BolgeXeber.Com » Sosial » Bazarda yerli məhsul od qiymətinədir - REPORTAJ

Bazarda yerli məhsul od qiymətinədir - REPORTAJ

20-02-2016, 12:38
Oxunub: 3 835 Bazarda yerli məhsul od qiymətinədir - REPORTAJ"Camaatımız nə yediyinə fikir vermir, əsas odur, ucuz olsun. Deyirsən, ay bacı, 20 qəpik artıq ver, yerli məhsul al, ancaq qulaq asmırlar”

Son aylarda ölkəyə idxal olunan bəzi kənd təsərrüfatı məhsullarının yararsız vəziyyətdə olması yerli mala olan təlabatı bir qədər də artırıb. Misal üçün deyə bilərik ki, fevral ayında İrandan gətirilən 72 ton kartofda “gürzə” aşkarlandığı üçün geri qaytarılıb. Göydil virusu yayıldığına görə Gürcüstandan, dabaq xəstəliyinə görə də Türkiyədən Azərbaycana diri heyvan və heyvan mənşəli məhsulların idxalının müvəqqəti qadağan ediləcəyi bildirilmişdi.
Bu məqamda “Qafqazinfo”nun əməkdaşları əhalinin yerli, yoxsa xarici məhsullara üstünlük verdiyini öyrənmək üçün Bakının məşhur bazarlarından biri olan “Keşlə bazarı”na üz tutub. Adətə uyğun olaraq bazara ilk ayaq basan kimi satıcıların hərəsi öz məhsulunu tərifləməyə başlayır. “Alma almaya bənzər” filmində Mirzə Babayevin səsləndirdiyi musiqidən heç də geridə qalmayan çağırışlar alıcıları yerli mala səsləyir:
Gəl apar siftədi,
Al apar müftədi
1 manat heç nədi
Kim alsa, kefdədi, gəl...
O vaxtdan bu vaxta satıcıların çağırışları dəyişməsə də, qiymətlərdə kifayət qədər fərq hiss olunur. Artıq bazarda filmdəki kimi tərifəlayiq almanın kilosunu 1 manata tapmaq müşkül məsələdir:

“6 növ almam var, 6-ı da yerlidir. İkisi Qusarındır, qalanlar Quba, İsmayıllı. Qiymətləri də müxtəlifdir. Məsələn bu baxdığınız Qızıl Əhmədinin kilosu 6 manatdır, 5 yarıma verə bilərəm.
Əvvəlcə bazardakı ümumi qiymətlərlə tanış olmaq istəyirik. Həm söhbətləşmək, həm də qiymətlərlə daha yaxından tanış olmaq üçün ən gözəl yol bazarı alıcılardan biri ilə gəzmək olar. Bu səbəblə yaxınlaşdığımız Məlahət Hüseynova bazarın daimi alıcılarındandır. Həmsöhbətimiz evinə yaxın olduğu üçün aylıq alış-verişini illərdir bu bazardan etsə də, artıq marketdəki qiymətlərlə elə də fərq görmədiyini dedi:
“Əvvəllər Bakının ən ucuz bazarlarından idi. Lazım olanı alıb evə qayıdırdıq. İndi burada da qiymətlər qalxıb. Bəzi tərəvəzlərin qiyməti elə marketlərdə də eynidir. Məsələn, limon marketdə də 50 qəpikdir, burada da”.
Bazarda yerli məhsul od qiymətinədir - REPORTAJ

