Astarada dağ kəndlərinin yol dərdi bitmir
12-09-2013, 11:10
Oxunub: 5 802
Son vaxtlar ucqar dağ kəndlərinə gedən yolların təmirində irəliləyiş olsa da, yenə də yolsuzluqdan əziyyət çəkən yüzlərlə, minlərlə insan var.
Yol dərdi az qala bütün dərdləri onlara unutdurub. Belə kəndlərdən biri də Astaranın Ojəkənar kəndidir. Bu kənd dağ ərazisində, mərkəzdən 10-12 kilometr uzaqda yerləşir. Kənd sakinlərinin dolanışığı meyvə bağlarındandır. Burda limon və naringi bağı olmayan sakin yoxdur. Elə buna görə də vaxtı ilə bu kənd ən varlı kənd hesab olunurdu. İndi isə vəziyyət dəyişib. Kənd sakinlərinin demələrinə görə, suvarma sistemi pozulduğundan ağaclar az məhsul verir. Satdıqları məhsul indi çörəyə güclə çatır. Lakin kənd sakinlərinin başqa problemləri də var. Onlar hesab edir ki, hər şeydən əvvəl kəndin mərkəzindən keçərək uzaq dağ kəndi olan Pəlikəşə gedən yol təmir edilməlidir. Ojəkəran-Pəlikəş yolu 30-dan çox kəndi birləşdirir və bu ərazidə 10 mindən yuxarı əhali yaşayır.
Həmin yolun kəndin içi ilə gedən hissəsindəyik. Bu yolda UAZ və URAL markalı nəqliyyat vasitələrinə rast gəlirik. Arabir “Jiquli” markalı maşınlar da yolda görünür. Kənd sakinlərinin demələrinə görə, “Jiquli” markalı maşınlar yalnız yaz və yay aylarında yolda hərəkət edə bilirlər. Yolda dərin çalalar var. Elə yerlər var ki, orda asfalt gözə dəyir. Sakinlər deyir ki, sovetlər dövründə bura asfalt yol olub, 40 ildən çoxdur ki, yola sakinlərin özləri xidmət edirlər.
Talıbov İbrahim, müəllim:
- Kijabədə işləyirəm, orta məktəbdə. Mən hər gün bu yolu gedirəm. Yağış olanda maşın qalxmır yuxarı. Aşağıda qalır. Günorta çağı da bir neçə kilometr yolu piyada gedirəm yuxarı. Yol bərbad haldadır. Yağış yağır, adi maşınlar yuxarı qalxa bilmir, ancaq iki difirli maşınlar işləyə bilir, vəssalam. Yol gedir Sıma, Pəlikəşə. Sərhədə kimi bu yol gedir.
Kəndin digər sakini Elbrus Talıbov isə yolun bərbad olmasının bir çox problemlər yaratdığını deyir:
- Sovet hökuməti vaxtında bu yollar çəkilib. Ondan sonra dağılıb. Bizim yollara baxmırlar. Axşam xəstəmiz olub onu birtəhər yola çıxartmışıq. Maşın gəlmir.
Burzibənd kəndi də Ojəkəran kəndi ilə yanaşıdır. Bu kəndin də sakinləri eyni problemdən şikayətçidirlər. Burzibənd kənd sakini Hüsenağa Fətəliyev:
- Nəsə, son vaxtlarda bura baxan yoxdur. İcra hakimiyyətinə şikayətə gedəndə bizi qoymurlar getməyə. Yola özümüz baxırıq. Naringi vaxtı hərəmiz 5-10 maşın çınqıl-daş tökürük. Biz zülm çəkirik. Xaraba yollar çoxdur. Qəsəbədir, qəsəbədən 10 kilometr yuxarıda, Ovalaya kimi Xıçəsu kəndi var, Ovala kəndi var, Ağkörpüyə kimi də bizim qəsəbədir. Sovet dövründən sənəd üzrə yol var, kanalizasiya var, işıq var. Bu yolun dili yoxdur, desin ki, bu, yalan söhbətdir.
Hüseynağa Fətəliyev deyir ki, elektrik enerjisinin verilməsində də problemlər var. Gediş-gəliş çətin olduğundan sıradan çıxmış elektrik dirəklərini vaxtında dəyişmək münkün olmur:
- İşıq barədə vəziyyətimiz pisdir. 1975-ci ildə işıq çəkiblər. Dirəklər zaydır. Külək əsən kimi vəziyyət pisləşir. Qalırıq işıqsız.
Dağa tərəf uzanan bu yolla hərəkət edirik. Sürücü maşını saxlayır, deyir, burdan piyada getməli olacağıq. Risq eləmək olmaz, maşın sına bilər. Yolun elə yerləri var ki, orada hətta piyada hərəkət etmək də çətindir. Yolda rast gəldiyimiz kənd sakini Güləli Nəzərovun dediynə görə, şəxsi "NİVA" markalı maşını var. Təzə olmasına baxmayaraq, yolların bərbad olması nəticəsində xarab olub. Qazandığını maşının təmirinə verir. Yollar məhvdir:
- Bizm yolumuz pisdir, siz də görürsünüz. İcra hakmi də baxıb. Aşağıdan yol çəkiblər Pəlikəşə. Ancaq bu yola baxan yoxdur. Yolun hamısı çaladır. Maşın düşür, çıxa bilmir, palçıqdır. Məktəb vaxtı gəlir, uşaqlar məktəbə gedə bilmirlər. Yazıq uşaqlar, bu palçıqla necə getsin məktəbə. Hər yer palçıqdır, sudur.
Astara rayon icra hakimiyyəti başçısının müavini Xanverdi Şirinov isə qısa müddətdə 7,5 hektar kənd yollarının asfaltlaşdırdıqlarını deyir. O bildirir ki, Ojəkənar kəndi də plana salınıb. Bu il olmasa da, gələn il həmin yol təmir ediləcək. Müavinin sözlərinə görə, Prezidentin rayon üçün ayırdığı vəsaitlərin əsas hissəsi kənd yollarının təmirinə yönəlib.
Bax, belə. Dünyadakı bütün dərdləri unutmaq istəyirsinizsə, belə dağ yolları ilə səfər edin. Həmin vaxt ancaq bir dərdiniz olacaq - bu xaraba yolu necə başa vurum.
ZAHİR ƏMƏNOV
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər