yarım saat oldu, yarım saat bir saat. Təzədən zəng elədim, bu dəfə 10, hətta 7 dəqiqə sonra yanacağını dedi. Yenə 1 saat gözlədim, olmadı. Axırda nömrəsini son dəfə yığıb, "yəqin məni aldadırsınız", dedim. And-aman elədi ki, aldatmır, haradasa xətləri bərpa ediblər. Məlum oldu ki, başqa ərazidə təmir işləri aparıblar. Olsun, o insanların probleminin bizdən əvvəl həll olunması məni daha çox rahatlatdı.

"Azərişıq" öhdəliyini yerinə yetirə bilirmi?

İdarənin rəisi Elnur Həsənov telefona yaxınlaşıb özü də danışdı. Əhalidən elektrik pullarını yığdıqları kimi onları keyfiyyətli enerji ilə də təmin etməli olduqlarını xatırlatdım. Cənab Həsənov "Azərenerji"dən gələn xətdə problem olduğunu söylədi, istehlakçıları enerji ilə təmin etməyə borclu olduqlarını deyib qəza yerinə getmək barədə əməkdaşlara dərhal göstəriş verdi. 40 dəqiqə sonra ərazidə elektrik enerjisi verilişi bərpa olundu. Qarlı gündə avtomobillə gediş-gəlişin çətinliyini nəzərə alsaq zaman intervalı normal idi. Sağ olsunlar. E.Həsənova yaxındakı stansiya və binadakı elektrik xətlərində problemin daimi olduğunu, sakinlərin tez-tez işıqsız qaldıqlarını çatdırdım, ona bir əncam çəkmələrini xahiş etdim. Dedim, bəlkə xəbərsizdir. "Baş üstə, indi işıqları bərpa edək, sonra adamları göndərərəm gəlib baxarlar" deyə söz verdi.

Qeyd edim ki, yay-qış fəslindən asılı olmayaraq ərazidəki yarımstansiyada xırda partlayışlar tez-tez təkrarlanır və elektrik verilişi də olduqca zəifdir. Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nda birbaşa deyilməsə də, enerji təchizatı müəssisəsinin istehlakçını keyfiyyətli şəkildə elektrik enerjisi ilə təmin etməli olduğu dolayısıyla sənəddə əksini tapıb. Burada enerjitəchizatı müəssisəsi "Azərişıq"dır. ASC-nin sələfi "Bakıelektrikşəbəkə"nin də web-saytında əsas vəzifə kimi şəhəri fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək, abonentlərə yüksək səviyyəli xidmət göstərmək, paytaxtın elektrik şəbəkəsini dünya standartlarına uyğun yenidən qurmaq durur. Adı dəyişəndən sonra artıq təkcə paytaxtın deyil, bütövlükdə ölkə qarşısında məsuliyyətlidir. Sənəddə deyilir ki, enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına görə cavabdehlik daşıyır. Elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi öz idarəetmə ərazisində elektrik şəbəkəsinin təhlükəsiz, etibarlı və səmərəli işləməsini təmin edən yerli dispetçer xidmətini təşkil etməyə, ona məxsus olan elektrik qurğuları və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalar və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə, dövlət elektroenergetika müəssisəsinin və "Dövlət Enerjinəzarət" İdarəsinin tələbinə əsasən enerjitəchizatı müəssisəsinin elektrik qurğularının işi ilə müəyyənləşdirilən elektrik enerjisinin keyfiyyətinə fasiləsiz, vaxtaşırı və epizodik nəzarət etməyə, şəbəkələrində elektrik enerjisinin keyfiyyətinin yaxşılaşdırılması üzrə tədbirləri həyata keçirməyə borcludur.

Qarın abonentlə müqaviləyə nə dəxli?

