BolgeXeber.Com » Sosial » «İnsanlar banklardan asılıdırlar»

«İnsanlar banklardan asılıdırlar»

26-08-2013, 10:05
Oxunub: 5 219 «Xalq daimi olaraq basqı altında yaşaya bilməz, elə bir an gəlir ki, xalqın səbri tükənir…».

Cəmil Həsənlinin fikrincə, Azərbaycanda ən çox ehtiyac olan şey xalqın hakimiyyəti formalaşdırmaq hüququnun sözdə deyil, əməldə həyata keçirilməsidir:

«Seçki barədə bizdə olan təsəvvürlər dünya üçün bir cür, Azərbaycan üçün isə başqa cürdür. Azərbaycanın öz seçki qanunları var, bu seçki qanunları dəyişməsə, nələrinsə dəyişəcəyinə ümidim yoxdur. Ölkədə hansısa problemlər varsa, bu problemlər ilk öncə seçkiylə həll olunmalıdır, seçkiylə dəyişmirsə, başqa yollara əl atılır».

Azərbaycanın bölgələrində insanların bank kreditlərindən asılı vəziyyətdə yaşadığını deyən professorun fikrincə, bu hal dəyişməsə, əhali sürətlə müflisləşəcək :

«Azərbaycanın rayonlarında əksər insanlar banklardan asılı vəziyyətdir… Banklardan 20-26 faizlə kredit götürüb, hansısa problemi həll etmək olmaz. Bu faizləri qaytarmaq o qədər də asan deyil».

KREDİTİ YALNIZ NARKOTİK SATMAQLA QAYTARMAQ OLAR

Cəmil Həsənli deyir ki, Azərbaycan banklarının verdiyi faizlə alınan pullarla ancaq narkotik alveri ilə məşğul olaraq qazanc əldə etmək olar, çünki digər yollarla mümkün deyil:

«Azərbaycan Mərkəzi Bankı digər banklara pulu 8 faizlə verir, amma banklar bu pulu 26-27 faizlə xalqa verir. Mərkəzi Bankın özü niyə bu pulu insanlara vermir? Lap qoy bu faiz banklara verdiyi faizin 2 qatı olsun».

Professorun dediyinə görə, bütün dünyada kənd təsərrüfatı ilə məşğul olan əhaliyə ya faizsiz, ya da güzəştli kreditlər verirlər. Amma bizdə belə deyil. Buna görə də kənd əhalisinin torpaqla işləməyə marağı qalmır. Kəndli əməyini stimullaşdırmaq əvəzinə, kəndlinin olan həvəsini də itirirlər.

Prezident seçkisində iştirak etmək istəyinin olmadığını deyən Cəmil Həsənli daha yaxşı bildiyi işi görərək cəmiyyətə daha çox fayda verəcəyi fikrini müdafiə edir:

«İlk öncə ölkədə normal seçki mühiti formalaşdırmaq lazımdır. O mühit olmayandan sonra müxalifətin vahid yox, heç yarım vahid namizədi də seçkilərdə heç nəyi dəyişə bilməyəcək».

ZİYALILAR FORUMUNUN NAMİZƏDİ OLMAYACAQ

Cəmil Həsənli bildirib ki, Azərbaycan respublikası müstəqillik əldə edəndən qısa müddət sonra Azərbaycan xalqı seçki hüququndan məhrum edilib. Onun fikrincə, Azərbaycanda artıq uzun müddətdir ki, hakimiyyəti xalq seçmir. Professor deyib ki, Ziyalılar Forumu seçkilərdə hər hansı bir namizədlə təmsil olunmayacaq:

«Biz daha çox şəxsləri deyil, prosesi müdafiə edəcəyik. Ziyalılar Forumu seçkilərdə hər hansı bir namizədlə təmsil olunmayacaq. Biz daha çox şəxsləri deyil, prosesi müdafiə edəcəyik».

Cəmil Həsənli Ziyalılar Forumunun məramı haqda da danışıb:

«Biz bir müddət əvvəl siyasi partiyalarla görüş keçirdik. Bizim arzumuz ondan ibarətdir ki, real müxalifət partiyaları arasında parçalanma yox, birləşmə olsun, onlar bir cəbhədə birləşsinlər».

RUSİYA AMİLİ ŞİŞİRDİLİR

Cəmil Həsənli hesab edir ki, «EL» Hərəkatı cəmiyyətin narazı təbəqəsinin birləşdirilməsi, onların prosesə cəlb olunması və fəallaşdırılması baxımından uğurlu təşəbbüsdür:

«Mən hesab edirəm ki, bu gün Rusiyanın Azərbaycandakı proseslərə münasibətində cəmiyyət arasında şişirtmə var. Rusiyanın Azərbaycanda marağı olmadığını demək düzgün olmazdı, amma Rusiyanın Azərbaycanda hakimiyyəti dəyişərək öz adamını hakimiyyətə gətirməyi barədə yayılan məlumatlar şişirdilmiş məlumatlardır».

Professor deyib ki, 1918-ci ildə yeni respublikalar elan edilən zaman dünyadakı siyasi vəziyyət respublikaların xeyrinə deyildi, çünki Rusiya qalib Antantanın üzvü idi və onun müttəfiqləri Rusiyanın dağılmasını istəməyərək onun yenidən birləşməsinə kömək edirdilər:

«Mən arzu edirəm ki, bu il yalnız təqvim ilində dəyişiklik olaraq qalmasın, Azərbaycanın sosial, iqtisadi, mədəni, siyasi həyatında da dəyişikliklər olsun, Qarabağ işğaldan azad olunsun…».azadliqradiosu