BolgeXeber.Com » Sosial » Bərdə də Bələdiyyələr müraciət siyasəti haqqında təlimatlandırıldı

Bərdə də Bələdiyyələr müraciət siyasəti haqqında təlimatlandırıldı

19-08-2010, 18:00
Oxunub: 6 877 Aran Humanitar Regional İnkişaf İctimai Birliyi 19 avqust 2010-cu ildə Bərdə şəhərində “Müraciətlər və informasiya çatımlılığı” mövzusunda region bələdiyyələrinə təlim keçirmişdir.

“İctimai xidmətlərin (təmiz su təhcizatı) çatdırılmasında Mərkəzi Aran-Qarabağ zonasında iyirmi bələdiyyənin texniki və bilik imkanlarının artırılması” layihəsi çərçivəsində həyata keçirilən təlimdə məqsəd Bələdiyyələrin və Bələdiyyə Su departamentlərinin informasiya əldə etmək, müraciətlərə baxılması qaydası və həmçinin də effektiv müraciət və danışıqların aparılması haqqında məlumatlılığın artırılması olmuşdur.
Layihə Aran-Qarabağ regionu üzrə 3 rayonun (Bərdə, Ağcabədi və Tərtər) 20 bələdiyyəsini əhatə edir.

"Bolgexeber"e verilən məlumata görə təlim iştirakçılarına İnformasiyanın əldə olunması haqqında qanundan irəli gələn məsələlər, informasiyanın əldə olunmasında informasiya sahibləri ilə sorğuçular arasında münasibətlərin formalaşması, həmçinin müraciətlərə baxılması və cavablandırılması qaydaları, bunları tənzimləyən hüquqi sənədlər, Bələdiyyənin Su Departamentinin effektiv fəaliyyət göstərməsi, davamlılığı, vətəndaşlar tərəfindən qəbul olunmasında bu qanunların icrasının əhəmiyyəti haqqında danışılmışdır.

Təlimin sonunda İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının Qanundan çıxarışlar və Vətəndaşların Müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikasının Qanunu çap şəklində bələdiyyələrə təqdim olunmuşdur . Bundan əlavə, müraciətlərin qeydiyyata alınması üçün qaydalar və qeydiyyat aparılması formaları da çap olunaraq bələdiyyələrə verilmişdir.

Təlim interaktiv metodlarla aparılmış, bələdiyyələr informasiya əldə etməkdə özlərinin rastlaşdıqları problemləri qabartmış, həmçinin də informasiya sahibi olaraq bəzən vətəndaşların və sorğuçuların informasiyaya çatımlılığını təmin etməkdə çətinliklərlə üzləşdiklərini vurğulamışdırlar.

Bundan başqa, bələdiyyələrə effektiv müraciətlər – donorlarla əlaqələrin qurulması, müraciət edərkən nəzərə alınmalı olan vacib nüanslar barəsində məlumat verilmiş, müraciət formaları nümunələri təqdim olunmuşdur.
Təlim Oxfam Beynəlxalq təşkilatı və Avropa Birliyinin maliyyə dəstəyi ilə “İctimai xidmətlərin (təmiz su təhcizatı) çatdırılmasında Mərkəzi Aran-Qarabağ zonasında iyirmi bələdiyyənin texniki və bilik imkanlarının artırılması” layihəsi çərçivəsində təşkil olunmuşdur