BolgeXeber.Com » Sosial » Bir ailənin manifesti

Bir ailənin manifesti

30-05-2011, 16:25
Oxunub: 6 318 Qısqanclıq birinin canını, digərinin azadlığını aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan 1987-c iil təvəllüdlü Elman Kərimovun məhkəmə istintaqı başa çatıb. Məhkəmə yolu ilə müəyyən edilib ki, Elman Kərimov 1993-cü il təvəllüdlü Güllər Nurməmmədovanı sonuncunun razılığı ilə qaçırıb. Həmin vaxtdan 21 yanvar 2009-cu ilədək olan müddətdə, Şamaxı rayonunun Əhmədli kəndindəki valideynlərinə məxsus evdə və Bakı şəhəri Binəqədi rayonu ərazisində kirayənişin kimi yaşadıqları mənzillərdə onunla faktiki ər-arvad kimi yaşayıb.

Bundan başqa, o, Güllər Nurməmmədovanın yad şəxslərlə gizlin telefonla danışdığına və 20 yanvar 2009-cu ildə əmisigildə qonaq olarkən evdən qaçıb getdiyinə görə, ona xəyanət etməsindən şübhələnib. Bu səbəbdən də Gülləri qısqanclıq zəminində öldürmək məqsədilə onu 21 yanvar 2009-cu ildə gecə təxminən saat 02 radələrində Novxanı-Sumqayıt yolunun kənarında, Xəzər dənizi sahilindəki "Uğur" çimərliyinin ərazisinə aparıb. Orada Güllər Nurməmmədovanın başını kəsərək onu xüsusi amansızlıqla qətlə yetirib.

“Sevərək ailə qurduq”

Təqsirləndirilən şəxs qismində dindirilən Elman Kərimov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, məhkəməyə verdiyi ifadəsində göstərib ki, mərhum Güllər Nurməmmədovagilin qonşuluğunda yaşayıb və onu 8-ci sinifdə oxuduğu vaxtdan tanıyıb. O zamandan etibarən də Güllərlə tanış olub, bir-birlərini seviblər: "23 fevral 2008-ci ildə Güllərin öz razılığı ilə onu qaçıraraq, Şamaxı rayonunun Əhmədli kəndində yaşayan valideynlərimin yanına apardım. 28 fevral 2008-ci ildə qızın öz razılığı ilə onunla yaxınlıq etdim və faktiki ər-arvad kimi yaşamağa başladım. 2008-ci ilin aprel ayının ortalarında işimlə əlaqədar Bakı şəhərinə gəldim və Sulutəpə qəsəbəsində yaşayan əmimgildə qaldım. Arvadım Güllər isə Şamaxıda - valideynlərimin yanında qaldı. Aprelin 21-də Güllər atamgilin evindən qaçaraq öz valideynlərinə zəng etmiş, onlar da Gülləri tapıb Bakıya-öz evlərinə aparmışdılar. Bu hadisədən sonra Güllər beş-altı ay valideynlərinin yanında qaldı. Sonra mən "Xalqlar Dostluğu" metrostansiyasının yanında kirayə ev tutub Güllərlə birlikdə həmin evə köçdüm.

"Əmim arvadı məni yuxudan oyadıb Güllərin yatdığı yerdə olmadığını dedi"

Yeni il ərəfəsində Gülləri yenidən Şamaxıya-atam evinə apardım. Həmin vaxtlar Güllər gecə saatlarında müxtəlif şəxslərə zəng etdiyi üçün aramızda narazılıqlar yaranmışdı. Bir neçə gündən sonra Güllərlə birlikdə Bakı şəhərinə gəldim və qohumum Familin Binəqədi rayonu 3-cü Mədən küçəsindəki evində kirayədə qaldıq. 19 yanvar 2008-ci ildə gecəni Güllərlə birlikdə əmim Eyyubun evində qalmışdıq. Təxminən gecə saat 2-3 radələrində əmim arvadı Xuraman məni oyadıb Güllərin yatdığı yerdə olmadığını dedi. Güllərin mobil telefonunu da götürüb evdən getdiyini görüb əmim oğlu Yaşarın telefonundan ona zəng vurdum. Onun Sulutəpədəki dörd yol ayrıcında olduğunu öyrənib tapıb evə gətirdim. Evdən qaçmasının səbəbini soruşduqda, Güllər mənə guya darıxıb getdiyini dedi. Lakin Güllərin mobil telefonuna baxdıqda, telefonun yaddaşında iki yad nömrə gördüm. Buna görə əsəbiləşib Gülləri vurmaq istədikdə, əmim qoymadı. Ertəsi gün Güllərlə birlikdə əmimgildən çıxıb kirayədə qaldığımız evə getdik. Axşam saat 23-24 radələrinədək qonşuluqda yaşayan qohumum Familgildə öz toy videokassetimizə baxdıq, sonra öz otağımıza gedəndə, Güllər darıxdığını, gəzmək istədiyini dedi.

