BolgeXeber.Com » Sosial » ƏLİMƏMMƏD NURİYEV QOBUSTANA GEDƏCƏK

ƏLİMƏMMƏD NURİYEV QOBUSTANA GEDƏCƏK

1-12-2010, 13:30
Oxunub: 5 965 İctimai Komitənin koordinatoru Elçin Əmiraslanovla görüşəcək, həbsxanadakı durumla maraqlanacaq

Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmət üzrə İctimai Komitənin koordinatoru Əliməmməd Nuriyev Qobustan Həbsxanasına gedəcək. Bu barədə saytimiza açıqlamasında Ə.Nuriyev özü məlumat verib. Onun sözlərinə görə, həbsxanaya getməsinə səbəb keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin Qazax bölməsinin komandiri Elçin Əmiraslanovla görüşməkdir.

Qeyd edək ki, E.Əmiraslanov noyabrın 19-dan aclıq aksiyasına başlayıb. Buna səbəb isə məhkumun qardaşı İlqar Əmiraslanovun dediyinə görə, onun qanuni görüşlərinə şərait yaradılmaması, həmçinin saxlandığı kameraya xəstə dustaqların gətirilməsidir: “Elçin 14 ildir ki, Qobustan həbsxanasında cəza çəkir. 1992-ci ildə döyüş zamanı başından aldığı güllə yarasından sonra bədəninin bir tərəfi iflic vəziyyətə düşüb, 2-ci qrup əlildir. Ğzünü tam idarə edə bilmir, əsəbdən cəng olmalar baş verir. Bunlar azmış kimi, həbsxana rəhbərliyi 2 ildir ona qandal vurdurur. Son zamanlar isə onu Hepatit C və vərəm xəstəliyindən əziyyət çəkən məhbuslarla bir yerdə saxlayırdılar. Qardaşım dəfələrlə müraciət etsə də, buna məhəl qoyulmamış və o, etiraz əlaməti olaraq noyabrın 19-dan aclıq aksiyasına başlayıb”.

Ə.Nuriyev bizimlə söhbətdə bildirdi ki, həm Penitensiar Xidmətlə, həm də həbsxana rəhbərliyi ilə əlaqə saxlayıb və E.Əmiraslanovun aclıq aksiyası keçirdiyi təsdiqlənib: “Çalışıb bu şənbə-bazar Qobustan həbsxanasına gedəcəm və onun özü ilə danışıb məsələyə aydınlıq gətirəcəm”. Qeyd edək ki, digər ömürlük məhbus Şakir Rzaxanovun anası Müslümat Rzaxanova da oğlunun aclıq aksiyası keçirdiyini açıqlayıb. Onun sözlərinə görə, Ş.Rzaxanov qanuni yazışmalarına qadağa qoyulmasına etiraz əlaməti olaraq aclığa başlayıb. İctimai Komitənin koordinatoru ona bu barədə hər hansı müraciətin daxil olmadığını bildirdi. Ə.Nuriyev həbsxanada olarkən digər məhbuslarla da görüşüb oradakı ümumi durumla maraqlanacağını dedi.