BolgeXeber.Com » Sosial » “Eurovision” biletlərinin kassa satışı başladı

“Eurovision” biletlərinin kassa satışı başladı

23-04-2012, 11:20
Oxunub: 4 747 May ayında Bakıda keçiriləcək “Eurovision 2012” Mahnı Müsabiqəsinin şoularına biletlərin kassa satışına start verilib.

Bolgexeber.com-un verdiyi xəbərə görə, “Eurovision” Mahnı Müsabiqəsinin yarımfinallarına (22 və 24 may), yarımfinalların əsas məşqlərinə (21 və 23 may) və jüri finalına, yəni final şousunun əsas məşqinə (25 may) biletlərin vauçerlərinin kassa satışı bu saatdan etibarən paytaxtdakı 6 kassada həyata keçirilir.

Qeyd edək ki, biletlər adlı olacaq və hər bilet bir şəxsin adına sənədləşdiriləcək. Azərbaycan vətəndaşları üçün bilet satışı yalnız şəxsiyyət vəsiqəsi əsasında aparılacaq. 16 yaşına çatmayanların şəxsiyyətini təsdiqləyən sənəd kimi doğum haqqında şəhadətnamə tələb olunur.

Azərbaycanda yaşayan əcnəbilər üçün bilet satışı xarici pasportla aparılacaq. Hər bir şəxs maksimum 10 bilet ala bilər, bu zaman digər şəxslərin də sənədləri təqdim olunmalıdır.

Biletlərin satışı zamanı ödəmə nəğd və kart sistemi ilə manatla aparılacaq.

Alınmış vauçer və ya bilet dəyişdirilə, qaytarıla və ya üçüncü şəxsə verilə bilməz.

Xatırladaq ki, xüsusi qoruma nişanı olan bu vauçerlər hər bir şəxsin müsabiqənin müvafiq şousuna bilet aldığını təsdiqləyir.

Kassalarda və ya online sistemlə alınmış vauçerlər may ayının ikinci yarısından etibarən şəxsiyyəti təsdiqləyən sənəd əsasında biletlərə dəyişdiriləcək.

“Eurovision” Mahnı Müsabiqəsinin iki yarımfinal şousunun biletləri 90-150 AZN, onların əsas məşqlərinin biletləri 30-50 AZN, jüri finalının biletləri isə 60-100 AZN arasındadır.

“Eurovision” Mahnı Müsabiqəsinin 2012-ci ilin mayın 26-da keçiriləcək final şousuna isə milli kvota üzrə ayrılmış biletlərin hamısı satılıb.

Bakı şəhərində biletlərin kassa satışı aşağıdakı ünvanlarda olacaq:

1. Heydər Əliyev Sarayının kassası (saat 11:00-19:00)

2. Nizami, 68 ünvanında yerləşən satış köşkü (saat 11:00-19:00)

3. Azərbaycan kinoteatrı yaxınlığındakı satış köşkü (saat 10:30-18:30)

4. Hökumət Evi yaxınlığındakı satış köşkü (saat 10:00-18:00)

5. Azərbaycan Dölət Akademik Opera və Balet Teatrının kassası (11:00-19:00)

6. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kassası (saat 11:00-19:00)