BolgeXeber.Com » Sosial » “Oksigen” klinikasında qətlə yetirilən ana-balanın - şok dramı

“Oksigen” klinikasında qətlə yetirilən ana-balanın - şok dramı

26-11-2012, 12:15
Oxunub: 14 591 “Lakin Ləman Əzizlinin ailə üzvləri zorla reanimasiya şöbəsinə girəndə gördüklərindən şok olublar”


Bir neçə gün əvvəl Bolgexeber.com-da Bakının məşhur tibb ocaqlarından sayılan “Oksigen” klinikasında 23 yaşlı bir qızın cərrahi əməliyyat olunması və bundan sonra komaya düşməsi haqda məlumat vermişdik. Həmin xəbərdə qeyd olunurdu ki, Günel Səfərli adlı bir xanımın klinikanın xaricdə təhsil alan həkimi İlahə Quliyeva tərəfindən əməliyyat ediləndən sonra komaya düşüb. Bundan sonra, xəstə Mərkəzi Neftçilər, daha sonra isə Mərkəzi Kilinik Xəstəxanaya yerləşdirilsə də həyatını xilas etmək mümkün olmayıb. G. Səfərli dünyasını dəyişib. Valideynləri qızın qırx mərasimini verəndən sonra bu barədə ölçü götürəcəklərini bildirmişdilər. Və qeyd olunmuşdu ki, iş üzrə müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Məlumat üçün deyək ki, həmin material saytda gedəndən sonra böyük rezonansa səbəb olub. Oxucular tərəfindən həmin yazıya çoxlu sayda şərhlər yazılıb, redaksiyaya zənglər edilib. İnsanlar “Oksigen” klinikasında baş verənlər haqqında şok məlumat çatdırıblar. Məlum olub ki, bu klinikada təkcə Günel Səfərlinin başına oyun açılmayıb. Burada başqa ölüm faktları da olub ki, bu barədə də “Qafqazinfo”ya maraqlı faktlar verilib.

Maraq üçün deyək ki, klinika millət vəkili, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevə məxsusdur. Hal hazırda da onun birbaşa nəzarəti ilə fəaliyyət göstərir. Lakin o “Oksigen”də baş verənlərlə bağlı “Qafqazinfo”nun əməkdaşına danışmaq istəməyib. Deputat deyib ki, baş verənlərdən xəbərsizdir. Bunu araşdırandan sonra açıqlama verə bilər. Qeyd edək ki, əslində “Oksigen” klinikası millət vəkili Əhməd Vəliyevin oğlu, “Muğanbank”ın rəhbəri Münir Vəliyevə məxsusdur.


Bu klinikada baş verənlərlə bağlı Səhiyyə Nazirliyi məlum olmayan səbəblərdən susa da, müvafiq qurumlar, o cümlədən Respublika Prokurorluğu tərəfindən araşdırmaların aparıldığı, şikayətlərin araşdırıldığı qeyd olunur.

Biz isə “Oksigen”də baş verən daha bir ölüm faktı il bağlı şok məlumatı oxucuların, eyni zamanda müvafiq qurumların diqqətinə çatdırırıq ki, bəlkə bundan sonra lazım olan ölçü götürülsün və ya cəmiyyətdə hər hansı bir açıqlama verilsin.

Beləliklə ilk yazıdan sonra redaksiyamıza daxil olan məlumatda qeyd olunur ki, “Oksigen”də daha bir gənc qadın dünyasını dəyişib. Bu dəfə isə 25 yaşlı Ləman Əzizli və onun dünyaya gətirdiyi körpə həkim səhlənkarlığının qurbanı olub. Mərhumun yaxınları “Qafqazinfo”ya bildiriblər ki, bu il mayın 26-da Bakı şəhər sakini 25 yaşlı Ləman Əzizli və onun dünyaya gətirə bilmədiyi övladı əməliyyat stolunda canını tapşırıb.

Mərhumun yaxınlarının verdiyi məlumata görə, L.Əzizli “AzərTurkMed” klinikasında doğuşaqədrəki 9 ay müddətində məşhur həkim Ərsadiq Turanın nəzarətində olub. Həkim də L.Əzizliyə hər şeyin normal olduğunu, uşağın tam sağlam inkişaf etdiyini bildirib və ananı təbii doğuşun mümkünlüyünə inandırıblar. Maraq üçün deyək ki, AzərTurkMed” klinikası Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanova məxsusdur.


Doğuş vaxtı yetişəndə E.Turan “AzərTurkMed” klinikasında doğuş aparmaq üçün lisenziyanın olmamasını səbəb göstərərək müasir və daha gözəl “Oksigen” kilikasını təklif edib.

Doğuş günü isə mayın 26-na, Bakı şəhərində keçirilən “Evrovision” mahnı müabiqəsinin final gecəsinə təsadüf edib. L. Əzizli doğuşa girəndən bir neçə saat sonra həkimlər gələrək təbii doğuşun mümkün olmamasını bildiriblər və qeysəriyyə əməliyyatı etmək istəyiblər. Bu barədə qızın atasına məlumat verib, icazə alıblar.

Onu da əlavə edək ki, əməliyatda “Oksigen” klinikasının ginekologiya şöbəsinin müdiri İlahə Quliyeva, Arzu Məmmədova, E.Turan və anistizioloq Tərlan Zeynalov iştirak ediblər.

Lakin razılıq alıb əməliyata girəndən bir neçə dəqiqə sonra həkimlər uşağı itirdiklərini, L.Əzizlinin həyatını qoruya bildiklərini və hazırda reanimasiyada olduğunu bildiriblər.

Lakin L.Əzizlinin ailə üzvləri zorla reanimasiya şöbəsinə girəndə gördüklərindən şok olublar. Valideynləri qızın süni nəfəs aparatına qoşulduğunu görüblər. Həkimlər ailə üzvlərini qızın sağ-salamat olmasına inandırsalar da, sonradan məlum olub ki, L.Əzizli elə cərrahiyə stolunda keçinibmiş.

Hadisə ilə bağlı iş Nərimanov rayon Prokurorluğundan araşdırılıb. Sonra materiallar Bakı şəhər Prokurorluğuna göndərilib.

Maraqlı odur ki, bu əməliyatda da bir neçə gün əvvəlki xəbərdə Günel Səfərlinin ölümü ilə nəticələnin əməliyatı həyata keçirən İlahə Quliyeva iştirak edib.

Klinikdan öyrənə bildik ki, İlahə Quliyeva “Oksigen”də ginekologiya şöbəsinin müdiri olub. Onun həyat yoldaşı Araz Bayramov isə həmin klinikada urologiya şöbəsinin müdiridir. Hər ikisi Fransada təhsil alıblar.

Hazırda isə İ.Quliyeva həmin xəstəxanada işləmir. Onun mobil telefonuna edilən zənglər də cavabsız qalır.

Qeyd edək ki, “Oksigen” klinikasında baş verən ölüm faktları ilə bağlı maraqlı məlumatlar daxil olub və onlar hazır olduqca təqdim edəcəyik. Bu müddətdə isə ölkənin müvafiq qurumlarından baş verənlərə hər hansı bir aydınlıq gətiriləcəyinə ümid edirik.