Enerji sistemində və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəyibsə (elektrikqəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerjitəchizatı müəssisəsi Mülki Məcəlləyə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır. Enerji təchizatı müəssisəsi balans mənsubiyyəti sərhədində və şəbəkəsində elektrik enerjisinin keyfiyyət göstəricilərini qüvvədə olan standartların tələblərinə uyğun saxlamağa borcludur. "Elektrik enerjisindən istifadə Qaydaları"na görə, enerji təchizatı müəssisəsi ilə məişət abonenti arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır və müqavilədə müəyyən edilmiş göstəricilərin, rejimlərin yerinə yetirilməsinə görə cavabdehlik daşıyır. Amma bizimlə belə bir müqavilə bağlanmadığından həmin göstəricilərin nədən ibarət olduğu sakinlərə qaranlıqdır.
"Elektroenergetika haqqında" Qanuna görə, enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini istehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda, enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə, təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda, enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda, bir də məhkəmənin qərarı ilə dayandıra bilər. Burada qəza sözü işlənsə də dəqiqəbaşı qar-çovğun olduğunda elektrik enerjisinin kəsilməsinin labüdlüyü göstərilmir.

"Biri yoxdursa, digəri də olmur"

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "Bizim Yol" qəzetinə bildirib ki, təbii fəlakətlə əlaqəli müxtəlif bölgələrdə elektrik enerjisinin verilməsində fasilələr aradan qaldırılıb. Enerjini təbii fəlakətin kəsdiyini söyləyən Tanrıverdi müəllim qaydalarda fors-major hallarının da nəzərdə tutulduğunu bildirdi. Soruşdum, "bəlkə "Azərişıq" da yol polisi kimi diqqəti mərkəzə yönəldib, digər zonalar da unudulub?" Belə cavab verdi: "Biz abonentlərə fərq qoymuruq, məlumat alan kimi operativ ölçü götürürük. Bütün xətləri dəyişmək bir gündə olmur. Amma o da olacaq, yaxın gələcəkdə mərkəzdə gördüyünüz dayaqlar bütün zonalarda olacaq, planda var". Ərazidəki yarımstansiyada partlayış barədə məlumat verdim, türklərin təbirincə mənə "keçmiş olsun", dedi. Təklif elədim ki, qaz olmayan binalarda xətlərin, stansiyaların yenilənməsini sürətləndirsinlər. Dedi, "təklifinizi yazın, hökumət qərar çıxartsın, biz də edək". Dedim, "təklifimi yazıda yazacam, oxuyub ölçü götürərsiniz".

Müşahidələrimə görə qızdırıcı sistemlər isti havalarda zəif də olsa işləyir, bir balaca soyuqlar düşən kimi istilik verilişi də tamamilə dayandırılır. Hər halda yaşadığımız Xətai rayonunda belədir. Bu qış Bakıya iki dəfə qar düşüb, iki dəfə də sərt hava şəraiti 5-6 gün sürüb. Həmin günlər istilik verilişi də dayandırılmışdı. Sonradan bərpa olunanda da verilən istilik qaneedici olmadı, hazırda borular isti yox, ilıqdır. "Azəristiliktəchizat"da xalqa yaxşı xidmət eləsələr əhali işıqpulunu da az ödəyər. Sakinlərdən "Azəristiliktəchizat" ASC-nin Xətai rayon şöbəsinin 16 saylı istilik məntəqəsinə gedən olub, baxıb ki, idarədə qızdırıcı borular az qalır istidən partlasın. Elektrik enerjisi kəsilən gecə keçən dəfə özünü məntəqənin rəisi kimi təqdim edən Emin Həsənovun telefonuna zəng elədim. İnsafən belə şəraitlərdə "Azərişıq" əməkdaşları adətən gecə yarıyadək, bəlkə də bəzən səhərə qədər iş başında olurlar. Sağ əlləri "Azəristiliktəchizat"dakıların başına. Elnur Həsənovdan fərqli o, telefonunu söndürüb evində istirahət edirdi. Dünən qurumun 956 qaynar xəttinə də zəng etdim. Operator xanım istiliyin dayandırılmasını elektrik xətlərindəki qəza ilə əlaqələndirdi: "Bilirsiniz ki, istilik qaz və işıqla əlaqəlidir, biri olmayanda digəri də olmur. İndi düzəldiblərsə də, tam ideal vəziyyətdə deyil, zəifdir". Dispetçer xanım idarədə qızdırıcıların daha yaxşı işləməsini məntəqənin yaxınlığı ilə izah etdi. Qeydiyyat aparıb problemi nəzarətə götürəcəklərini dedi.