Birlikdə qiymətlərlə maraqlanırıq:
Kartof 1 manat- 1 manat 50 qəpik,
mandarin 2 manat 50 qəpik - 3 manat,
kələm 50 qəpik,
alma 1 manat 50 qəpikdən 6 manata kimi.
Düzü, qiymətlər “Vasmoy”dan bir az baha görünür. Bunun səbəbini də satıcılar belə izah etdi:
““Vasmoy”un bazarında çəkidə oynayırlar, biz oynamırıq. Məsələn, baxın, bu 3 almanın qiyməti 80 qəpikdir. Hər kiloda bir-iki alma götürsəm, niyə də ucuz verməyim? İndi 20 qəpik qazanıramsa, onda 40-50 qəpik qabağa olacam. Ona görə də, alıcılar ehtiyatlı olsun, çəkidə aldanmasınlar”.
Ölkənin hər yerindən məhsul gətirən satıcılar son zamanlar yerli mala üstünlük verənlərin sayının artdığını bildirib:
“Düzdür, yerli məhsul almaq istəyənlər çoxdur. Deyirlər ki, xarab olsun, çürük olsun, eybi yox, yerli mal ver. Ancaq qiymətlərdə bir az fərq olduğu üçün xarici məhsul istəyənlər də var. İnsanlarımız nə yediyinə fikir vermir. Əsas odur ki, ucuz olsun. Deyirsən, ay bacı, 20 qəpik artıq ver, yerli məhsuldan al, ancaq qulaq asmırlar. Bu İranın xiyarıdır, 1 manat 50 qəpik. Bu da Maştağa xiyarıdır, 2 manat. İndi onun da dadına baxaq, bunun da. Tam fərqlənir”.

Söhbətləşdiyimiz başqa bir Sənan adlı satıcı keçən ilə nisbətən qiymətlərin qalxdığını, hələ bayramqabağı bir az da qalxacağını bildirdi:
“Mən birbaşa gətirirəm deyə qiymətlər nisbətən ucuzdur. Əldən-ələ keçəndə 20-25 qəpik üstünə qoyulur. Keçən il Quba almasının kilosu 1 manat, 1 manat 20 qəpik idi. İndi məhsul az oldu deyə qiymətlər qalxıb. Əhalinin də alıcılıq qabiliyyəti zəifləyib. Alan olsa, maksimum günə 3 yeşik alma satılar, ya yox”.
Satıcıların həmçinin xaricdən gələn məhsullarla bağlı hər hansı bir problem yaşamadıqlarını bildiriblər: “Düzdür, alıcılara əsasən yerli malı təklif edirik, ancaq xarici məhsullarda da elə bir problem yaşanmayıb. Dediyiniz o geri qaytarılan kartof da kimsə kiçik biznesmeni sıradan çıxarmaq üçün edilən bir şey olar. Bütün mallar “Vasmoy”a gətirilir, biz də ordan alırıq.
Birlikdə gəzdiyimiz Məlahət Hüseynova bizə qiymətlərin bazarın içində çölə nisbətən baha olduğunu demişdi. Onun bu sözünü qarşılaşdığımız maraqlı hadisə təsdiqlədi. Belə ki, içəridə olduğumuz zaman Gədəbəy kartofu satdığını, çöldəkilərin xarici məhsulu yalandan yerli mal kimi verdiyini deyən ağsaqqalla bir müddət sonra çöldəkilərlə mübahisə edən zaman qarşılaşdıq. Satıcılardan səbəbini soruşduğumuzda dayının onları hər zaman ucuz satdıqları üçün qınadığını dedilər.
Bazarda yerli məhsul od qiymətinədir - REPORTAJ

Gədəbəydən kartof, Qubadan alma, Maştağadan xiyar, Lənkərandan kivi, Göyçaydan nar...
Qimətlərin nə qədər ucuz, ya baha olduğunu deyə bilmərik, ancaq piştaxtalardakı xarici malın yerinin yavaş-yavaş yerli malla əvəzlənməsi təqdirəlayiq haldır. Necə deyərlər, hamı yerli mal alsın, xeyir vətənə qalsın...
Bolgexeber.com
Bazarda yerli məhsul od qiymətinədir - REPORTAJ
Bazarda yerli məhsul od qiymətinədir - REPORTAJ
Bazarda yerli məhsul od qiymətinədir - REPORTAJ
Bazarda yerli məhsul od qiymətinədir - REPORTAJ
Bazarda yerli məhsul od qiymətinədir - REPORTAJ