BolgeXeber.Com » Sosial » Vergilər Departamentinin müfəttişi işdən qovulub

Vergilər Departamentinin müfəttişi işdən qovulub

6-12-2010, 17:05
Oxunub: 5 644
Vergilər Nazirliyi ödəyicilərlə bağlı daha 2 qərarını ləğv edib

Vergilər Nazirliyinin Vergi Apellyasiya Şurasında bir sıra vergi ödəyicilərində aparılmış yoxlamaların nəticələrinə əsasən qəbul olunmuş qərarların ləğvi barədə şikayətlərə baxılıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, vergi ödəyicisi kimi 3 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan Vahid Zöhrabovun Vergi Auditi Departamenti tərəfindən aparılmış operativ vergi nəzarətinin nəticələri üzrə tərtib edilmiş aktın və həmin aktla bağlı 3 saylı ƏVİ-nin yoxlama qərarının ləğv edilməsi barədə müraciətinə baxılıb.

V.Zöhrabov müraciətində ona məxsus obyektdə səyyar vergi yoxlaması keçirilən zaman müqavilə bağlanılmadan işə cəlb edilmiş şəxslərin olmadığını və yoxlamanın nəticələrinə dair aktla belə halların olmasını göstərən operativ vergi nəzarətinin nəticələri üzrə akt arasında uyğunsuzluq olduğunu bildirib. V.Zöhrabovun Şuranın iclasında bütün işçiləri ilə bağladığı əmək müqavilələrini təqdim etməsi, hesabat məlumatlarında və vergi bəyannamələrində işçilər barədə düzgün məlumat verməsi nəzərə alınıb və Vergi Apellyasiya Şurasının qərarı ilə V.Zöhrabovun təkrar şikayəti təmin olunub.

Apellyasiya Şurasının iclasında baxılan digər şikayət Ağstafa "Nəqliyyat Xidməti" ATSC-nin Vergi Auditi Departamenti tərəfindən səyyar vergi yoxlamasının nəticələri barədə tərtib olunmuş aktının yenidən araşdırılması və həmin akta əsasən qəbul olunmuş qərarın ləğv edilməsi ilə bağlı olub. Vergi ödəyicisi yoxlama aktı ilə razılaşmadığını, hesablanmış verginin və tətbiq edilmiş maliyyə sanksiyasını əsassız hesab etdiyini bildirərək Vergi Apellyasiya Şurasına müraciət edib.

Apellyasiya Şurası müraciətlə bağlı vergi ödəyicisinin və yoxlamanı həyata keçirmiş vergi əməkdaşlarının iştirakı ilə məsələni hərtərəfli araşdırıb. Bu araşdırma nəticəsində vergi ödəyicisinin Şuranın iclasında təqdim etdiyi əlavə dəlillər, həmçinin Vergi Məcəlləsində vergi qanunvericiliyinin pozulmasına görə şəxsin təqsirini və məsuliyyətə cəlb edilməsini istisna edən hallar nəzərə alınıb və Vergi Apellyasiya Şurası Ağstafa "Nəqliyyat xidməti" ATSC-nin təkrar şikayət ərizəsinin təmin olunması barədə qərar qəbul edib.

Ağstafa "Nəqliyyat Xidməti" ATSC-nin müraciəti əsasında aparılan araşdırmaların nəticəsi olaraq, səyyar vergi yoxlamasının keçirilməsi zamanı Vergi Məcəlləsinin müddəalarının, "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnamənin 34-cü maddəsinin və "Vergi işçisinin etik davranış kodeksi"nin tələblərini kobud surətdə pozduğuna görə, vergilər naziri Fazil Məmmədovun əmri ilə hazırda Bakı şəhəri Vergilər Departamentinin operativ nəzarət şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində işləyən, 1-ci dərəcəli müfəttiş Həsənov Rəşad Əli oğlunun vergi orqanlarında fəaliyyətinə xitam verilib.

Vergilər Nazirliyinin bütün struktur vahidlərinin rəhbərlərinə tapşırılıb ki, bu əmrdə qeyd olunan nöqsanları rəhbərlik etdikləri kollektivlərdə geniş müzakirə edərək, bu kimi hallara yol verilməməsi üçün müvafiq tədbirlər görülməsini təmin etsinlər.