Məktəbə gedə bilməyən uşaqlar...
20-09-2013, 11:50
Oxunub: 5 481
Onlar kitab-dəftər üzünə həsrətdirlər, çünki işləməyə məcburdular
Yeni tədris ili başlayıb, uşaqlar qayğı, sevinc içərisində dərsə gedirlər. Ancaq məktəbə gedə bilməyən, işləməyə məcbur olan, kiçik çiyinlərində evin yükünü daşıyan uşaqlar da kifayət qədərdir. Bu uşaqlar məktəb çantasını, dərs ləvazimatlarını ancaq başqalarında, televiziya ekranlarında görürlər. Bu uşaqlar da yaşıdları kimi məktəbə getmək, dərs öyrənmək istəsələr də, üzləşdikləri çətin vəziyyət, maddi sıxıntı onların bu istəyini ürəklərində qoyur.
Hər küçədə, bazarda piştaxta arxasında durub müştəri səsləyən, vedrə ilə su daşıyıb onun-bunun maşınını yuyan, zibil qutularından boş şüşə toplayan uşaqlara rast gəlmək mümkündür. Hələ küçələrdə dilənən uşaqları demirik. Əslində heç bir uşaq dilənmək istəməz. Bildiyimiz, bilmədiyimiz səbəbdən həmin uşaqlar körpəlikdən həyatlarını küçələrdən qazanmalı olublar.
Bu cür balaca zəhmətkeşlərdən biri ilə Təbriz küçəsində rastlaşdıq. Adının İlqar olduğunu deyən bu balaca oğlan peraşki satmaqla məşğuldur. Ondan peraşki alıb söhbət etməyə çalışırıq. İlqar deyir ki, 14 yaşı var. Məktəbə getmir: “Mən 4-cü sinfə kimi rayonumuzda - Masallıda məktəbə getmişəm. Bakıya anamla işləməyə gəldik. Ona görə də məktəbə getmədim. Bəlkə də artıq məni o məktəbdən çıxartmış olarlar. Anam peraşki bişirir, mən də satıram, pul qazanıram. Məktəbə getmək istərdim, amma Bakıda məktəbə pul çatdırmaq çətindir. Rayona da gedə bilmərəm. Anamı burda necə tək qoyum?!”
“Yaşıl bazar”da alış-veriş edənlərin ağır zənbillərini daşıyan Ağa da məktəbə gedə bilməyən uşaqlar sırasındadır. Ağa bazarda alış-veriş edənlərin qarşısına qaçır, “kömək lazımdır, verin sumkalarınızı daşıyım” deyərək müştəri axtarırdı. Yükü yaxın məsafəyə 1 manata, uzaq məsafəyə isə 2-3 manat aparır. Onunla söhbət edə bilmək üçün yükümüzün olacağını dedik. Ağa deyir ki, 4-cü sinfədək oxuyub. Anası rəhmətə getdikdən sonra oxuya bilməyib: “Atam deyir ki, mənim səni məktəbə yola salmağa pulum yoxdur. Dedi ki, işlə, pul yığ, sonra məktəbə bərpa edərik. İşləsəm də pul yığa bilmirəm. Atam da kafedə işləyir. Amma o puluna araq alır. Bir bacım var. Ona nənəm baxır. Bacım da bu il məktəbə getməli idi. Ancaq qoya bilmədik. İnşallah, gələn il bacımı mütləq məktəbə qoyduracam”.
Balaca Ağa öz taleyini danışarkən o məsum üzündə yaranan kədərli ifadə insanın ürəyini parçalayırdı. Həyatın acı üzü ilə rastlaşan, özünün qayğıya ehtiyacı olduğu halda başqalarına qayğı ilə yanaşan bu uşaq gələcəkdə onu nələrin gözlədiyindən xəbərsiz bir şəkildə balaca əlləri ilə ağır zənbilləri daşıyırdı.
Digər rastlaşdığımız uşaq isə küçədə əlində vedrə gəlib-gedən maşınların sürücülərinə avtomobilləri yumağı təklif edirdi. Adı Sənan Abdullayev olan bu uşağın 14 yaşı var. O əvvəllər maşın yuyulan yerdə işlədiyini dedi: “Mən məktəbə getməmişəm. Məktəbə gedib-gəlmək mənə pul qazandırmır. Bundan əvvəl 6 ay ”moyka"da işləmişəm. Ancaq böyrəklərim ağrıdığı üçün işləyə bilmədim. İndi belə qabağıma maşın çıxsa, şüşələrini silirəm. Şüşə silməyə görə 1-2 manat alıram. Məktəb mənim üçün bir xəyaldır. Bu cür getsə, bir xəyal olaraq da qalacaq. Mən bir gün maşın silən yox, özümün maşınım olacağı günün, normal hamı kimi bir həyatım olacağı günün arzusu ilə yaşayıram".
Onu şüşələrini silməsi üçün bir sürücünün çağırdığını görüb işinə mane olmamaq üçün sağollaşdıq.
Qeyd edək ki, məktəbə gedə bilməyən qızlar da kifayət qədərdir. Məktəbli forması, çanta, dəftər qələm ala bilməyən valideynlər övladlarını məktəbə qoya bilmir. Bu cür valideynlərdən biri ilə “8-ci kilometr bazarı”nda rastlaşdıq. Göyərti satan Eldar deyir ki, qızı Fatimə artıq 8 yaşına keçib. Ancaq məktəb ləvazimatları ala bilmədiyi üçün onu bu il də məktəbə yola sala bilməyib: “İki qızım var. Böyük qızım bu il 4-cü sinfə keçdi. Onu məktəbə birtəhər yola salırıq. Balaca qızımı isə bu il də məktəbə qoya bilmədik. Necə qoyum ki?! Onun məktəb ləvazimatlarını, formasını almaq üçün nə qədər pul tələb edir. Evimizə gedən tək gəlir mənim göyərtidən qazandığım puldur. İnşallah, gələn il qızımı məktəbə yol salacam”.
Maraqlıdır ki, qanun işləməyə məcbur qalan azyaşlıların harada işləməsinə icazə verir? Azyaşlılar əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə gecə klublarında, barlarında, kazinolarda işləyə bilməz. Aydın məsələdir ki, uşaqlar həmçinin spirtli içkilərin, narkotik vasitələrin və toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması yerlərində əmək sərf edə bilməz. Yaşı 18-dən az olan işçilərin normadan artıq ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi də qadağandır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər