BolgeXeber.Com » Sosial » Məhkəmə 3 milyon yarım pul atan qadını necə “dəli” etdi?

Məhkəmə 3 milyon yarım pul atan qadını necə “dəli” etdi?

9-04-2013, 09:50
Oxunub: 6 649 Elman Rüstəmovun adamı kimi özünü təqdim edən Dilarə Imanova 100-ə yaxın vətəndaşdan milyonlar mənimsəyib
«Özünü «Okean» avtosalonun sahibi kimi təqdim etdi, dedi ki, Elman Rüstəmov arxamda durur»
Bakı şəhər sakini Dilarə Imanova bir qrup adamla əlbir olaraq 100-ə yaxın şəxsin aldatma yoluyla ümumilikdə 3 milyon 500 min manatını mənimsəyib. Hazırda iş Bakı Ağır Cinayətlər Məhkəməsindədir. Istintaqın gəldiyi nəticəyə görə, 45 vətəndaşa 870 min manat ziyan dəyib. Ancaq vətəndaşlar bu məbləğlə razı deyil...
İstintaq 870 min, vətəndaşlar 3 milyon 500 min manatın mənimsənildiyini deyir
“Azadlıq”a danışan şikayətçilər deyirlər ki, Dilarə Imanova ona edilən etibardən sui-istifadə edərək külli miqdarda ziyan vurub.
Onlar iddia edirlər ki, 45 vətəndaşa Dilarə Imanova öz adamlarıyla birlikdə 1 milyon 480 min manat ziyan vurub: “Bu işdə 97 zərərçəkən var. Ancaq bəziləri müəyyən səbəblərdən istintaqa ifadə verməyiblər, yəni şikayətçi deyillər. Dilarə Imanovanın əldə etdiyi pulların ümumi məbləği 3 milyon 500 min manat edir”.
Bir neçə zərərçəkənin nümayəndəsi olan Bəxtiyar Kərimov deyir ki, Dilarə Imanova hüquqlarını qoruduğu Mirağa Həsənova 134500, Xeyrulla Əhədova 65000, Şahin Məmmədova 15000 dollar min dollarını mənimsəyib: “Bütün bu olaylar 2008-ci ilə qədər olub. Dilarə ona edilən etibardan sui-istifadə edib”.
Özünü “Okean” avtosalonun rəhbəri kimi təqdim edən Dilarə Imanova arxasında Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun dayandığını deyirmiş. Bu işdə ona yardımçı olan Süleyman Məmmədov, Mübariz Sofiyev, Rizvan Şıxhəmzəyev isə həbs olunmaqdan canlarını qurtara biliblər.
“Istintaqın gəldiyi nəticəyə görə, vətəndaşlara 870 min manat ziyan dəyib. Ancaq bu reallığı əks etdirmir. Əvvəla burada 3 milyon 500 min manat mənimsənilib. Şikayətçi olmayanları çıxsaq, faktiki olaraq 45 nəfərə ümumilikdə 1 milyon 480 min manat atıblar. Dilarə hər yerdə Elman Rüstəmovun adından istifadə edib. Deyib ki, arxamda Mərkəzi Bankın rəhbəri dayanıb. Ona görə də bu qədər cinayətləri törədib” - deyə vətəndaşlar bildirirlər.
“Dilarə ”anlaqsız" adını almaqla bir neçə adam məsuliyyətdən yaxa qurtara bilib"
Bəxtiyar Kərimov deyir ki, ibtidai istintaq Dilarə Imanovanı bu işləri törədərkən “anlaqsız” vəziyyətdə olduğu barədə rəy verib: “Onu Maştağa qəsəbəsində yerləşən 1 saylı psixiatrik xəstəxanada yerləşdiriblər. Üç dəfə ekspertiza onun ”anlaqsız" olduğu barədə rəy yazıb, yalnız dördüncü dəfə müəyyən olunub ki, elə bir şey yoxdur. Belə bir rəyi yazmaqla həm də bu məsələdə təqsirli olan başqa şəxsləri məsuliyyətdən kənarda saxlaya biliblər. Halbuki, Mübariz Sofiyev, Süleyman Məmmədov da cinayət məsuliyyətinə cəlb olunmalı və həbs edilməlidir. Süleyman Məmmədov istintaqa ifadəsində deyib ki, pullar vətəndaşların razılığı ilə 15-16 bank filiallarından götürülsə də onlara heç nə çatmayıb. Hər kəsi bir yolla aldadıb".
