BolgeXeber.Com » Sosial » Avropa ilə bir «ömürlük» müqayisə…

Avropa ilə bir «ömürlük» müqayisə…

10-03-2017, 16:50
Oxunub: 3 302 Avropa ilə bir «ömürlük» müqayisə…Deputat Azərbaycanı uzunömürlülər diyarı sayır, bəs statistik məlumatlar nə göstərir?

Milli Məclisdə “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklər müzakirə edilmişdi. Qanuna 98 dəyişiklik təklif edilib və parlament komitəsi təklifləri qəbul edib. Dəyişikliklər əsasən, pensiyaya çıxmaqdan ötrü yaş və əmək stajlarının artırılması ilə bağlıdır. Kişilərin pensiyaya çıxmaq yaşının hər il 6 aydan bir artırılmaqla 65 yaşa qaldırılması, qadınların əmək pensiyaya çıxmasında yaş həddi də 2027-ci ilə qədər hər il 6 aydan bir artırılaraq 65 yaşa çatdırılması təkliflər arasındadır.
Məsələ uzunmüddət sosial şəbəkədə müzakirə olundu. Ümumiyyətlə isə hər kəs fikir çoxluğu ilə bu qanuna qarşı olduğunu bildirdi. Hazırda qadınların pensiya yaşı 60, kişilərinki isə 63-dür.

“Mən heç inanmıram Avropada uzunömürlü insan olsun”

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı «Azadlıq» radiosuna verdiyi müsahibədə bildirib ki, qadınla kişilərin pensiya yaşının bərabərləşdirilməsi təklif olunur: “Mən düşünürəm ki, qadınlara güzəştə gedilə bilərdi. Çünki qadınlar işləməklə yanaşı, ailəyə, uşağa da baxırlar. Onların enerjisi, beyni tək işə yox, həm də ailəyə sərf olunur. Amma düşünürəm ki, uğur qazanmış, iş-güc sahibi 65 yaşında hansı qadına “Pensiyaya get” desən, getməz. Amma xəstə olan, səhhəti imkan verməyən insanlar var ki, onlar da başqa kateqoriyaya aiddirlər. Ona görə müzakirə edilsin, baxaq görək. İnkişaf etmiş Avropa ölkələri ilə, Almaniya ilə müqayisə edək. Cəmi 3 yaş fərq var kişilərlə qadınlar arasında. Allah hamıya imkan versin 65-ə çatsın, görək pensiyaya gedəcəkmi? Mən burda, doğrusu, problem görmürəm”.

A.Naxçıvanlı Avropada insanların orta ömür müddətinin Azərbaycandan qısa olduğunu qeyd edib: “Kim deyir avropalıların ömrü daha uzundur? Siz xarici ölkədə 100-dən çox yaşı olan adam tapmısınız? Onlar hamısı Azərbaycandan çıxır, Lerikdən, Lənkərandan, Oğuzun özündən. 114 yaşlı qadın var Oğuzda, hər dəfə gedib ad gününü təbrik edirəm. Uzunömürlülük bizdədir də. Statistikanı kim ortaya qoyub ki? Mən heç inanmıram Avropada uzunömürlü insan olsun. Haçan gedirsən, Almaniyada bütün günü pivə əllərində restoranlardadırlar”.

Bəs deputatın dedikləri nə dərəcə realdır? Azərbaycanla Avropa ölkələrini müqayisə eləmək olarmı?

Avropa Birliyi ölkələrində orta ömür müddəti 80 ili ötüb. Bunu "The Independent" agentliyi Avropa İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hesabatına istinadən bildirib. Məlumatda bildirilir ki, son araşdırmalar nəticəsində müəyyən edilib ki, Avropanın 28 ölkəsində 1990-ci ildən bəri insanın orta ömür müddəti 74 ildən 80 ilə qədər artıb. Avropanın qərb ölkələrinin sakinləri Şərqi və Mərkəzi ölkələri sakinlərindən 10 il daha çox yaşayırlar.

Yaponların uzunömürlü olmasını yəqin ki, hər kəs eşidib. Bu ölkədə qadınlar orta hesabla 86 il, kişilər isə 78 il yaşayır. Orta göstərici isə 82,6 yaşdır. Çinin inzibati bölgəsi olan Honq-Konqda da insanlar çox yaşayır. Burada orta ömür müddəti 82,2 yaşdır. Bununla yanaşı, Avstraliya (81,2), Yeni Zellandiya (80,2) və Sinqapur (80,0) da orta ömür müddətinə görə ilk onluqda qərarlaşan ölkələrdir.
Dünya İqtisadi Forumu göstəricilərinə görə, ölkələrin inkişaf səviyyəsi artdıqca səhiyyə xidmətlərinin keyfiyəti artır. Bu da orta ömür müddətini uzadır. Orta ömür müddətinin ən uzun olduğu 15 ölkəni sizə təqdim edirik: Cənubi Koreya - 81,4 il, Lüksemburq- 81,4 il, Norveç- 81,5 il, İngiltərə-81,5 il, İsveç- 81,7 il, İsrail- 81,7 il, Avstraliya-82,1 il, Sinqapur- 82,1 il, İspanya- 82,4 il, Fransa- 82,6 il, İsveçrə - 82,7 il, İslandiya- 82,9 il, İtaliya- 82,9 il, Yaponya- 83,1 il, Honq Konq- 83,5 il-dir.

Pensiya yaşına və məbləğinə gəldikdə isə...

Qərbdə və Avropada təqaüd yaşı və pensiyanın həcmi daha çoxdur. Məsələn, Polşada pensiyaçılar 413 dollar alır. Kişilər pensiyaya çıxdıqdan sonra 8,2 il, qadınlar isə 20,9 il yaşayırlar. Hazırda bu ölkədə kişilər pensiyaya 65,4 yaşında, qadınlar isə 60,4 yaşında çıxırlar. Ölkədə pensiya yaşının artırıması ilə bağlı qanun dəyişikliyi ediləcəyi düşünür. Ancaq bunun üçün hələ uzun müddət var. Hökumət 2040-cı ilə qədər reallaşması nəzərdə tutulan plan hazırlayb. 2040-cı ildə bu ölkədə həm qadınlar, həm də kişilər 67 yaşında pensiyaya çıxacaqlar.

Fransada orta pensiya 1142 dollardır. Kişilər pensiyaya çıxdıqdan sonra 19,4 il, qadınlar isə 25,4 il yaşayırlar. Bu ölkədə də 2013-cü ildə pensiya islahatı keçirilib. Pensiya yaşı 60-dan 62-ə qaldırılıb. Amerikada təqaüdçülər orta hesabla 1200 dollar pensiya alır. Ancaq daha az alanlar da var. Bu isə ökədəki pensiya sistemi ilə bağlı məsələdir. Pensiya şəxsin işlədiyi müddətdə aldığı əmək haqqı və ödədiyi vergiyə görə hesablanır. İşlədiyi müddətdə az maaş alanlar az pensiya alır. Onlara isə dövlət yardım edir və minimal pensiya ödəyir. Minimal pensiya məbləği 733 dollardır. Kişilər pensiyaya çıxdıqdan sonra 11,9, qadınlar isə daha uzun-16,5 il yaşayırlar. Bu ölkədə 62 yaşı tamam olan qadın və ya kişi pensiyaya çıxa bilər.

Dünyanın ən çox əhalisi olan və uzunömürlülərin də sayca az olmadığı Çində pensiya yaşı 60-dir. Bu yaşda pensiyaya çıxan şəxslər orta hesabla 160 dollar alır. Kişilər üçün orta ömür 76, qadınlar üçünsə daha uzun- 97,7-dır. Bu ölkədə qadınlar və kişilər 60 yaşda pensiyaya çıxır. Lüksemburqda əmək fəaliyyəti 65 yaşa qədərdir. Nadir hallarda isə bu hədd 57-60 aralığında dəyişir. Dünya üzrə maksimum təqaüd da məhz bu ölkəyə məxsusdur- 3352 manatdır.

2011-ci ildən etibarən Norveçdə vətəndaşları strukturlarda işləmə yaşı 67-dir. Bu yaşı tamamlamış şəxslər təqaüdə göndərilir. Bu şəxslərin orta aylıq pensiyası isə 2883 manatdır. Qanuna əsasən aylıq gəliri 7342 manatdan az olan şəxslər mütləq qaydada dövlət təminatı ilə pensiya alır. Ölkədə əmək təqaüdü almaq üçün yaş həddi 65-dir. Almaniyada orta təqaüdün miqdarı 2353 manatdır.

Şimal sakinlərində təqaüdə çıxma yaşı 2015-ci ildə qəbul olunmuş qanuna görə, kişilər və qadınlarda 65 yaş olsa da, 2024-ci ildə bu yaş həddi 67-yə qaldırılacaq. Burada orta aylıq təqaüd 2143 manatdır. Yeni Zellandiyada sakinləri dünya üzrə çox nadir hallarda rast gəlinən təqaüd yaşını seçib. Belə ki, burada qadınlar və kişilər 2013-cü ildə qəbul olunmuş qanun layihəsinə əsasən 65 yaşında pensiyaya yollanır. Zellandiyalalıların orta aylıq təqaüdləri isə 2119 manat təşkil edir. Qonşu ölkədə kişilər 60, qadınlar isə 58 yaşından sonra təqaüd alır. Ölkədə maxsimum əmək maaşı 1142 manatdır. Yaponiya ölkədə əmək qabiliyyəti 60 yaşa kimidir. Lakin şəxsin arzusuna görə, bu müddət 65 yaşa kimi uzadıala bilər. Aylıq əmək təqaüdü isə 1103 manatdır. 2011-ci ildə qüvvəyə minmiş qanun layihəsinə əsasən İsraildə tədaüd almaq üçün yaş həddi kişilərdə 67, qadınlarda isə 62 qəbul edilib. Təqaüdçülərin orta aylıq maaşı 698 manat təşkil edir.



İqtisadçı ekspert Rövşən Ağayev də bildirib ki, məsələyə bir az da pensiya hüququ əldə edəcək insanların mənafeyindən baxmaq, onları anlamağa çalışmaq gərəkdir: “Bəli, bu gün Avropa ölkələrində, ABŞ-da, İsraildə, Yaponiyada pensiya yaşı yüksəkdir. Məsələn, Almaniyada və İspaniyada hər 2 cins üçün pensiya yaşı artıq 67 yaşdır. Hərçənd ki, nisbətən aşağı yaş senzi olan ölkələr də var. Məsələn, Belçikada hər 2 cins üçün 63, Fransada 62.5-dir. Faktiki olaraq Azərbaycan hökuməti pensiya yaşını 63 və 65 yaş həddi müəyyən etməklə, bu məsələdə inkişaf etmiş standartlarını tətbiq etmiş olur. Amma demoqrafik baxımından bu yanlışdır axı. Əvvəla, bu ölkələrdə kişilərin orta ömür uzunluğu 77-80, qadınların orta ömür uzunluğu 80-85 intervalında dəyişir. Bizdə isə hər iki cins üzrə orta ömür uzunluğu 75 yaşın altındadır. Yəni bizim insanların orta yaşama müddəti göstəricisi inkişaf etmiş ölkələrdən ən azı 10-15% aşağıdır. Bu göstəricidiən çıxış etsək, pensiya yaşının da eyni səviyyədə aşağı olması mütləq vacibdir. Bu halda ən azından yaxın 5 ildə Azərbaycandakı hər iki cins üzrə hazırkı pensiya yaşını saxlamaq daha ədalətli olardı. Başqa bir məqam. İnkişaf etmiş ölkələrdə 65 və yuxarı yaşda əhali ümumi əhalinin 15-20%-ni təşkil edir.

Yaxın zamanlarda isə bu nisbətin daha da artacağı gözlənir. Azərbaycanda isə bu göstərici çox aşağıdır - təxminən 6%. İnkişaf etmiş ölkələrdə ahıl əhalinin sayı öna görə çoxdur ki, onlar pensiya yaşından sonra uzun yaşayırlar - orta hesabla 15-20 il. Beynəlxalq standarta görə isə, pensiya yaşı elə müəyyən edilməldir ki, insanlar pensiyaya çıxdıqdan sonra orta hesabla 12 il yaşaya bilsinlər. Ən son məlumata görə, inkişaf etmiş ölkələrdə yaşlı əhalinin ən azı 70%-i 70 yaşdan sonra vəfat edir, cəmi 30%-i əmək qabiliyyətli yaşda və pensiyaya çıxdıqları ilk 5 ildə vəfat edirlər”.