BolgeXeber.Com » Sosial » Məcburi köçkünlər zəbt etdikləri evlərdən çıxarılırlar -VİDEO
Məcburi köçkünlər zəbt etdikləri evlərdən çıxarılırlar -VİDEO
23-05-2013, 08:40
Oxunub: 6 075Məcburi köçkünlərin məskunlaşdığı şəxsi mənzillər əvvəlki sahiblərinə qaytarılacaq. Yəni, onlar müvəqqəti məskunlaşdıqları evlərdən çıxarılacaq, bunun əvəzində yeni mənzillərlə təmin olunacaqlar. Artıq bu istiqamətdə işlərə başlanılıb. Belə ki, rayonlarda icra hakimiyyətləri tərəfindən şəxsi mənzillərdə məskunlaşan məcburi köçkün ailələrinin siyahısı hazırlanaraq, Qaçqın və Məcburi köçkünlərin İşi üzrə Dövlət Komitəsinə təhvil verilir. Qurumun mətbuat xidmətinin rəhbəri Elçin Qədimovun sözlərinə görə, 2011-ci ildə dövlət proqramına edilən əlavə dəyişikliklərə əsasən bütün məcburi köçkünlər yeni mənzillərlə təmin edidikdən sonra şəxsi evləri boşaltmalıdırlar: "32 məcburi köçkün ailəsi köçürülüb artıq. Vətəndaşların məhkəmə yolu ilə məcburi köçkünlər evindən çıxara bilməməsinə səbəb prezidentin 2004-cü ildə imzaladığı sərəncamdır ki, bu sərəncama əsasən köçkün yeni evlə təmin olunmayanadək məhkəmə qətnaməsi icra olunmasın". Məsələylə bağlı baş nazirin müavini Abid Şərifov bildirmişdi ki, köçkünlərin məskunlaşdığı mənzillər sovet dövründə dövlət komissiyası tərəfindən təsdiq olunub və sahiblərinə order də verilib. Ona görə də məcburi köçkünlər yeni evlərlə təmin olunduqdan sonra həmin binalar yoxlamadan keçiriləcək və statusuna uyğun olaraq sahiblərinə qaytarılacaq. Baş nazirin müavini bəzi mənzillərin artıq özəlləşdirildiyini, hətta, başqasına satıldığını, köçürülmə prosesi zamanı bu məsələnin də araşdırılacağını bildirib. Hüquqşünas Qüdrət Hüseynovun sözlərinə görə, vətəndaşın mülkiyyəti toxunulmazdır. Yəni bir başqası şəxsin mülkiyyətini sata və ya özəlləşdirə bilməz. Onu da bildirək ki hazırda təkcə Bakı və Sumqayıt şəhərlərində 2000-ə qədər məcburi köçkün başqasına məxsus mənzillərdə yaşayır.