Azərbaycanda kredit faizləri niyə od tutub yanır?
22-04-2013, 12:05
Oxunub: 5 737
Azərbaycanda az ailə tapılar ki, hökumətin kredit siyasətindən əziyyət çəkməsin. Söhbət, yüzminlərlə insanın ağır kredit şərtləri altında sözün əsl mənasında, əzilməsindən gedir. Kredit faizlərinin ölkənin iqtisadi vəziyyətinə, vətəndaşların cibinə uyğun olmaması məsələnin maddi tərəfidir. Məsələnin bir də sosial tərəfi var ki, illərdir onun ağır nəticələrini görə-görə gəlirik.
Bu illər ərzində kredit borclarına görə neçə insan müflis oldu, neçə ailə kredit ala bilmək üçün girov qoyduğu mənzilindən məhrum edildi, neçə-neçə ailələr dağıldı və sayı heç də az olmayan intiharlar yaşandı. Amma bütün bunlara görə kimsə nə məsuliyyət daşıdı, nə də baş verən faciələrə cavabdeh olan tapıldı.
Borcu borcla ödəyəndə...
Bugünlərdə AXCP sədri Əli Kərimli Azərbaycan vətəndaşlarının bu ağrılı problemindən bəhs edən maraqlı yazı ilə çıxış etdi. Yazıdan məlum olur ki, hazırda Azərbaycanda 1 milyon 355 mindən artıq vətəndaşın kredit borcu var. Və bu kreditlər vətəndaşlar üçün sözün əsl mənasında kabusa çevrilib: “Başqa sözlə, ailələrin yarıdan çoxu yaşamır, sadəcə kredit ödəyir. Bu ayın problemini həll edə bilən dərhal o biri ayın dərdini çəkməyə başlayır. Əlbəttə, bazar iqtisadiyyatının mövcud olduğu bütün ölkələrdə kredit geniş yayılıb və bu özü-özlüyündə pis də deyil. Amma Azərbaycandakı kreditlər kredit yox, əsl bəladır. Çox yüksək faizlə verilir, üstəlik əksər hallarda kredit vermək üçün rüşvət də alınır. Avtomobil satışı üçün kreditləri istisna etsək, müxtəlif banklarda illik kredit faizi 22-36% arasında dəyişir. Istehlak kreditləri isə illik 30-42%-lə verilir. Bu artıq kredit yox, bataqlıqdır. Bu bataqlığa düşənlər isə bir qayda olaraq, borcu borcla ödəyərək oradan heç vaxt çıxa bilmirlər”.
Ə.Kərimli ölkədə belə yüksək faizli kreditlər üçün heç bir obyektiv iqtisadi səbəbin olmadığını da bildirir: “Məhz hakimiyyətin acgözlüyü, daha çox qazanmaq ehtirası belə yüksək faizlərə səbəb olub. Ailə hakimiyyəti dövründə ölkədən oğurlanaraq çıxarılan 48 milyard dollar pul ölkədə qalsaydı, Azərbaycandakı iqtisadi vəziyyət, maaşlar, əhalinin maddi durumu necə fərqli olardı. Təsəvvür edək ki, Azərbaycan hökuməti xarici banklarda, fondlarda illik 1-2%-lə saxladığı 33 milyard dollardan artıq vəsaitin heç olmasa bir hissəsini illik 4-8%-lə vətəndaşlarına kredit verir. Həyatınızın necə dəyişəcəyini təsəvvür etdinizmi?
Amma acgözlük bununla da bitmir axı. Hətta bu mühüm resurslar olmadan da, ölkədə ucuz kredit bazarı formalaşa bilərdi, əgər bu sahədə də inhisarçılıq olmasaydı. 1990-cı illərin sonlarında ölkədə xeyli xarici bank fəaliyyət göstərirdi. Amma sonradan bank sektoru da ailənin və oliqarxların inhisarına keçdiyindən həmin xarici banklar ölkənin kredit bazarından sıxışdırılıb çıxarıldı. Kredit faizləri də süni şəkildə artırıldı ki, inhisarçı acgözlər daha çox qazansınlar. Əgər ölkədə bank sektorunda inhisarçılıq olmasaydı, indi çoxsaylı xarici banklar Avropadakı kredit faizlərinə yaxın faizlərlə bizim vətəndaşa da kredit verərdilər, həm də “şapkasız”.
