BolgeXeber.Com » Sosial » Xaçmaz bazarı uğrunda «müharibə»nin gerçək sirri

Xaçmaz bazarı uğrunda «müharibə»nin gerçək sirri

5-07-2011, 11:30
Oxunub: 8 561 Nəcimə Babayevanın qətlini ört-basdır etmək üçün rayon rəhbərliyi hansı oyunlardan çıxır?

Ötən günlərdə Xaçmazda baş vermiş müdhiş bir qətllə bağlı məlumat vermişdik. Bununla bağlı rayonda olan əməkdaşlarımız araşdırma apararaq, bir sıra maraqlı məqamları üzə çıxarıblar. TİA.AZ-ın əməkdaşlarının Xaçmaz rayonundakı bazarın sahibəsi Nəcimə Babayevanın qətli ilə bağlı əldə etdikləri məlumatlar və mövcud sənədlər işin içində işin olduğunu deməyə əsas verir.

Bazar uğrunda «müharibə»

İlk olaraq Xaçmaz rayonunun mərkəzində yerləşən «Arzu» Özəl Ticarət Mərkəzinin rəhbəri Nəcimə Babayevanın qətlinə qədər olan proseslərə diqqət yetirmək maraqlı olardı. Çünki hadisələrin buradan başlayan gedişatı yekun olaraq bazar sahibinin qətli ilə sonuclanıb. Bunlar arasında hər hansı bir bağlılığın olub olmadığını araşdırmaq isə hüquq mühafizə orqanlarına məxsusdur.

TİA.AZ-ın apardığı araşdırma nəticəsində məlum olub ki, Xaçmaz rayonunda yerləşən bazarın rəsmi sahibi Nəcimə Babayevadır. Belə ki, Dövlət Əmlak Nazirliyinin 09.03.2001-ci ildə №000818 saylı şəhadətnaməsində Babayeva Nəcimə Qayıtmaz qızının Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsində yerləşən Kolxoz Bazarının sahibi olduğu göstərilib. Bir müddət sonra yaşlandığını görən N.Babayeva sahibi olduğu bazarı övladlarının adına keçirir və bunu da qanuni sənədləşdirmə yolu ilə reallaşdırır. Belə ki, Dövlət Əmlakını İdarə Edilməsi üzrə Dövlət Komitəsi 01.03.2006-cı ildə №00276 saylı Şəhadətnamə ilə Həbibova Təranə Hacıbala qızı, Həbibova Kəmalə Hacıbaba qızı, Həbibova Gülnarə Hacıbaba qızı və Həbibov Fuad Hacıbaba oğlunu (hamısı N.Babayevanın övladlarıdır-red.) bazarın mülkiyyətçisi kimi təsdiqləyib.

Amma bazarın gəlirli yer olduğunu görən Xaçmazdakı bir qrup adam onu Babayevanın əlindən almaq üçün mübarizəyə başlayır. Bəla burasındadır ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olan, YAP-ın rayondakı ilk yaradacılarından sayılan, habelə qadın sahibkarlar sırasında ilklərdən biri olan N.Babayevaya qarşı «kişi»lər mübarizə aparmağa başlayırlar. Belə ki, hələ xeyli əvvəldən bazarı ələ keçirmək üçün mübarizəyə hal hazında Xaçmaz rayon İcra Hakimiyyəti başçısının birinci müavini A.Mərdanov və onun başına yığılmış adamlar başçılıq etməyə başlayırlar. Onlar müxtəlif vasitələrdən istifadə edərək, bazarın ələ keçirilməsi üçün bütün dövlət instansiyalarına müraciət edirlər və eyni zamanda, müxtəlif iddialar irəli sürürlər. Hətta iş o yerə çatır ki, Xaçmazda bazara dəxli olmayan hadisələr baş verən kimi, təcili yuxarılara teleqramm vuran və vurduran A.Mərdanov məsələni N.Babayevanın üzərinə yıxmağa çalışır və mətləbə aid olmadığı halda belə bazarın bağlanılmasını istəyir.

İşin ən gülməli tərəfi isə bazarda çalışan kiçik sahibkarların adından yalançı məktubun göndərilməsidir. Belə ki, «Arzu» Özəl Ticarət Mərkəzində çalışan 46 sahibkar prezident İlham Əliyevə müraciət edərək, bazar ətrafında gedən oyunlardan bezdiyini və bu işə başçılıq edən Xaçmaz rayon İcra Hakimiyyəti başçısının birinci müavini Akif Mərdanovla bağlı ölçü götürülməsini xahiş edirlər. Üzərindən bir gün keçməmiş A.Mərdanov tam əks məzmunda bir müraciət hazırlayaraq, oraya eyni adamların adlarını skayner vasitəsi ilə köçürmədən götürdüyü imzaları əlavə edərək, onu dövlət başçısına göndərir. Lakin işin üstü açıldığından Mərdanov hər şeydən imtina etməyə başlayır. Çünki dövlət başçısına müraciət edənlər belə bir sənədə imza atmadıqlarını deyirlər və bunun araşdırılmasını tələb edirlər.

Sifarişli məhkəmə çəkişmələri

Bazarı ələ keçirmək üçün müxtəlif vasitələrdən istifadə edən A.Mərdanov ayrı-ayrı adamların əliylə, özü də olduqca gülməli və qəribə ittihamlarla məhkəmələrə baş vurmağa başlayır. Nəticədə, 2007-ci ildən etibarən başlayan məhkəmə prosesləri nəticəsində müxtəlif qərarlar çıxarılır və onların böyük əksəriyyətində N.Babayevanın hüquqları müdafiə olunur.