Zərərçəkən Zakir Nəbiyev deyir ki, ona avtosalondan “Mercedes” markalı avtomobil verilməli idi: “Saleh adlı şəxs gəldi dedi ki, başçımızı Dilarədir. Mən ona 7500 manat pul verdim. ”Mercedes" olmadığı üçün əvəzində “Nissan” verdilər. 4 ay ərzində banka pul ödədim. Ümumilikdə maşın 15 min manata başa gəldi. Maşını satmaq istəyəndə məlum oldu ki, bankın adından çıxmayıb. Salehə zəng etdim. Dedi ki, on dəqiqəyə sizə gəlirəm. Bizdə Dilarəylə danışdı. Məsələni həll etdilər. Maşını aldılar dedilər ki, 4 ay möhlət ver bizə sənə “Tucson” markalı avtomobil verəcəyik. Üstəlik, dəyərindən 3-4 min manat aşağı qiymətə olacaq".
Zakir Nəbiyev onlara inanaraq maşını verir, məsələnin üzərindən 4 ay keçməmiş Dilarə Imanovanı həbs edirlər və onun verdiyi pulda batır.
“Başımıza gətirilməyən oyun qalmayıb”
Başqa bir zərərçəkən Şahin Məmmədovun “Tucson” maşını alıb qaytarmayıblar. O da məhkəyəmə gələrək 15 min manatını tələb edir.
“Dilarə Imanovayla yanaşı yalnız qeyri-rəsmi nikahda olan 44 yaşlı Saleh Ismayılovda həbs edilib. Dilarə və onun ətrafında olan şəxslər özlərini iş adamı kimi təqdim ediblər. Maşın və ev almaq istəyənləri şirnikləndirərək satış qiymətindən aşağı qiymətə almaq bəhanəsi ilə saxta bank əməliyyatı apararaq bizə ziyan vurublar. Camaata təkrar satışa çıxarılan avtomobilləri banklar vasitəsilə ucuz qiymətə, ilkin ödənişsiz təklif ediblər. Banklara aparılacaq ödənişlərin bizim vasitəmizlə həyata keçirilməsini şərt kimi irəli sürüb” - deyə vətəndaşlar söyləyirlər.
“Dörd ildir ki, məhkəmələrdə əsir-yesir olmuşuq. Hər dəfə prosesə rayondan gəlib-getmək çox çətin olur. Dörd ildir proses yubadılır. Ali Məhkəmədən belə keçmişik. O vaxt Ali Məhkəmənin hakimi Ilham Cəfərov bütün insan hüququ və azadlıqlarının, ölkəmizin qoşulduğu beynəlxalq konvensiyaları belə pozaraq qərarı özü elan edərək təxirə salınmış məhkəmə iclasına keçmiş tarix verdi. Etirazlarımızdan sonra həmin qərarını ləğv etdi və məhkəmənin təxirə salınması barədə qərarı verdi. Yəni başımıza gətirilməyən oyun qalmayıb. Bütün bunlara baxmayaraq sona qədər mübarizə aparacağıq. Pullarımızı almayana qədər susmayacağıq”.
10-dan çox bankın meneceri...
Cinayət işinə diqqət yetirəndə Dilarə Imanova və onun adamları vətəndaşlara ikinci əldən olan maşınların satışını 10-dan çox bank vasitəsilə həyata keçirib. “Atabank”, “Unibank”, “United Kredit Bank”, “AcsesBank”, “Bank of Baku”, “Bank Respublika”, “Azərbaycan Bankı”, “Dekabank”, “Nikoylbank”, “Dəmiryolbank” və “Royalbank”ın adları çəkilir. Bu bankların rəsmi qəbzlərinin Dilarə Imanovanın əlinə necə keçməsi isə məsələnin ən maraqlı tərəfidir.
O, məhkəmə tibb-ekspertizasının qərarı ilə anlaqsız elan edilib. Özünü 10-dan çox bankın meneceri kimi təqdim etməsini anlaqsız vəziyyətdə həyata keçirib. Həmin bankların qəbzlərindən istifadə edərək əhalidən avtomobil krediti yığıb.
Buna görə də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm elan edərkən Dilarə Imanovanın barəsində ittiham hökmü çıxarmayıb və məhkəmə onun xəstə olması barədə qərar açıqlayıb. Məhkəmə Dilarə Imanovanın Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə nəzərdə tutulmuş ictimai-təhlükəli əməli anlaqsız vəziyyətdə törətməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi və ona tibbi xarakterli məcburi tədbirin təyin olunması barədə qərar qəbul edib.
Məhkəmənin qərarından cinayət işi üzrə zərərçəkənlər apelyasiya şikayəti veriblər. Onlar Dilarə Imanovanın barəsində çıxarılan məhkəmə qərarının ləğv edilməsini və ittiham hökmünün çıxarılamasını, həmçinin dəymiş ziyanın ödənilməsini tələb ediblər.
O zaman hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, zərərçəkmişlərin şikayət təmin edilib. Məhkəmə Dilarə Imanovanın xəstə olması ilə bağlı çıxarılan qərarı ləğv edib və məcburi müalicəyə xitam verilib. Məhkəmə cinayət işinin yenidən araşdırılması üçün ibtidai araşdırmanı aparan prokurorluğa qaytarıb. Indi hakim Ənvər Seyidovun sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində proses davam edir.