BolgeXeber.Com » Sosial » Ər arvadını bel sapı ilə ölümcül döydü

Ər arvadını bel sapı ilə ölümcül döydü

21-11-2012, 15:30
Oxunub: 4 496 Zərərçəkmişin sözlərinə görə, ailə həyatı qurduğu gündən bəri ərinin mütəmadi işgəncələrinə məruz qalıb

Abşeron rayonunda dəhşətli cinayət baş verib. Rayon Polis İdarəsindən Bolgexeber.com-a verilən məlumata görə, hadisə rayonun Goradil qəsəbəsində baş verib. 36 yaşlı Tofiq Əzizov həyat yoldaşı, 30 yaşlı Könül Əliyevanı vəhşicəsinə döyüb.

Könül Əliyeva baş və bədən nahiyəsindən aldığı çoxsaylı xəsarətlər nəticəsində ağır vəziyyətdə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

İlkin istintaqa verdiyi ifadəsində Könül Əliyeva həyat yoldaşının onu kürək sapı ilə döydüyünü bildirib: “İşdən gəlmişdim, paltarımı soyunurdum. Bilmirəm haradan çıxdı, kürəyin sapı ilə məni döydü”.

Qeyd edək ki, Könül Əliyeva və onun həyat yoldaşı Tofiq Əzizov rəsmi şəkildə ər-arvad olsalar da, bir ilə yaxındır ayrı yaşayırlar. Qadının sözlərinə görə, əri 8 ay əvvəl onu və 2 azyaşlı qızını ataraq xaricə gedib.

Bir neçə gün əvvəl isə Tofiq Əzizov yenidən geri qayıdıb və ailədə söz-söhbətlər yaranmağa başlayıb. Zərərçəkənin sözlərinə görə, ailə həyatı qurduğu gündən bəri əri tərəfindən mütəmadi olaraq işgəncələrə məruz qalıb.

Faktla bağlı artıq Abşeron rayon Polis İdarəsində araşdırma başlanılıb. Hadisə ilə bağlı zərərçəkənin ifadəsi də alınıb, Tofiq Əzizov saxlanılıb. Araşdırmalardan sonra baş verən ailə faciəsinə lazımi hüquqi qiymət veriləcək.