BolgeXeber.Com » Sosial » Qafqaz tikan üstündə

Qafqaz tikan üstündə

13-03-2012, 12:50
Oxunub: 6 491 Regionda hər an dağıdıcı zəlzələ ola bilər, erməni ekspertlər iddia edirlər ki, Xəzərdəki neft hasilatı və İrana atılacaq bombalar prosesi sürətləndirə bilər

Qafqazda seysmik aktivlik ötən ilə nisbətdən 25-50 faiz həcmində artıb. Ən ağır vəziyyət isə Ermənistandadır. Bolgexeber.com xəbər verir ki, bu məlumatı Ermənistanın FHN başçısı Armen Yeriçsyan deyib. O bildirib ki, ölkəsində 30-a yaxın məktəb seysmik qurşağın üzərində yerləşir və onların hamısını nəzarətləri altında saxlayırlar.

Həmin orta məktəblərdə bütün vəziyyəti öyrəndiklərini deyən Yeriçsiyan bildirib ki, həmin tikililərin bərpasına və təmirinə ciddi ehtiyac var. «Biz oradakı vəziyyəti öyrənmişik və hər şeyi müşahidə altında saxlayırıq. Həmçinin şagird və müəllimlərə vaxtaşırı zəlzələ zamanı nə edəcəkləri barədə təlimlər keçirik. Amma bu məktəblərin təcili olaraq təmirə və yenidən qurulmasına ehtiyac var».

Ermənistanın təhsil naziri Armen Aşotyan isə bildirib ki, ölkəsinin bu qədər məktəbi birdən təmir etmək üçün maddi imkanları yoxdur. Onun sözlərinə görə, ən yaxşı halda gələn ildən etibarən maliyyə axtarışına başlaya bilərlər.

Qeyd edək ki, Qafqazda seysmoloji durumun ağırlaşmasının əsas göstəricilərindən biri kimi, Türkiyənin Van şəhərində ötən ilin sentyabrında baş vermiş zəlzələ göstərilir. 7,2 bal gücündə olan titrəyişlər nəticəsində 600 nəfər dünyasını dəyişib, 4000 insan isə yaralanıb. İlkin məlumatlara görə, son 4 ay yarım ərzində Türkiyə, Ermənistan, Gürcüstan, Azərbaycan, İran və Xəzər akvatoriyasında 1000-dən çox zəlzələ qeydə alınıb. Ən güclü zəlzələ isə Ermənistanda baş verib və onun gücü 3-4 bal gücündə olub.

Bu yaxınlarda Şamaxı və İsmayıllıda baş verən zəlzələlər isə durumu daha da ağırlaşdırıb. Azərbaycan Milli Elmlər Akademiyasının Seysmoloji Mərkəzinin rəhbəri Qurban Yetirmişli bununla bağlı deyib ki, 2011-ci ildə ölkəmizdə baş verən zəlzələlərin sayı 2010-cu ilə nisbətdə 25 faizdən 60 faizə qədər artıb.

Ermənistanda fəaliyyət göstərən «Ekosoyuz» təşkilatının rəhbəri Mane Akopyan isə bildirib ki, Qafqazda vəziyyəti ağırlaşdıran cəhətlər çoxdur. O, ilk olaraq Xəzərdən neftin çıxarılmasını göstərib. Akopyan iddia edib ki, dənizdən çıxarılan neftin yeri boş qaldığından, günlərin birində süxurların yerdəyişməsi baş verəcək. Onun sözlərinə görə, hasilatın artdığı bir vaxtda süxurlar arasında məsafələr çoxalır və qopmalar baş verir.

O ikinci təhlükə mənbəyi kimi isə İrana ediləcək hücumu göstərib. Erməni ekspertin dediyinə görə, Amerika İranda 65 metr qalınlığında beton divarı deşəcək bombadan istifadə etmək istəyir. «Bu o deməkdir ki, böyük bir zərbəyə gərək var. Bu isə yerin quruluşuna təsir edən amildir. Yəni, zərbələr Qafqazda seysmoloji vəziyyəti hərəkətə gətirərək, onun təhlükəyə çevirə biləcək gücdədir».