BolgeXeber.Com » Sosial » DYP əməkdaşı sürücünün sənədlərini oğurlayıb

DYP əməkdaşı sürücünün sənədlərini oğurlayıb

22-11-2010, 11:25
Oxunub: 6 896
Qərib Talışlı: «Elvin Əhmədov adlı polis əməkdaşı məndən sənədlərimi alıb, əvəzində «şirinlik» istədi, vermədiyim üçün onları götürüb qaçdı»

Dövlət Yol Polisi (DYP) ilə bağlı edilən şikayətlərin ardı-arası kəsilmir. Sürücülərin ən çox narazılıq etdiyi məqam yollarda quraşdırılmış radar qurğularının sayının çoxluğu və polisin onlardan rüşvət tələb etməsidir. Elə buna görədir ki, vətəndaşların əksəriyyəti dövlətin bütün ali qurumlarına müraciət edərək, onlardan baş verən özbaşınalıqların qarşısını almağı tələb edirlər. Amma buna baxmayaraq, nə tədbir görən var, nə də bu şikayətlərə məhəl qoyan.

Ötən gün Masallı rayonunun Ərkivan kənd sakini Qərib Eldar oğlu Talışlı ötən gün qəzetimiz vasitəsi ilə DİN başçısı Ramil Usubova müraciət ünvanlayıb. O yazır ki, noyabrın 16-da anasını Bakıya xəstəxanaya gətirən zaman Qaradağ DYP əməkdaşı tərəfindən saxlanılıb.

Qərib Talışlı müraciətində yazır ki, DYP əməkdaşı Əhmədov Elvin ondan heç bir səbəb göstərmədən rüşvət tələb edib. «Qaradağ DYP-nin əməkdaşı Elvin Əhmədov (avtomobilin dövlət nişanı 10 YP 384) məndən avtomobilimi saxlamağı tələb etdi. Mən də qanunlara riyayət edərək, əmrə tabe olaraq maşını saxladım. Məndən sürücülük vəsiqəmi və avtomobilin texniki pasportunu istədi. Bu əmrə də tabe olub tələb olunan sənədləri verdim. Bundan sonra məndən heç bir səbəb göstərmədən «şirinlik» tələb etdi. Bununla bağlı verdiyim sualıma isə cavab vermədən maşınına minərək oradan uzaqlaşdı. Və mənim maşınımın texniki pasportu ilə sürücülük vəsiqəmi də özü ilə apardı».

Q.Talışlı baş verən hadisə ilə bağlı DYP rəhbərliyinə məlumat vermək məcburiyyətində qaldığını bildirib. O yazıb ki, Qaradağ DYP-nin rəisi Bayram Ramazanovla əlaqə saxlayıb. «Bir neçə gün davamlı olaraq Bayram Ramazanovla əlaqə saxlayıb, aparılmış sənədlərimi istədim. Əvvəlcə mənə yardımçı olacağını söz versə də, sonradan bu işdə heç bir köməklik göstərməyəcəyini vurğuladı. Hal hazırda mənim sürücülük vəsiqəmin tapıldığı, lakin maşınımın texniki pasportunun yoxa çıxdığı məlum olub».

DİN başçısı Ramil Usubovdan polis adına ləkə gətirən və polisdə çalışan insanların oradan uzaqlaşdırılmasını xahiş edən Q.Talışlı belə adamların polis adına xələl gətirdiyini vurğulayıb. «Cənab nazir, sizdən xahiş edirəm ki, bununla bağlı mənə yardımçı olub, qanunsuzluğu aradan qaldırasınız».

Amma yollarda yaşanan problemlər bununla da bitmir. Radar qurğularının sürücülər üçün ciddi əngəl olduğu da göz qabağındadır. 55 yaşlı taksi sürücüsü Fikrət Qasımov deyir ki, yollardakı radarlar bir qayda olaraq görünməyən yerlərdə quraşdırılır. «İşarə qoyurlar ki, məsələn, sürət saatda 60 km. olmalıdır. Saatdan 63-65-lə getdin, iş bitdi... Əgər bu radarlar yol polisi əməkdaşlarının dediyi kimi təhlükəsizlik üçündürsə, niyə gizlində qoyurlar?»

