BolgeXeber.Com » Sosial » Bakcell-dən yeni fırıldaq

Bakcell-dən yeni fırıldaq

20-12-2010, 16:20
Oxunub: 6 169 Şirkətin təklif etdiyi Data Kartların «sürəti» o qədər «güclüdür» ki, hətta adi saytı belə 20 dəqiqəyə açmaq olmur

Azərbaycanda fəaliyyət göstərən Mobil rabitə operatorları 3G sisteminə keçdikdən sonra müştərilərinə Data Kart xidməti də verməyə başlayıb. İnternet sisteminin geniş yayıldığı ölkəmizdə abunəçilərin daha rahat şəkildə bu xidmətdən istifadə etməsi isə həmin şirkətlərin işlərini asanlaşdırıb. Eyni zamanda, onların daha çox pul qazanmaq üçün rəqabətə girmələrinə də yardımçı olub.

Ancaq vəziyyət belədir ki, təklif olunan 3G xidməti o qədər bərbad haldadır ki, ondan yararlananlar hər gün şikayətlər etməkdədirlər. Elə bu səbəbdəndir ki, son dövrlər redaksiyamıza müraciət edənlərin sayı artıb və onlar aldıqları Data-Kartlardan əziyyət çəkdiklərini bildirirlər. Xüsusən də Bakcell-in təklif etdiyi Data Kartın sürət məsələsindən haray çəkənlər daha çoxdur.

Bununla bağlı verilən məlumatlarda deyilir ki, Bakcell Mobil Rabitə Operatorunun təklif etdiyi Data Kartlar həm keyfiyyətsiz, həm də sürət baxımından aşağıdır. Onlar bildirirlər ki, 3G sistemi sürətli İnternetin təmin olunmasını həyata keçirmək üçün nəzərdə tutulduğu halda Azərbaycanda bunun tam tərsini görmək mümkündür.

Belə ki, həmin kartlarda sürətin 1024 Mbt olduğu göstərildiyi halda, sürətin heç 100 olmadığı da diqqəti çəkir. Məhz buna görədir ki, istifadəçilər adi bir saytı açmaq üçün 20 dəqiqə gözləmək məcburiyyətində qaldıqlarını vurğulayırlar.

Nəzərinizə onu da çatdıraq ki, Bakcell-in təklif etdiyi Data Kartların qiyməti 55 manatdır. Aylıq abunə haqqı isə 1024 Mbt üçün 25 manat nəzərdə tutulur. Buna həvəslənən müştərilər də həmin kartlardan alaraq istifadə etməyə çalışdıqları halda, böyük bir zillətə düşdüklərinin fərqinə varırlar. Məsələ ilə bağlı şirkətə müraciət edənlər də olub. Ancaq buna baxmayaraq, Bakcell rəsmiləri deyilənləri inkar etməyə çalışırlar. Onların iddiası budur ki, şirkətin təkdim etdiyi 3G sistemi ən yüksək sürətli internetin müştərilərə verilməsini təmin edir. Amma reallıqda bunun tam əksini görənlər deyilənlərdən hiddətlənirlər. Di gəl, bunun bir faydasının olmadığı da göz qabağındadır./tia.az/