Azərbaycanda kredit faizləri 25-40, Avropada 5-8...
İqtisadçı Rövşən Ağayev də hesab edir ki, Azərbaycanda kredit faizləri həqiqətən də çox yüksəkdir: “Azərbaycanda kreditlərin faizi bizim kimi sovetlərdən qopmuş və keçid dövrünü keçmiş Baltikyanı ölkələrlə müqayisədə xeyli yüksəkdir. Faizlər 25-30, hətta bəzən 40-a qədər yüksəlir. Məsələn, Avropada orta kreditlərin faizi 5-8 faiz arasında dəyişir. Azərbaycan hökuməti istəsə, bütün sahələrdə olduğu kimi, bu sahədə də müsbətə doğru dəyişiklik edə bilər. Belə fikirlər səslənir ki, hökumət Neft Fondunun vəsaitlərini gətirsin, kredit təklifini bol eləsin və s. Təklif çox olarsa, faizlər də aşağı düşəcək. Bu baxımdan hökumətin oynayacağı rol çox böyükdür. Amma əsas məsələ bank bazarında rəqabət yaratmaqdır. Azərbaycanda bank kapitalı oliqarxlar tərəfindən tamamilə inhisara alınıb. Bank sektoru iki-üç ailənin inhisarındadır. Vəziyyətin düzəlməsi üçün bank kapitalı iki-üç adamın əlində cəmləşməməlidir. Bu gün Azərbaycanda 40-dan artıq bank var. Amma bazarda cəmi 2-3 bankın payı var. Bunlar ”Beynəlxalq Bank", “Kapitalbank”, “Paşabank”dır. Belə şəraitdə də kreditlərin faizi aşağı ola bilməz".
“Faizləri yüksəldən bank sektorundakı inhisarçılıqdır”
R.Ağayevin sözlərinə görə, bu sektorda rəqabətin olmaması kredit faizlərinin yüksək olmasının əsas səbəbidir: “Ona görə də birinci bu məsələ həll olunmalıdır. Hökumətin imkanı var ki, xüsusilə Mərkəzi Bank vasitəsilə kredit bazarında vəsait bolluğu yaratsın və faizləri aşlağı salsın”.
Məsələnin sosial aspektlərinə gəlincə, R.Ağayev bu sahədə də vəziyyətin ürəkaçan olmadığını deyir: “Yüksək faizli kreditlər əslində bir tələdir. Insanlar yüksək faizlərin altından çıxa bilmirlər və bunun intiharlardan tutmuş, ailələrin dağılmasına qədər sosial fəsadları yaranır. Kredit bazarında yaranmış bu vəziyyətin səbəbkarı hökumətdir. Bank bazarı iqtisadiyyatın elə bir sahəsidir ki, orada dövlət tənzimlənməsi mövcuddur. Bu baxımdan bu sektorda yaranan problemlərə görə məsuliyyət hər baxımdan hökumətin üzərindədir”.
Bahalığı yaradan Mərkəzi Bankdır?
İqtisadçı Məhəmməd Talıblının sözlərinə görə, ölkədə kredit resurslarının bu dərəcədə baha olması səbəbsiz deyil: “Bu səbəblər kommersiya banklarının fəaliyyəti ilə bağlı deyil. Bank sektorunda bahalığı yaradan Mərkəzi Bankın mövcud siyasətidir. Mərkəzi Bank uçot dərəcələrini yüksək səviyyədə saxlamaqla kreditlərin bahalanmasına şərait yaradır. Eyni zamanda kommersiya bankları da çalışırlar ki, əmanətləri daha ucuz faizlə qəbul etsinlər. 8 faizlə qəbul edib 26-30 faizlə satırlar. Əslində həmin kommersiya banklarının özünə əmanət lazım deyil. Çünki kapital resursları kifayət qədər böyükdür. Azərbaycanda bankların bir çoxu iri məmurlara məxsusdur. Onların da maliyyə baxımından heç bir sıxıntısı yoxdur. Əmanətləri ucuz alan banklara da təzyiqlər etmək olar ki, uçot dərəcələrini aşağı salmaqla kreditləri ucuzlaşdırsınlar. Bu yollarla ölkədə kreditlərin bahalaşmasının qarşısını almaq mümkündür”. (azadliq.info)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər