BolgeXeber.Com » Sosial » Yarmarkalarda camış əti satılır

Yarmarkalarda camış əti satılır

20-11-2012, 11:05
Oxunub: 4 967 Nazirlik rəsmisi: “Burada heç bir qəbahət yoxdur”

Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi həftəsonu yarmarkalarında camış ətinin satılması ilə bağlı məlumatlar yenidən gündəmə gəlib. Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli Bolgexeber.com-a bildirib ki, yarmarkalarda mal əti ilə yanaşı camış əti da satışa çıxarıla bilər: “Bizə daxil olan məlumata görə, yarmarkalarda mal və qoyun əti satılır. Amma camış əti də satıla bilər, burada heç bir qəbahət yoxdur. Sadəcə ətin camış əti olduğu mütləq üzərində qeyd olunmalıdır”.

Camış ətinin mal əti adı altında satılmasına gəlincə isə, Y.Xanvəli alıcıların bunu müəyyən etməsinin mümkün olduğunu deyib: “Üzərindəki yağı ağ rəngdə olan ət camış, sarı rəngdə olan ət mal ətidir. Əgər camış əti inək əti adı altında satılarsa, bu cinayətdir. Amma indiki halda bizə bununla bağlı heç bir məlumat daxil olmayıb”.

Azərbaycanda camış ətinin keyfiyyəti ilə bağlı narahatlıq olmadığını deyən qurum rəsmisi “Mal, inək və camışlarda heç bir xəstəlik müşahidə edilmir. Yarmarkaya çıxarılan ətlər də yoxlanılır. Ona görə də narahatlığa əsas yoxdur. Mütəxəssislər camış ətinin tərkibində xolesterinin az olduğunu bildirir. Bu baxımdan camış əti sağlamlıq üçün daha xeyirlidir”.