"Güllərə dedim ki, sən mənim namusumu ləkələmisən"

Gecə təxminən saat 01-02 radələrində Güllərlə birlikdə taksi avtomaşını ilə Novxanıdakı "Uğur" çimərliyinin yanına getdik. Orada maşından düşüb "besedka"ların birində oturduq. Bir qədər sonra isə dənizin lap sahilinə yaxınlaşıb üzü dənizə tərəf oturub söhbət etdik. Söhbət zamanı hələ Şamaxıda yaşadığımız zaman Güllərin kənar şəxslərlə mobil telefonla gizlicə danışmasını ona irad tutdum, narazılığımı bildirdim, eləcə də Asif və Nicat adlı şəxslərlə telefonda danışdığını və mənim namusumu ləkələdiyini dedim.

"Mənə dedi ki, namusu pişik apardı"

Güllər isə məni ələ salaraq, "namusu pişik apardı" deyə cavab verdi. Güllərin sözünə əsəbiləşib arxadan onun saçından yapışdım və sağ əlimlə şalvarımın kəmər yerinə keçirdiyim, bıçağı çıxarıb soldan-sağa tərəf onun boğazına çəkdim. Güllər ayaqlarımdan yapışdı, onu özümdən kənarlaşdırarkən barmağımı bıçaq kəsdi. Üstüm qana bulaşmasın deyə Gülləri özümdən kənarlaşdırıb başını aşağı basdım, o, üzü üstə yerə yıxılıb bir qədər xırıldadı, sonra çapalayaraq öldü.

"İlhama arvadımı öldürdüyümü bildirdim"

Güllərin meyiti onu öldürdüyüm yerdə qaldı, əllərimi dəniz suyunda yudum və piyada Novxanı qəsəbəsi istiqamətinə doğru getdim, "Gilavar" restoranına yaxın yerdə bıçağı tikilisi olmayan bağ sahələrindən birinə atdım. Sonra yoldan keçən taksi avtomaşınını saxlatdırıb həmin avtomaşınla kirayə yaşadığım evə qayıtdım. Maşından düşərkən telefonumu unudub maşında qoydum. Evdə paltarlarımda qan olduğunu görüb onları yuyaraq başqa paltar geyindim və avtomaşında unutduğum telefonuma zəng etmək üçün gecə təxminən saat 05 radələrində kirayə qaldığım evdən təxminən 500-600 metr aralıda yaşayan xalam Bənövşənin evinə getdim. Xalamın əri İlham evdə tək idi, o, barmaqlarımın kəsildiyini görüb, səbəbini soruşduqda, yalandan alma soyarkən barmağımı kəsdiyimi dedim. Lakin İlham həyəcanlı olduğumu görüb şübhələndi və təkrar nə baş verdiyini soruşdu. İlhama arvadım Gülləri öldürdüyümü dedim. İlham bu barədə atama xəbər verməyi və polisə gedib təslim olmağı məsləhət gördü.

"Əməlimdən peşmanam"

İlhamgildə olarkən onun mobil telefonundan özümün unudub maşında qoyduğum telefona zəng etdim, lakin cavab verən olmadı. Sonra İlhamgildən çıxıb kirayə qaldığım evə getdim. Əvvəlcə Familgilə, sonra Güllərin valideynlərinə, eləcə də polisə guya arvadımın gecə mənim paltarlarımı yuduğunu, təxminən saat 05 radələrində isə yuxudan ayılıb onu evdə görmədiyimi dedim. Bir müddət sonra Güllərin meyiti dənizdən aşkar edildi. Mənim Gülləri öldürdüyüm məlum oldu və bundan sonra özüm də Gülləri öldürdüyümü etiraf etdim. Əməlimdən peşmanam."

"Elman Gülləri döyüb incitdiyinə görə qızım evdən qaçmışdı"

Zərərçəkmiş şəxs qismində dindirilən Nurməmməd Nurməmmədov (mərhumun atası) ifadəsində göstərib ki, qızı Güllər Nurməmmədova 23 fevral 2008-ci ildə Elman Kərimov tərəfindən qaçırılıb. Bununla əlaqədar olaraq o, Xətai Rayon Polis İdarəsinə şikayət edib: "Lakin qızım özü könüllü Elmana qoşulub getdiyini bildirdi, ona görə də şikayətimdən imtina edərək onların ailə qurmalarına razılıq verdim. 6 aprel 2008-ci ildə Güllərlə Elmanın toyu oldu. Elman Gülləri Şamaxı rayonunun Əhmədli kəndində yaşayan atasının evinə apardı. Bundan təxminən iki həftə sonra Elman Gülləri döyüb incitdiyinə görə qızım evdən qaçmışdı və altı aya yaxın mənim evimdə yaşamışdı. Altı aydan sonra Elman gəlib qızımı yenidən Şamaxıya-öz atası evinə apardı. 2009-cu ilin yanvar ayında isə Gülləri özü ilə Bakıya gətirdi, burada kirayə ev tutub orada yaşamağa başladılar.

