Füzuli Ələkbərovun nazirliyində bir gün
23-02-2013, 14:40
Oxunub: 4 522
Səhər tezdən qəbul otağı şikayətçilərlə doludur. Məcburi köçkünlər, şəhid ailələri, əlilliyi olan insanlar qəbul otağının qarşısında dayanıb qəbula düşmək üçün mübahisə edirlər.
Bura Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəbul otağıdır. Nazirin qəbul günü olmasa da, vətəndaşlar ancaq Füzuli Ələkbərovla görüşmək istəyindədir.
Qəbul otağının qarşısında dayanan nazirliyin əməkdaşı isə bildirir ki, F.Ələkbərovun qəbul günü həftənin birinci günüdür. Nazir şikayətçiləri həmin gün saat 15.00-da qəbul etməyə başlayır. Qəbula isə saat 10-dan 13-dək yazılmaq lazımdır.
Bundan başqa, həftənin ikinci və beşinci günləri nazir müavinləri şikayətçiləri qəbul etməlidir ki, bunun üçün də əvvəlcədən qəbula yazılmaq lazımdır.Qəbul otağındakı vətəndaşlar isə nazirliyin işçiləri tərəfindən içəri otağa aparılmır. Özünü Bayram müəllim kimi təqdim edən şəxs vətəndaşları uzun-uzadı sorğu-suala tutur və probleminin həllini başqa yerdə axtarmağı məsləhət görürdü. Şikayətlərin içəri, mütəxəssislərin oturduğu masaya doğru keçə bilməməsi isə onların narazılığına səbəb oldu. Şikayətçilər bezərək səslərini qaldırmağa və qışqırmağa başladılar. “Mən Qarabağ əliliyəm. Bu, nədir? Qapıdan içəri buraxmırsınız? Hərəni bir bəhanə ilə yola salırsınız” deyə, şikayətçilərdən biri səsini qaldırır. Daha sonra o, kiməsə zəng edib vəziyyəti izah edir: “Məni qapıdan qaytarırlar. Elə Bayram müəllim məni geri qaytarır. Bizi heç kim dinləmək istəmir”.
Nazirliyin əməkdaşı isə bu mübahisədən və zəngdən sonra həmin şikayətçini içəri buraxdı. Sonra da gileyləndi: "Burada hamı əlildir, hamı ehtiyacı olandır. Buna bax, deyir ki, Qarabağda vuruşmuşam-filan".Digər şikayətçi də bezib səsini qaldırır: “Belə olmaz. Danışmağa imkan vermirsiniz! Bir səlahiyyətli şəxs yoxdurmu dərdimizi deyək”.
Üçüncü şikayətçi də nazirlik əməkdaşının qaba rəftarına dözməyib qışqırır: “Bütün gecəni küçədə qalmışam. Nə zaman səsimizi eşidən olacaq?” Həmin şikayətçi də içəri buraxılır.
Dilbər adlı məcburi köçkün isə deyir ki, ünvanlı sosial yardım almaq üçün nazirlə görüşmək istəyir: “Çünki ünvanlı yardım almaq üçün müraciətlərimizə baxan yoxdur. Dörd uşaqla acınacaqlı vəziyyətdə yaşayırıq. Bir ərim işləyir, o da küçədə tum satır. Dolanmaq mümkün deyil. Nazirin qəbuluna düşmək istəyirəm”.
Onu dinləyən nazirlik əməkdaşı isə deyir ki, bu, çıxış yolu deyil: “Hə, nə olsun, tutaq ki, qəbula düşdün. O dəqiqə problemin həll olunacaq? İmkan verirsən ki, işimizi görək?” Ancaq həmin qadın və əri şikayətlərinə cavab tapmadan getdilər.
Bir neçə nəfər isə sanatoriyaya getmək üçün yazılan siyahıda adlarının olmadığına etiraz edirdi: “Siyahıya adımız düşməyib. Ona görə gəlmişik. Qapıdan qaytarma, imkan ver sözümüzü deyək. Nabranda sanatoriyaya getmək istəyirik, əlilik. Adımızı yazmışdılar, indi deyirlər ki, siyahıda yoxuq. Ona görə gəlmişik”. Digər şikayətçi isə deyir ki, bütün dövlət qurumlarında belədir: “Yalandan yola verirlər”.
Şikayətçilərə nazirlik işçilərinin zəng etmək üçün verdiyi nömrə də narazılıq yaradır: “O nömrə faksa qoşulu olur. Heç vaxt telefonu götürən olmur. Yalandan aldadırsınız”.
Yaşlı bir kişi isə bildirir ki, ünvanlı sosial yardım almaq üçün dəfələrlə müraciət etsə də, alınmayıb: “İşsizəm, 64 yaşım var. İnanın ki, evdə yeməyə çörəyim yoxdur. Deyirlər ki, mənə ünvanlı yardım düşmür. Gəlmişəm nazirdən kömək istəyəm”. Nazirliyin işçiləri onun nömrəsini istəyib bildirirlər ki, problemini həll edə bilsələr zəng edəcəklər.
Gəncədən olan qadın isə şəhid olmuş oğlunun pensiyasını almaq üçün sənəd düzəldərkən rastlaşdığı problemlərdən danışır: “Get-gələ salıblar. İndi də deyirlər, oğluma şəhidlik statusu verilməyib. Mən bu statusu Gəncə Məhkəməsinə müraciət edib almışam. Ancaq burada indi də Müdafiə Nazirliyinə müraciət etməyimi istəyirlər. Bezmişəm yollarda gəzməkdən”.
Nazirliyin qəbul otağında ev növbəsinə yazılan Qarabağ əlili də vardı, sosial yardım üçün, hətta iş üçün müraciət edən də, pensiyasını qaydasında ala bilməyən də. Onlar hamısı nazirin özü tərəfindən qəbul edilmələrini istəyirdilər. Vətəndaşların fikrincə, nazir onların problemini eşitsə, həllinə çalışacaq. Şikayətçilər arasında “Görünür bizim şikayətlərin hamısı yuxarılara çatmır”,- deyənlər də var. Onlar qəbul günü olmadığından nazirlə görüşə bilməsələr də, bəzisi probleminin həll ediləcəyi barədə vəd aldı.
musavat.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər