Namus ləkəsi qanla yuyuldu
27-05-2011, 16:00
Oxunub: 7 073
Bülbülə sakini bibisinin əxlaqsızlığına göz yuma bilmədi
"İçəri daxil olanda gördüm ki, otaqlar qaranlıqdır, ona görə evin işıqlarını yandırdım. İşıq yandıqda gözlərimə inanmadım, bibim tanımadığım bir kişi ilə əxlaqsız hərəkətlər edirdi. Həmin kişi məni görüb tez açıq pəncərədən bayıra tullanaraq qaçdı. Bibimi lüt vəziyyətdə gördükdə hirsləndim, onun üstünə hücum çəkib, əllərimlə boğazından tutub sıxmağa başladım".
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhəri, Bülbülə qəsəbə sakini 1987-ci il təvəllüdlü Zeynal Abdullayevin məhkəmə istintaqı yekunlaşıb. Təqsirləndirilən şəxs 41 yaşlı bibisi İradə Abdullayevanı boğaraq qətlə yetirməkdə ittiham olunub.
Məhkəmə yolu ilə müəyyən edilib ki, Zeynal Abdullayev 7 iyun 2009-cu ildə saat 23:30 radələrində qonşuluqda yaşayan bibisi İradə Abdullayevanın evinə gəlib. Mənzilə daxil olarkən o, bibisinin tanımadığı bir nəfərlə əxlaqsız hərəkətlər etməsinin şahidi olub. Gördüyü mənzərədən əsəbləri tarıma çəkilən Zeynal Abdullayev qadını öldürmək qərarına gəlib. O, bibisinin üstünə hücum çəkərək, onu yerə yıxıb. Əvvəlcə əlləri ilə onun boğazından tutaraq boğmağa başlayıb. Amma qadının ölmədiyini görüb, döşəmənin üstündə olan qaz plitəsinin şlanqını onun boğazına dolayaraq iki əli ilə möhkəm sıxıb. Yaranmış mexaniki asfiksiya nəticəsində İradə Abdullayeva boğularaq ölüb.
"İradə qapalı xasiyyətli qadın idi"
Təqsirləndirilən şəxs qismində dindirilən Zeynal Abdullayev ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, ögey anası Şəhrinaz, bacısı Nəzakət və qardaşı İzzətlə birlikdə yaşayıb. Daimi iş yeri olmadığına görə müvəqqəti olaraq ayrı-ayrı yerlərdə fəhləlik edib. Mərhum İradə Abdullayeva onun həm bibisi, həm də qonşusu olub: "Bibimin oğlu İlham 2008-ci ildə həqiqi hərbi xidmətə çağırılıb və hal-hazıradək xidmətdədir. İradə qapalı xasiyyətli qadın idi, tez-tez spirtli içki qəbul edir, ümumiyyətlə, əxlaq normalardan kənar davranışı ilə digər qonşulardan seçilirdi.
"Bibim öz hərəkətləri ilə nəslimizin adına ləkə gətirirdi"
Spirtli içki qəbul edəndə İradə çox hirsli olurdu, söz soruşanda acıqla cavab verirdi, elə bil ki, kiminləsə mübahisə axtarırdı. Qonşulardan və tanışlardan eşitmişdim ki, bibimin yanına yad kişilər gəlir-gedir. Düzdür, mən özüm həmin kişiləri görməmişəm, ürəyimdə fikirləşirdim ki, əgər həmin kişiləri görsəydim, bibim üçün çox pis olardı. Bibimin bu cür əxlaqsız hərəkətləri nəslimizin adına ləkə gətirdiyinə görə onun əlindən çox acıqlı idim.
7 iyun 2009-cu ildə gecə vaxtı bibimin evindən uca səslər və hay-küy eşidərək başa düşdüm ki, İradə yenə də hardasa araq içib və kimsə onu evə gətirib. Ona görə də, evdən çıxıb bibimgilə getdim.
"Qaz plitəsinin şlanqını götürüb boğazına doladım"
İçəri daxil olanda gördüm ki, otaqlar qaranlıqdır, ona görə evin işıqlarını yandırdım. İşıq yandıqda gözlərimə inanmadım, bibim tanımadığım bir kişi ilə əxlaqsız hərəkətlər edirdi. Həmin kişi məni görüb tez açıq pəncərədən bayıra tullanaraq qaçdı. Bibimi lüt vəziyyətdə gördükdə hirsləndim, onun üstünə hücum çəkib, əllərimlə boğazından tutub sıxmağa başladım. Həmin anda hiss etdim ki, bibim sərxoş vəziyyətdədir və özünü idarə edə bilmir. İradənin boğazını 5-6 dəqiqə tutub sıxdım, lakin ölmədiyini görüb, otaqda olan qaz plitəsinin şlanqını götürüb boğazına doladım.
"Hadisə barədə heç kimə bir söz demədim"
Həmin şlanqı iki əlimlə sıxmağa başladım, eyni zamanda İradənin boğazından tutaraq onun sifətini qaz sobasının altına, metlax plitələrə vurdum. Bundan başqa, İradə döşəmə üzərində uzanarkən ayaqlarımla onu 2-3 dəfə vurdum ki, çapalamasın. Təxminən 1-2 dəqiqə sonra bibimin nəfəsi kəsildi. Başa düşəndə ki bibim ölüb, otağın pəncərəsini bağlayıb öz evimə getdim. Evdə bacımdan başqa heç kimi yox idi. Anamla qardaşım həmin vaxt kənddə idilər. Hadisə barədə heç kimə xəbər verməyib yatdım. Növbəti gün saat təxminən 20:00 radələrində törətdiyim cinayət barədə anama və bacıma danışdım, sonradan 31-ci polis bölməsinə gedib təslim oldum."
"İradə evinə ayrı-ayrı kişilər gətirir, onlarla birgə gecələyirdi"
Zərərçəkmiş şəxs qismində dindirilən Azər Abdullayev (mərhumun qardaşı) ifadəsində göstərib ki, bacısı İradə xasiyyətcə pis adam olmasa da, tez-tez spirtli içki qəbul edir, öz davranışı ilə cəmiyyətdə qəbul edilmiş normalardan kənara çıxırdı: "İradə əvvəllər iki dəfə məhkum olunub, cəzasını çəkmiş bir qadın idi. O, sərxoş olduqda qonşularla mübahisə edir, onları söyüb təhqir edirdi. Buna görə də qonşular dəfələrlə həm mənə, həm də ki 31-ci polis bölməsinə şikayət edirdilər. İradə həmçinin mütəmadi olaraq evinə ayrı-ayrı kişiləri gətirərək onlarla birgə gecələyirdi. Bir neçə dəfə ona iradlarımı bildirmişdim, xahiş etmişdim ki, bu cür davranışlara son qoysun.
"Arvadım dedi ki, bu gecə Zeynal İradəni öldürüb"
Lakin bacım xahişlərimə məhəl qoymayaraq özünü istədiyi kimi aparırdı. Bundan başqa, bacılarım və 2009-cu ilin mart ayında vəfat etmiş qardaşım Maarif (Zeynalın atası-red.) dəfələrlə İradəyə kəskin iradlarını bildirmişdilər. 8 iyun 2009-cu ildə saat təxminən 20 radələrində işdən qayıdarkən evin bayır qapısının yanında qardaşım oğlu Zeynalla rastlaşdım. Zeynala həmişəki kimi təklif etdim ki, gəlib mənimlə birgə axşam yeməyi yesin. Zeynal isə razılaşmayaraq evə getdiyini dedi. Bundan sonra mən çörək yemək üçün masanın arxasına əyləşdikdə həyat yoldaşım Təminə mənə, "çörəyini ye, sonra sənə bir söz deyərəm", - dedi. Mən də dedim ki, deyirsənsə indi de. Təminə, "Zeynal İradəni bu gecə öldürüb", - dedi. Bu sözdən sonra şoka düşüb yeməyimi yeməyib çölə çıxdım, Zeynalı axtarmağa başladım. Küçədə dayanan uşaqlar mənə, "Zeynal avtobusa minib 31-ci polis bölməsinə təslim olmağa gedib", - dedilər."
"Çalışırdım İradəyə təsir göstərim ki, o öz davranışına diqqət yetirsin"
Şahid qismində dindirilən Təminə Abdullayeva ifadəsində göstərib ki, mərhum İradə Abdullayeva onun dayısı qızı olub: "İradə oğlu İlhamla birgə qonşuluqda yaşayırdı. O, tez-tez spirtli içkilər qəbul edir, ətrafda yaşayan adamlarla mübahisə-qalmaqal yaradır, evinə ayrı-ayrı kişiləri gətirərək onlarla birlikdə araq içir, həmin adamlar İradənin evində gecələyirdilər. Ona görə də qonşular ona və başqa qohumlara mütəmadi olaraq şikayət edirdilər. Mən digər qohumlarla birlikdə əlimdən gələni edirdim ki, İradəyə təsir göstərim və o öz davranışına diqqət yetirsin. 8 iyun 2009-cu ildə saat 09 radələrində evdə olarkən Zeynal gəlib dedi ki, bibimi öldürmüşəm. Mən dəhşətə gəldim, Zeynaldan soruşdum ki, nə danışırsan, niyə? Zeynal isə cavabında bildirdi ki, əxlaqsız işinin üstündə tutub öldürmüşəm. Bundan sonra Zeynal öz evinə getdi. Bacısı Nəzakətlə birgə anasının Şamaxı şəhərindən qayıtmasını gözlədi. Çünki hadisədən bir neçə gün öncə anası Şəhrinaz həmin şəhərə öz anasına baş çəkməyə getmişdi. Həmin gün saat 14-15 radələrində Şəhrinaz evə qayıtdıqda Zeynal törətdiyi cinayət barədə ona danışdı. Axşam vaxtı isə polis bölməsinə gedərək təslim oldu".
"Zeynal dedi ki, bibimi öldürdüm, özüm də gedirəm könüllü təslim olmağa"
Şahid qismində dindirilən Şəhrinaz Abdullayeva ifadəsində ögey qızı Nəzakət, ögey oğlu Zeynal və oğlu İzzətlə birlikdə yaşadığını göstərib: "Mən heç bir yerdə işləmirəm. Həyat yoldaşım Maarif həmişə işləyir, çətinliklə də olsa, ailəsini dolandırırdı. 2009-cu ilin mart ayında həyat yoldaşım vəfat etdi. Mərhum İradə Abdullayeva mənim baldızım olub. İradə tünd, xoşagəlməz xasiyyətə malik olan bir qadın idi, xüsusən də içkili olduqda özündən çıxır, kənar şəxslərlə mübahisə, qalmaqal yaradırdı. Bundan başqa İradə evinə mütəmadi olaraq yad kişiləri gətirir, onlarla birgə gecələyirdi. Ögey oğlum Zeynal isə sakit təbiətli, zəhmətkeş bir oğlandır, o, heç siqaret də çəkmir. Bibisinin biabırçı davranışına görə Zeynal çox həyəcanlanaraq deyirdi ki, bibim yığışdırılmalı adam deyil, o, heç vaxt düz yolla getməyəcək. 6 iyun 2009-cu ildə oğlum İzzətlə birlikdə Şamaxı şəhərində yaşayan anamın yanına getmişdim. 8 iyun 2009-cu ildə saat 15 radələrində evə qayıtdıqda Zeynal məni qarşılayıb dedi ki, bibimi öldürdüm, özüm də gedirəm könüllü təslim olmağa. Səni gözləyirdim ki, bacım evdə tək qalmasın. Onu sənə təhvil verib, Azər əmi ilə sağollaşıb gedirəm".
"Bibimin hərəkətlərini görə çox xəcalət çəkirdim"
Şahid qismində dindirilən Nəzakət Abdullayeva da ifadəsində yuxarıda göstərilənləri təsdiq edib: "Bibimin evinə gedib-gəlmirdim, çünki onun yanına gələn şəxslər, istər qadınlar, istərsə də kişilər yaxşı adamlar deyildilər. İradənin davranışına görə çox xəcalət çəkirdim. 8 iyun 2009-cu ildə saat 09:30 radələrində qardaşım Zeynal məni çağırıb, "bibimi qətlə yetirdim, qoy anam gəlsin, səni ona təhvil verib polisə təslim olacağam", - dedi. Zeynala inanmadım, dedim ki, bu ola bilməz, sən belə adam deyilsən."
Məhkəmənin hökmü Zeynal Abdullayev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməkdə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Namus məfhumunun nə iyi var, nə dadı, nə də görkəmi. Onu ancaq insanlar hiss edə bilirlər. Namusun nə olduğunu bilməyənlər isə heyvanı həyat sürür, meşə qaydaları ilə mühakimə olunurlar.
Çox Oxunanlar
- 23-11-2024, 17:53 : Arda Gülerin yeni klubu bəlli oldu
İdman / Xəbərlər
- 30-11-2024, 17:50 : Türkiyə əhaliyə XƏBƏRDARLIQ ETDİ
Dünya / Xəbərlər
- 16-11-2024, 18:55 : Sabah banklar işləyəcək?- Rəsmi
Xəbərlər / İqtisadiyyat
- 22-11-2024, 15:43 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 27-11-2024, 17:50 : Cəlilabadda zəlzələ oldu
Xəbərlər / Ölkə
- 29-11-2024, 17:50 : Masazırda evdə uçqun olub- ÖLƏNLƏR VAR
Xəbərlər / Ölkə
- 26-11-2024, 17:48 : Əli Əsədov qərar imzaladı
Siyasət / Xəbərlər
- 25-11-2024, 17:51 : Məşhurlar hakim qarşısına çıxarılacaq
Şou-Biznes
- 11-11-2024, 12:41 : Serdar Ortaç axtarlşa verildi
Şou-Biznes
- 13-11-2024, 13:30 : Emin Ağalarov məhkəmədə 1,7 milyon uddu
Şou-Biznes