“Səbail Rayon Məhkəməsində əməlli-başlı bazar açıblar”
16-07-2013, 10:50
Oxunub: 6 413
Oğulun və məhkəmələrin küçələrə saldığı 80 yaşlı alim
Azərbaycan televiziyalarının ailədaxili problemlərdən bəhs edən tok-şouları “göz deşir” söyləsək, yanılmarıq. Adətən, telekanalların xəbər başlıqlarında da məişət çətinliklərinin doğurduğu münaqişələr elə təqdim olunur ki, tamaşaçı sosial-iqtisadi və məhkəmə sistemindəki ədalətsizliyi ağlına gətirməsin.
Bu mənada redaksiyamıza təşrif buyuran, 40 ildən çox pedoqoji fəaliyyətdə olan, Badamdar qəsəbəsi, Qarayev küçəsi bina 3, mənzil 24-də yaşayan 80 yaşlı Qabil Həsənovun ailə dramını dinlədikcə nəsr əsəri yazan yazıçılarımızın da onu eşitməsini istəyirsən. Qabil Həsənovun yaşadığı problem ailəsindəki narazılıqdır, ancaq bu yaşantını iztiraba çevirən məhkəmə ədalətsizliyini də kənara qoymaq olmur.
“Oğlum bağımızı bara çevirib”
Gənclik illərini gündüzləri oxuyub gecələri daş karyerlərində çörək qazanmaqla keçirən Qabil Həsənov təhsil ala-ala ailə qurub. Amma 2 övladından sonra həyat yoldaşından ayrılıb. Nəhayət, 15 ildən sonra ikinci dəfə ailə qurub, bu dəfə hüquqşünas Ətiqə Əlizadə ilə.
Zəhməti hesabına texniki elmlər namizədi olan Qalib müəllim təsərrüfatsız da qalmır, çalışdığı elmi müəssisədən ona Badamdar qəsəbəsində 12 sotluq torpaq sahəsi ayırırlar və 5 otaqlı mənzil verirlər. Yenidənqurmanın ilk illərində Səbail rayonunun (keçmiş 26-lar) birinci katibi ondan ərazini almaq istəsə də, Qabil Həsənovun inadcıllığı qarşısında geri çəkilməli olub. Kommunist Partiyasının birinci katibi Əbdürrəhman Vəzirovun bağ ərazilərində tikintiyə qadağanı götürməsindən sonra Qabil Həsənov maaşı hesabına bağını hasarlayaraq kiçik bir mənzil tikə bilir. İkinci ailə həyatının yaşatdığı iztirablı günləri də bundan sonra başlanır.
İqtisad Universitetinin məzunu olan oğlu Qalib Həsənov atasına qənim kəsilir. Atası ona dəfələrlə iş tapsa da, oğulun uşaq dəcəlliyi işsiz qalmasıyla nəticələnir. Nəhayət, bağ yerində iki otaq tikdirir ki, oğluyla birgə repititorluqla məşğul olub ailələrini dolandırsınlar. Bunun üçün otaqlar üçün məktəb ləvazimatı da alır. Amma oğul sinif otaqlarını yataq otağına çevirir.
Qabil Həsənov deyir ki, oğluna onun işləmədiyini, ailəsinin dağıldığını xatırlatsa da, mübahisə bir neçə ay sonra otaqların yanmasıyla nəticələnir: “Bu vəziyyəti görəndə huşumu itirib yıxıldım. Ayılanda başımın qan içində olduğunu gördüm və bu vəziyyətdə Badamdar qəsəbəsinin poliklinikasına gəldim, Azər həkim müayinə aparandan sonra 4 saylı xəstəxanaya göndərdi. Bir ay xəstəxanada yatandan sonra evə qayıtdım. Mənim üçün ağır olanı odur ki, bağı oğlumun adına keçirmişdim. Çünki 80-i haqladığımı, dünya malında gözümün olmadığını deyib ev və bağımı ona ərməğan edəndə, nə biləydim ki, bu əzabı mənə yaşadacaq. Sonradan onun bu münasibətini görəndə dəhşətə gəldim. Əslində, birinci həyat yoldaşımdan olan oğlum və qızım əmlakımla maraqlanmırlar, hətta mənə onlarla qalmağımı israr edirlər. Qalib isə bağı çevirib bara və öz doğma bacısını da ora buraxmır. Hər gün dostlarıyla toplaşıb içki məclisi qururlar. Ən dəhşətlisi odur ki, anası da onun bu hərəkətlərinə “nə istəyirsən uşaqdan, qoy, cavanlığın keçirsin də, sən çöldə böyüdüyündən belə şeyləri bilməzsən” deyə bəraət qazandırır. Təsəvvür edin ki, rəhmətlik akademiklər Ziya Bünyadovun, Budaq Budaqovun olduğu həmin bağ indi hansı vəziyyətdədir, mən oranın qapısını aça bilmirəm”.
“Səbail Rayon Məhkəməsində əməlli-başlı bazar açıblar”
Qabil Həsənov qarşılaşdığı özbaşınalıqla bağlı yerli polisə, rayon prokuroruna və hətta ədliyyə naziri Fikrət Məmmədova şikayət məktubu göndərib: “Sahə inspektoru, kapitan Əli İsa İbadov mənə deyir ki, nə işin var o bağda, vermisən oğluna, əl çək də. Ancaq ondan fərqli olaraq kapitan İmdad Nəcəfov oğlumu çağırıb danlasa da, “sənin ixtiyarın yoxdur məni çağırmağa, yalnız vəkilimi çağıra bilərsən” cavabını eşidib. Bundan sonra onlar hər şeyi mənim öz öhdəmə buraxıblar.
Yalnız mayor Natiq Musayev müdaxilə edəndən sonra, münasibət bir qədər dəyişsə də, bu, uzun çəkməyib. Yəni Qalib mayor Natiq Musayevin yanında özünü yığışdırsa da, o, kənarlaşan kimi əvvəlki özbaşınalığını davam etdirib. Bakı Şəhər Prokurorluğuna ərizə versəm də, “bu, mülki işdir” deyərək rədd ediblər. Ən ağır cavabı məhkəmələrdən aldım, təsəvvür edin ki, Səbail Rayon Məhkəməsində əməlli-başlı bazar açıblar. Hakim Nurəddin Bağırovun danışığında hüquqdan heç bir anlayış yoxdur. Onun köməkçisi Namiqlə söhbətdə maddi imkanımın olmadığını deyəndə, tamam fərqli sifət gördüm. Açıq şəkildə dedilər ki, bu cür işlər pulsuz mümkün deyil, ən aşağısı 5 min manat istənildi”.
“Maaş kartımı hakim Mehdi Əsədova verdim”
Həmsöhbətimiz bildirdi ki, ötən ilin 7 noyabrında keçirilən məhkəmə onun üçün tamaşa olub: “Nurəddin Bağırovun kabinetində 5 dəqiqə keçirilən prosesdə dəhşətə gəldim. Guya, həyat yoldaşım Ətiqə Həsənova deyib ki, mən tüfeyli həyat sürürəm, bir qadının təsiri altındayam və həmin qadın mübahisəli evi ələ keçirmək niyyətindədir. Dəfələrlə 8-ci polis bölməsinə və prokurorluğa müraciət etdim ki, bu barədə sübutlar varsa, məhkəməyə təqdim etsinlər, ancaq heç bir sənəd təqdim olunmadı. Bunu Nurəddin Bağırova deyəndə, məni kabinetindən qovdu.
Bu barədə Səbail Rayon Məhkəməsinin sədri Araz müəllimə şikayət ərizəsi yazdım. Yalnız onun, həyat yoldaşımın və oğlumun etirazından sonra hakim Nurəddin Bağırov qərardad çıxararaq həmin cümlələrin səhvən getdiyini yazdı. Görün məhkəmə hansı durumdadır ki, qətnaməsində səhv etdiyini qərardadında qeyd edir və bunu yanlış sayır. Yəni 5 cümlə də yanlış olarmı? Bütün bu özbaşınalıqlara baxmayaraq məhkəmə iddiamı rədd etdi. Amma geri çəkilmədim, apelyasiya şikayəti verdim. Apelyasiya Məhkəməsində hakim Mehdi Əsədovun münasibəti təzyiqimin artmasıyla nəticələndi və məni prosesdən xəstəxanaya apardılar. Məhkəməyə ağır durumda olduğumu ifadə edən teleqram göndərsəm də, hakim Səbail Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxladı. Buna görə hakim Mehdi Əsədovun qəbuluna gedib dedim ki, əgər sənə pul lazımdırsa, maaş kartımı verirəm sənə, amma ədalətli qərar qəbul et. Bunu eşidən kimi kartı alıb qapının ağzına atdı və məni kabinetindən qovdu”.
80 yaşlı alim bu gün də məhkəmələrdə ədalət axtarır, oğlunun yaşatdığı əzabı məhkəmələr davam etdirsələr də, inadından dönmür. Ötən bir neçə ayda prezident İlham Əliyevə, millət vəkili Mehriban Əliyevaya, ədliyyə naziri Fikrət Məmmədova müraciət etsə də, hələ cavab gözləyir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər