BolgeXeber.Com » Sosial » «Atena» nə istehsal edir?

«Atena» nə istehsal edir?

13-03-2012, 12:55
Oxunub: 7 427 Camaat Şahin Məmmədovun himayəsində olan şirkətin istehsal etdiyi süd və süd məhsullarının keyfiyyətindən şikayətçidir

«Atena» şirkətinin istehsal etdiyi süd və süd məhsullarının keyfiyyəti həddindən artıq aşağı imiş. Bunu Bolgexeber.com-a şirkətin məhsullarından istifadə edən şəhər sakinləri bildiriblər. Onlar deyirlər ki, «Atena»nın məhsulu olan süd və ayran demək olar ki, sudan heç nə ilə fərqlənmir.

Bizə edilən şikayətlərdə vurğulanır ki, sözügedən şirkətlə bağlı İqtisadi İnkişaf Nazirliyinə də müraciət olunub. Nazirlikdən isə bildiriblər ki, yaxın vaxtlarda həmin şirkətin məhsullarının keyfiyyətini araşdırmaq məqsədi ilə araşdırmalara başlayacaqlar. Vətəndaşlar da məhz bu araşdırmanı və şirkətə cəza verilməsini gözləyirlər. Çünki «Atena» istehlakçıları aldatmaqla məşğuldur və buna görə də, cavab verməlidir.

Lakin İİN-in bu şirkətə güc gələ biləcəyi inandırıcı görünmür. Səbəbi də odur ki, «Atena» Ağcabənin icra başçısı Şahin Məmmədova məxsusdur. Bu şəxsin hakimiyyətin yerlərdəki əsas fiqurlarından biri olduğunu nəzərə alsaq, o zaman belə başa düşmək olar ki, nazirlik qətiyyən məsələyə toxunmayacaq. Həm də indiyə qədər təcrübədə hansısa icra başçısının obyektinin əlindən alındığı halına rast gəlinməyib. Vətəndaşlara nazirlikdən verilən vəd isə elə vəd olaraq qalacaq.

«Atena»nın istehsal etdiyi məhsulların aşağı keyfiyyətli olmasına gəlincə isə bunun da bəlli səbəbləri var. Bu barədə danışan mütəxəssislər deyirlər ki, əvvəla şirkətin istehsal etdiyi məhsullar yerli heyvandarlığın imkanlarına deyil, xaricdən gətirilən quru südə əsaslanır. Belə ki, qeyd olunan istehsal müəssisəsi Ağcabədidəki heyvandarlıq kompleksindən aldığı südlə heç 10 günlük təlabatını ödəmək gücündə deyil. Bu səbəbdən də Hollandiya və digər Avropa ölkələrindən alınan quru süd sayəsində prosesi dayandırmamağa çalışır.

Sadəcə, burada başlıca problemlərdən biri kimi, şirkətin istehsal zamanı bəzi komponentlərin «ucundan», «qulağın»dan kəsməsidir. Yəni, nəzərdə tutulan miqdarda xammaldan istifadə olunmaması yekunda keyfiyyətsiz məhsulun ortaya çıxmasına səbəb olur. Bu qanuna görə, məsuliyyətdir və istehlakçının aldadılması deməkdir. Amma şirkətin icra başçısı və ya hansısa məmura məxsus olması qanunların işləmə mexanizmini ikinci plana keçirir.