BolgeXeber.Com » Sosial » Ünvanı səhv düşən ünvanlı sosial yardım, yoxsa sosial bəla

Ünvanı səhv düşən ünvanlı sosial yardım, yoxsa sosial bəla

5-08-2010, 08:55
Oxunub: 7 456

Bizdə ilk baxışdan niyyətində yaxşı məqsədə qulluq etmək ideyası daşıyan qərarlar həyata keçən mərhələdə faktiki olaraq əcaib,eybəcər şəkil alır.

Sözümə qüvvət olaraq elementar misal gətirim. Azərbaycanda əqli kəsən demək olar hər kəsə məlumdur ki , aztəminatlı ailələr üçün nəzərdə tutulmuş və hər ay pul şəklində verilən sosial müavinat alanlar o kateqoriya siyahısına düşmək üçün mütləq alacağı illik pulun 30-40%-ni rüşvət qisimində dövlət qulluqçusuna verməlidir.Həmin məbləğ məmura ya əvvəlcədən nağd şəkildə, ya da sonra hissə-hissə verilməlidir. Bu rəzaləti quranlar onu elə fikirləşiblər ki, yardım olan binəva (ya avam) vətəndaşın dövlət qulluqçusunu “aldatmaq” imkanı olmasın.

Maraqlıdır ki, plastik kartların bizdə tətbiqi rahatçılıqla bərabər korupsiyanın qarşısını almaq məqsədi daşıdığı halda bizim “yaradıcı” təbiətli məmurlar bu məsələdə də “gözəl” çıxış yolu tapıblar.Vətəndaşın yardım almaq üçün tələb olunan rüşvəti nağd verməyə gücü çatmadıqda ona humanistcəsinə şərait yaradılır ki, qol çəkib, kodu verib kartı həmin məmurun ixtiyarına verir. Həmin məmur isə yardımın öz haram payına düşən 4-5 ayını aybaay özü götürəndən sonra qətiyyən utanıb-xəcalət çəkmədən kartı öz halal sahibinə qaytarır. Vətəndaş “ağıllı” çıxdığı təqdirdə isə,yəni tələb olunan hər bir sənədi punktual olaraq toplayaraq ona düşən yardım pulunu pulsuz-parasız almaq fikrinə düşsə, bizim suya getməyən “bicok” məmur, həmin adama həyatın mənasını onun(həyatın) Azərbaycanda rəsmi statistikanın əksinə olaraq elə də gözəl olmamasını başa salacaq . Reallıq odur ki, o halda həmin binəva,(əsl bu sözün yeridir) min-bir bəhanə ilə yardım düşənlər siyahısına salınnmayacaq. Bu işdə məmurlara qanunda olan boşluqlar da kömək olur. Sistem elə qurulub ki, yardımın kimə düşüb, kimə düşməyəcəyi tam olaraq onu müəyyən edəndən aslıdır və vətəndaşın şikayətinə heç bir məhəl qoyulmur. Çünki vətəndaşın şikayət edəcəyi şəxs çox zaman qanunsuzluğu edənlə əlbir olur. Bunun belə olmasını məntiq də təsdiq edir.Əks halda , bu mümkün deyildir ki, kütləvi çəkildə edilən qanunsuzluqları adi vətəndaşlar bilsin, ancaq hüquq-mühafizə orqanları bilməsin. Çünki, eksperiment kimi iki daşı üst-üstə qoy,görəcəksən ki, sahə müvəkkilli başının üstünü kəsdirib və etdiyin əməlin qanunsuz olduğunu sənə bildirib üçüncü daşı qoymağa pul-rüşvət almamış ömründə qoymaz. Əslində bu cür qanunsuzluqlar gözümüzdə adiləşsə də bu dövlətçiliyimizə birbaşa zərbədir.Yəni “vacib” deyil ki, torpaqlarımızın qalan hissəsi də işğal olunsun.Dövlət bu halda içindən qanunsuzluqlardan, öz-özünə də dağıla bilər. Bundan başqa adi vətəndaş qanunsuzluqlara qarşı dövlətin heç bir tədbir görməməsinin şahidi olduqca və özü də heç nə edə bilmədikcə (kimdən kimə şikayət edəsən?!) onda dövlətinə qarşı məhəbbət ölür, o nifrətə çevrilir.

Düzdür, bir müddət əvvəl sosial yardımın verilməsilə bağlı 30-40 nəfər xırda məmuru cinayət məsuliyyətinə cəlb etmiş, işdən çıxartmışdılar.Ancaq onlar elə də ciddi fiqurlar deyildirlər.Bildiyimiz kimi isə balıq adətən başdan iylənir. Həm də onlar çox guman ki, heç də qanunsuz iş gördüklərinə görə yox, bəlkə də “qazandıqları” pulu bosslarından gizlətdiyinə, onlarla bölüşmədiyinə və ya plana düşdüklərinə görə cəzalanıblar ki, əgər araşdırsaz görərsiniz ki, hal-hazırda əvvəlki yerlərində işləyirlər. Aydın məsələdir ki,axırıncı halın baş verməsi də rüşvət nəticəsində baş tutub. Son olaraq onu da qeyd edim ki, sadaladığım qanunsuzluqlar səbəbindən yardım üçün dövlət qurumuna müraciət edənlərin faktiki olaraq milyoner olmasının, ya da ki, gəlirini çox cüzi olmasının heç bir önəmi yoxdur.Əgər Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin sayının165750 olmasını nəzərə alsaq tam əminliklə demək olar ki, göz qabağında hər il böyük rəqəmli korrupsiya olayı baş verir. Əlbəttə, bu məsələdə yardım almaq istəyən vətəndaşların da günahı az deyil.

Vətəndaşların çoxu cahillikdən özləri də rüşvət verməyə meyllidirlər və öz hüquqlarını tələb etmirlər, mübarizə ruhunda yaşamırlar. Əslində normal vətəndaş nə qədər ehtiyacı olsada bu cür şəkildə verilən yardımdan imtina etməlidir, onu boykot etməlidir və vəziyyəti kökündən dəyişməyə çalışmalıdır. Sadəcə olaraq bir çox pisixoliji cəhətdən “heç olmasa 7 ayını alacam,neyləmək olar,bu da qənimətdir.Mən verməsəm ,ala bilməyəcəm, ancaq başqası onsuz da pul verib alacaq” kimi səhv məntiq ilə düşünüb hərəkət edir ki, onu da bu baxımdan tam qınamaq olmaz. Əlbəttə, insanlarımız şüur cəhətdən inkişaf etmədikcə,sağlam,düzgün vətəndaş mövqeyi nümayiş etdirmədikcə bu cür biabırçı hallar hələ çox davam edə edəcək. Ancaq hər bir halda həqiqətən ehtiyacı olan insanlarımıza ünvanlı sosial yardımın tam çatmaması çox ürəkağrıdan , hiddət doğuran dövləti vacib bir məsələdir.