BolgeXeber.Com » Sosial » Bu maşınlar yük daşıma üçün rüsum ödəyəcək

Bu maşınlar yük daşıma üçün rüsum ödəyəcək

14-04-2023, 08:59
Oxunub: 1 680
Yollarda iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün 50 manat məbləğində dövlət rüsumu təsdiqlənib.

Bolgə.TV xəbər verir ki, mövzu ilə bağlı açıqlamasında hüquqşünas Ərşad Hüseynov deyib ki, “Yol hərəkəti haqqında” qanunun 57-ci maddəsinə görə, iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin yollarda hərəkəti üçün xüsusi icazə almaq lazımdır:

“Xüsusi icazədə isə həmin avtomobillərin marşrutu, hərəkət qrafiki və s. müəyyən olunur. Hətta bəzi hallarda bu nəqliyyat vasitələrinin yollarda hərəkətinə yalnız Yol Patrul Xidmətinin avtomobili və ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi avtomobilinin müşayiətilə icazə verilir.

Bu nəqliyyat vasitələrinin hansı hallarda ağırçəkili və iriqabaritli sayılması isə Nazirlər Kabinetinin 104 saylı qərarında göstərilir. Adi avtomobillərin eni 2-2.40 olduğu halda, iriqabaritlinin üstündə bölünməz yükün eni 4 metrdir. Bu avtomobil tək yola çıxdığı zaman 2 zolağı tutur, belə yolda isə hərəkət təhlükəlidir. Həmçinin, ümumi istifadə olunan yollarda icazə verilən maksimum kütlə var. Bu isə avtomobillərin oxlarının sayından asılıdır. Məsələn, ikioxlu avtomobil üçün icazə verilən maksimum kütlə 18 tondur. Bundan artıq olduqda xüsusi icazə alınmalıdır. Çünki bu halda avtomobil həm asta gedəcək, həm də ağır olduğuna görə yol qurğularına (körpü və s.) ziyan verə bilər. İcazəni verən qurumlar isə bilir ki, hansı yoldan keçdiyi zaman bu avtomobillər ora ziyan verməyəcək”.

Ekspert bildirib ki, bu icazə ümumi istifadə olunan yollar üçün keçərlidir:

“Bu icazə Azərbaycan avtomobil yollarının əsas balans saxlayıcı qurumu kimi AAYDA və Baş Dövlət Yol Polisi İdarəsiylə razılaşdırılaraq verilir. Bir qayda olaraq icazə son ünvana qədər yük maşınları ilə getməsi xüsusilə mühüm və ya bölünməz yükləri (məsələn, neft emalı zavoduna gətirilən nəhəng çənlər, hissələrə bölünməyən digər vasitələr) daşıyan vasitələrə verilməlidir. 50 manat da bu xidmətin qarşılığı olaraq dövlət büdcəsinə keçirilir”.