Onun sözlərinə görə, 17 il öncəyə qədər Bakıda Səttarxan adına zavodda işləyib. Sovetlər dağılandan onun da iş yeri bağlanıb o vaxtdan da zamandan ailəsini taksi sürməklə dolandırır: «Bakıda da işləyirəm, rastıma uğurlu müştəri çıxanda rayonlara da gedirəm. Hər yerdə də radarları ya kol-kos dibində, ya hansısa borunun, körpünün arxasında gizli yerdə görürəm. Əgər məqsəd sadəcə yollarda təhlükəsizlik yaratmaqdırsa, onda radarları aşkar yerə qoysunlar, sürücülər də sürəti aşmasın».

Həmsöhbətimiz deyir ki, indiyə qədər iki dəfə avtomobili “radara düşüb”. Birinci dəfə onu qarşıdakı DYP postunda saxlayıb sürəti aşdığını bildiriblər. İkincisində isə yaşadığı ünvana bildiriş göndərib DYP İdarəsinə dəvət ediblər. Hər ikisində ona avtomobilinin sürəti aşma zamanı çəkilən fotosu təqdim olunub. Fotoda şəklin çəkilmə vaxtı ilə yanaşı avtomobilin sürəti də göstərilib.

2009-cu ilin martında Azərbaycan Konstitusiyasına edilən dəyişikliklərə görə, vətəndaşın görüntüsünü gizli çəkmək qadağandır. Bu, onların özəl həyatına müdaxilə sayılır və cəzalandırılır. Bəs, radarların gizli yerlərdə quraşdırılması, vətəndaşın xəbəri olmadan onun, avtomobilinin fotosunun çəkilməsi Konstitusiyanın sözügedən maddəsinin pozulması kimi dəyərləndirilə bilərmi?

Hüquqşünas Elçin Sadıqov deyir ki, ictimai təhlükəsizlik məqsədi daşıyan belə radarlar gizlədilməməlidir. Radarlar aşkarda quraşdırılmalı, yollarda sürət həddi, radarın yerləşdirildiyi haqqında xəbərdarlıqlar olmalıdır: «Qaydaları pozan sürücülərin, onların avtomobillərinin şəklinin çəkilməsinə gəlincə, ictimai məzmun daşıdığı üçün bunlar şəxsi həyata müdaxilə sayılmaya bilər. Əgər vətəndaş yatarkən onun şəkli çəkilirsə, bu, birmənalı olaraq onun şəxsi həyatına müdaxilədir. Çünki, yatmaq insan həyatının şəxsi hissəsinə aiddir. Bunu avtomobil idarə etməklə eyniləşdirmək olmaz».

Dövlət Yol Polisinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyevin sözlərinə görə isə radarlar bilərəkdən gizli yerlərə qoyulur ki, yol hərəkətinə riayət etməyən sürücüləri aşkar etmək mümkün olsun: «Radarların aşkar qoyulması yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında effektli sayılmır. Radarlar bilərəkdən gizli yerlərdə quraşdırılır. Sürücü hər an hiss eləməlidir ki, yol hərəkəti qaydalarını pozsa, cərimələnəcək».

Kamran Əliyev bildirir ki, ölkədə radarlar quraşdırılandan sonra yüksək sürət nəticəsində baş verən yol-nəqliyyat hadisələrinin sayı qismən azalıb. 2009-cu ildə yol-nəqliyyat olayları zamanı ölənlərin sayı təxminən 1200 nəfər olubsa, 2010-cu ilin ilk 10 ayında Azərbaycanda eyni səbəbdən 755 nəfər həlak olub: «755 nəfərin 393-ü birbaşa sürət həddinin aşmasına görə həlak olub. Bu, 50 faizdən yuxarı göstəricidir. Ona görə də, DYP ölkə yollarında sürətə nəzarət etmək üçün tədbirlər görür və bu, davam edəcək. Sürücülər unutmasınlar ki, Azərbaycanda yalnız iki yolda sürəti 110-na qədər yüksəltmək olar: biri Zığ şosesindən hava limanına qədər olan yol, ikincisi isə Bakı dairəvi yolu. Digər yollarda maksimal sürət saatda 60-90 km. arasındadır».

Radar yerlərinin seçilməsi prinsipinə gəlincə, Kamran Əliyev deyir ki, qurğu davamlı olaraq ağır yol-nəqliyyat hadisələri baş verən ərazilərdə quraşdırılır: «Sürücülər avtomobillərinin bahalığına, yüksək qoruyuculuq qabiliyyətinə, ya da yolların genişliyinə arxayın olub sürəti aşmasınlar. Çünki statistika qəzalar zamanı ən son model avtomobillərin belə qəzadan sığortalanmadığını göstərir».