BolgeXeber.Com » Sosial » İltimas Məmmədov jurnalist ovuna çıxdı

İltimas Məmmədov jurnalist ovuna çıxdı

13-11-2013, 14:10
Oxunub: 6 356 Rövşən müəllim özünü hüquqşünas adlandırsa da onun məsələyə yanaşması hüquqi baxımdan düzgün deyil. Düzdür, bu cür mövqe ona və ən əsası isə ona göstəriş verənə sərf edir

Bir müddət əvvəl Qafqaznews.az olaraq Bakıdakı poçt şöbələrinin qanunsuz əməllərindən və bu işdə onlara dəstək verilməsi haqda yazı dərc etmişdik. Xatirladaq ki, həmin yazıda həmkarımızın 72 saylı poçt şöbəsinə gedib ünvanına gəlməyən bildirişlə bağlı məsələyə aydınlıq gətirməsindən bəhs edilirdi. Lakin 72 saylı poçtda müvəqqəti rəis əvəzi olan 6 saylı poçt filialının rəisi Arif Əliyev, 72 saylı poçtun rəis muavini Dilarə Dubuşova və məktublara baxan operator Aygün Əliyeva həmkarımızı 72 saylı poçtda “top-tüfənglə” qarşılayıblar. Belə ki, onlar həmkarımıza deyiblər ki, “bəli bizə tapşırıq gəlib deyə biz də 73 saylı poçt ilə birgə bu qanunsuzluğa qetmişik”.

Həmin yazıda poçtlarla məhkəmələrin əlbir olub işləməsi məsələsinə də toxunulub. Yazıda qeyd olunub ki, həmkarımız 72 saylı poçtun məsul şəxslərinə,”sizin bu qanunsuz əməllərinizdən müvafiq orqanlara müraciət edəcəm” deyəndə 72 saylı poçtun yuxarıda adıçəkilən məsul şəxsləri bildiriblər ki, “Get hara istəyirsən şikayət et. Səndən başqa bu ərazidə Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədov yaşayır və ona görə heç kim bizə heç nə edə bilməz”.

Bu şəxslərin sözlərindən belə məlum olur ki, nazir müavini guya özü bu poçtu bunlara tapşırıb və bu şəxslər də 72 saylı poçtu özlərinin özəl şirkətləri kimi ürəkləri necə istəyir elə də işlədirlər. Lakin ən təəsüfedici hal odur ki, həmin məqaləyə reaksiya verən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun əməkdaşı Rövşən Əbdülrəhmanov yazıda qeyd olunan qanunsuzluğu araşdırmaq əvəzinə yazının müəllifi Sənan Məmmədlini axtarıb tapmağa qərar verib.

Belə ki, nazirliyin əməkdaşı redaksiya ilə əlaqə saxlayaraq nazir müavini İltimas Məmmədovun və 6 saylı poçt şöbəsinin rəisi Arif Əliyevin müdafiəsinə qalxıb. Nazirliyin nümayəndəsinin əməkdaşımızla söhbətindən belə nəticəyə gəlmək olur ki, nazir müavini bu yazıdan bərk əsəbləşib və öz işçisinə tapşırıq verib ki, bu məsələnin axırına çıxsın. Təbii ki, belə olanda məsələ şikayətçi olan vətəndaşın deyil, məmurun xeyrinə həll edilməlidir. Rövşən müəllim bizimlə söhbətdə məsələni heç araşdırmadan deyir ki, 72 saylı poçtda müvəqqəti rəis əvəzi olan 6 saylı poçt şöbəsinin müdiri Arif Əliyevin hər hansı bir qanunsuzluq etməsinə inanmır.

Bununla da həm yazı müəllifinə, həm də şikayətçi olan vətəndaşa qarşı öz qərəzli mövqeyini ortaya qoymuş olur. Bundan başqa özünün hüquqşünas olduğunu deyən Rövşən müəllim bildirib ki, bu işdə iki tərəf- iddiaçı və cavadeh tərəf var və məsələni araşdırmaq üçün o bu iki tərəfi mütləq üzləşdirməlidir.

Açığı bu sözləri nazirliyinin rəsmisindən eşitmək çox təəcüblüdür. Düşünürük, bəlkə təzəlikcə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində istintaq və təhqiqat idarəsi, hətta ola bilsin xüsusi “rabitə məhkəməsi”də yaranıb, sadəcə bizim bundan xəbərimiz yoxdur?


Nazirliyin əməkdaşının özünü müstəntiq kimi aparması məgər vəzifə səlahiyyətlərini aşma sayılmır?! Öz vəzifə səlahiyyətini aşan nazirliyin əməkdaşının nəzərinə çatdırmaq istəyirik ki, öncə vətandaşların poçt sistemində gündəlik rastlaşdığı çoxsaylı problemləri aradan qaldırsınlar sonra redaksiyaya zəng edib yazımıza hansısa iradlarını bildirsinlər. Belə olsa yəqin ki, jurnalist ovuna çıxmağa da ehtiyac qalmaz. Necə deyərlər, nazirlik sizin üçün böyük bir ailədir, siz də bu ailənin üzvlərisiniz. Əgər belə demək mümkünsə ailənizdə problem yaranıbsa onun günahını qonşuda yox, özünüzdə axtarın.
Rövşən müəllim özünü hüquqşünas adlandırsa da onun məsələyə yanaşması hüquqi baxımdan düzgün deyil. Düzdür, bu cür mövqe ona və ən əsası isə ona göstəriş verənə sərf edir.

Hər bir halda belə çıxır ki, Rövşənin əli ilə İltimas Məmmədov mətbuata təzyiq göstərir, söz azadlığını boğur. Çünki tənqidi yazıya qarşı bu cür münasibət mətbuata, mətbuat nümayəndəsinə basqıdan başqa bir şey deyil. Halbuki dövlət səviyyəsində jurnalistlərin huquqları xüsusi olaraq qorunur və prezident həmişə şəxsən mətbuata qayğı ilə yanaşır və bunu dəfələrlə nümayiş etdirib. Möhtərəm prezidentimiz dəfələrlə özbaşnalıq edən məmurlara xəbərdarlıq edərək onları vətəndaşlara xidmət etməyə çağırıb, əks halda isə onların cəzalanacaqlarını vurğulayıb.


Qeyd edək ki, məsələ ilə əlaqədar baş redaktor Mahmud Rasimoğlu ölkə başçısına müraciət etmək fikrindədir. Mahmud Rasimoğlu bizimlə söhbətində bildirdi ki, görünür İltimas Məmmədov uzun illərdi nazir müavini vəzifəsində çalışdığına və oliqarxa çevrildiyinə görə hesab edir ki, artıq mətbuata təzyiq göstərə bilər və bu səbəbdən öz işçilərinə tapşırıb ki, onlar redaksiyanın məsul işçilərinə hədə -qorxu gəlsinlər.

Qeyd edək ki, İltimas Məmmədov Ordubadın Əylis kəndindəndir və yazıçı Əkrəm Əylislinin yaxın qohumudur. O dövlət məmuru olmasına baxmayaraq özünə böyük var-dövlət toplaya bilib. Bildirlir ki, o öz yerliləri olan Sərvər və İman qardaşlarının vasitəsi ilə Bakıda bir neçə iri şadlıq evi, iri obyektlər tikdirib. “Oskar”,”Montekarlo”,”Röya” ona məxsus olan şadlıq evlərinin sırasındadır. Düzdür, ictimaiyyət elə bilir ki, bu obyektləri Bakıda Sərvər və İman qardaşları Rusiyada qazandıqları pulla tikdiriblər, ancaq bu hamısı yalnız gözdən pərdə asmaq üçündür. Əsas məqsəd odur ki, İltimas Məmmədovun adı oliqarx kimi hallanmasın.
Bununla bağlı apardığımız araşdırmalar və nazir müavini İltimas Məmmədovun keçmişini unudaraq bu gün mətbuata qarşı belə təziq göstərməsinə görə biz məcbur olub ölkə başçısına müraciət edəcəyik ki, qoy bu şəxsin fəaliyyəti araşdırılsın.

Dünən yenidən Rövşən Əbdülrəhmanov redaksiyaya zənq edərək bizə hədə-qorxu gəlməyə başladı. Onun dediklərindən belə başa düşmək olurdu ki, İltimas Məmmədov onların qanunsuz əməlini ifşa edən jurnalistin ovuna çıxıb.
Cənab nazir müavini unudur ki, mətbuatın əsas işi cəmiyyətdəki neqativ halları işıqlandırmaq və ictimaiyyətin və ölkə rəhbərliyinin nəzərinə çatdırmaqdır. Vəzifəsindən asılı olmayaraq kim mətbuat adlı işığı söndürmək istəyirsə, öncə öz işığını söndürür.

Tamerlan Zeynallı
Qafqaznews.az