"Elman bizə dedi ki, Güllər evdən yoxa çıxıb"

Yanvar ayının 21-də Elman bizə və polisə guya qızım Güllərin kirayədə yaşadıqları evdən yoxa çıxdığını bildirdi. Bir müddət sonra Güllərin meyiti dəniz kənarından tapıldı və məlum oldu ki, qızımı Elman Kərimov 21 yanvar 2009-cu ildə gecə kirayədə yaşadıqları evdən Novxanı ərazisindəki "Uğur" çimərliyinə aparıb, orada bıçaqla başını və damarlarını kəsərək xüsusi qəddarlıqla və amansızlıqla öldürüb. Qızım Güllərin Elman tərəfindən öldürüldüyü aidiyyatı orqanlara məlum olduqdan sonra Elman özü də Gülləri dəniz kənarında başını kəsərək öldürüb dənizə atdığını etiraf etdi. Övladımı xüsusi amansızlıqla öldürdüyünə görə Elmana qanunda nəzərdə tutulmuş ən ciddi cəza təyin edilməsini məhkəmədən xahiş edirəm."

"Elman arvadını xalası oğluna qısqanırdı"

Şahid qismində dindirilən Adil Rəfiyev məhkəmə iclasında verdiyi ifadəsində göstərib ki, Elman Kərimovla həmyerlidirlər, sonuncu onun briqadasında fəhlə işləyib, bir-birilərinin yaşadığı evə gedib-gəliblər. Elmanın sözlərinə görə o, Gülləri xalası oğluna qısqanırdı, bu səbəbdən aralarında söz-söhbət olmuşdu: "2008-ci ilin iyun ayında Güllər atasının evindən harasa çıxıb getmiş və 4 gün evdə olmamışdı. Həmin vaxt Güllərin atası mənə zəng edərək Elmanı soruşdu, mən də Elmanın Neftçala rayonunda-mənim yanımda olduğunu dedim. Sonradan Gülləri hansısa parkda tapdıqlarını eşitdim."

"Güllərlə əvvəllər yalnız telefonla danışmışam, amma onun üzünü görməmişəm"

Şahid qismində dindirilən Nicat Bayramov ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsində göstərib ki, 2007-ci ilin payız aylarında onun mobil telefonuna tanımadığı nömrədən zəng olub və tanımadığı bir qız onunla tanış olmaq istədiyini deyib: "3-4 ay telefonda danışandan sonra o, adının Güllər olduğunu, 8-ci sinifdə oxuduğunu dedi və mənə telefonla çəkilmiş fotoşəkilini göndərdi. Güllər telefonda məni sevdiyini, görmək istədiyini bildirsə də, onunla heç vaxt görüşməmişəm. 2008-ci ilin avqust ayında Güllər gizli nömrədən mənə zəng edib bir nəfərin onu qaçırdığını, ailə həyatı qurduğunu, lakin həmin şəxsi sevmədiyini və hələ də məni sevdiyini dedi. Bir-neçə gün sonra isə tanımadığım bir nəfər oğlan mənə zəng edib, Güllərin əri olduğunu bildirdi və Güllərlə telefonda danışmağımın səbəbini, onunla nə münasibətdə olduğumu soruşdu. Həmin oğlana Gülləri heç bir zaman görmədiyimi, onunla yalnız əvvəllər telefonda danışdığımı, aramızda başqa heç bir söhbət olmadığını dedim. Güllər növbəti dəfə mənə 20 yanvar 2009-cu ilə keçən gecə saat 01:00 radələrində gizli nömrədən zəng etmişdi. Lakin yuxulu olduğumdan onunla nə danışdığımı xatırlamıram. Sonradan Güllər Nürməmmədovanın öldürülməsi ilə bağlı cinayət işində olan fotoşəkillərə baxarkən fotoşəkildə olan qızın mənə mobil telefonla göndərilmiş fotoşəkildə olan Güllər adlı qızla eyni şəxs olduğunu gördüm".

QEYD: Məhkəmənin hökmü ilə Elman Kərimov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Həyatın yazılmış və yazılmamış qanunları var. Yazılmış qanunlar insanı cəmiyyətin qoyduğu normalarla yaşamağa dəvət edir. Yazılmamış qanunlar isə yazılmış qanunlarla yaşamağı tələb edir. Başqa sözlə desək, insanlar könüllü surətdə evləndikləri kimi, birgə həyat alınmadığı təqdirdə könüllü surətdə ayrılmağı bacarmalıdırlar...

İnarə Rafiqqızı