Amma işin bu cür gedişatını görən A.Mərdanov başqa iddialar ortaya atmaya başlayır. Belə ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olan və bir neçə kitabın müəllifi olaraq tanınan N.Babayevanın 2008-ci ildə nəşr olunmuş «Dünya dərdimdən xəbərsiz» adlı kitabında dərc olunmuş satirik şerlərini əsas götürərək, oradakı ifadələrin Xaçmazda işləyən dövlət məmurlarının və rayon sakinlərini «təhqir» etdiyini əsas gətirməyə başlayırlar. Ardından xaçmaz rayon Məhkəməsinə müraciət edərək, N.Babayevaya qarşı iddia qaldırırlar. Həmin iddiaya əsasən guya, bazarın sahibəsi N.Babayeva Xaçmazlıları «təhqir» edib və buna görə də, ondan 250 min manat təzminat tutulmalıdır.

Bu azmış kimi, Sumqayıt İqtisad Məhkəməsinə və digər instansiyalara müraciət edilərək, onlar qarşısında da Xaçmazda yerləşən bazarla bağlı müxtəlif iddialar qaldırılır. Hətta iş o yerə çatdırılır ki, Xaçmaz rayonunda yerləşən bazarın antisanitariya vəziyyətində olduğu iddia edilir. Amma aparılan yoxlamalar zamanı məlum olur ki, bazarda sanitar vəziyyət normaldır və bazarın yaxınlığındakı zibilliyin də bazara heç bir aidiyyatı yoxdur. Onu təmizləmək isə rayon Mənzil İstismar İdarəsinə aid olan məsələdir.

Lakin sonradan işə Xaçmaz rayonun icra başçısı Şəmsəddin Xanbabayev də tərəf kimi, qoşulmağa başlayır. Onun güclü arxasının olması və məhkəmədəki qohumu vasitəsi ilə çıxardığı qərarlar isə heç bir şəkildə ölçüyə gəlməzdir. Belə ki, Ali Məhkəmədə çalışan, Ş.Xanbabayevin qohumu, hakim Səadət Bektaşi vasitəsi müxtəlif qərarlar çıxarılır. Həmin qərarlarda heç bir əsas olmasa da, icra başçısının maraqları təmin olunur və bazarın ələ keçirilməsi üçün addımlar atılır. Bununla bağlı, Babayevanın ailə üzvləri Ali Məhkəmənin sədri R.Rzayevə müraciət edərək, ondan hakim heyətinin dəyişdirilməsini istəmələri də cavabsız qalır. Və bu şəkildə davam edən müəmmalar, qeyri-qanuni addımlar nəticə etibarı ilə Xaçmazda yerləşən bazarın bir qrup adamın əlinə keçməsinə zəmin yaratmağa başlayır.

Qətlə aparan yol

Əslində, N.Babayevanın qətlinə gətirib çıxarın prosesin heç də sıradan bir şey olmadığı dəqiqdir. Düzdür, biz və mərhumənin ailə üzvləri də konkret olaraq kimsəni ittiham eləmir. Ancaq araşdırmanın nəticələri belədir ki, işdə olduqca müəmmalı məqamlar var. Elə ilk məqam da 15 sentyabr 2010-cu ildə baş vermiş qətlin hələ də açılmaması, rayon prokurorunun özünü kifayət qədər şübhəli aparması və digər amillərdir.

Şübhəsiz, N.Babayevanın evində boğazı kəsilərək öldürülməsi sifariş əsasında baş verib. Ona görə ki, qətl baş verməsinə rəğmən hadisəni törədən cinayətkar evdən heç nə aparmayıb. Yəni, qətl oğurluq məqsədi ilə həyata keçirilməyib. Eyni zamanda, qatilin evin içində əvvəlcə mərhumənin başına iki dəfə gicgah nahiyyəsindən deşici alətlə zərbə endirməsi və ardından da onun başını boğazından kəsməsi onu deməyə əsas verir ki, məqsəd N.Babayevanın ölümünü reallaşdırmaq olub.

Qətlin baş verməsi üçün ilk şübhə yeri də bazar məsələsidir. Çünki başqa şəkildə N.Babayevanın öldürülməsinin heç kimə faydası ola bilməzdi. Üstəlik bu şübhəni artıran əsas məqam odur ki, qətlə kimi bazar uğrunda olduqca amansız bir mübarizə gedib və qanunla bazarı ələ keçirə bilməyən hansısa qüvvələr bunu N.Babayevanı öldürməklə reallaşdıra biləcəklərini düşünüblər. Məhz buna görə də, sözügedən bazarın sahibini öldürərək, işi ört-basdır etmək yolu ilə planlarının işə yarayacağını proqnozlaşdırıblar. Amma görünən odur ki, işin tərs tərəfləri də var.

ANONS
-Xaçmazın prokuroru R.Məlikov qətlə yetirilmiş bazar rəhbərinin ailəsini niyə və hansı səbəbdən günahkar çıxarmaq istəyib?
- İcra başçısı Şəmsəddin Xanbabayevin istəyi nədən ibarətdir?
- Şəmsəddin Xanbabayevin şəriki kimdir?
- Onun 2003-cü il prezident seçkiləri zamanı hansı addımı Xaçmazdan sürgün olunmasına səbəb olub?
- Qətlin üstünün açılması üçün Respublika Prokurorluğu tərəfindən aparılan istintaq niyə daşa dirənib?
- Rayon prokuroru R.Məlikov daha kimləri N.Babayevanın qətlinə görə hədələyərək, onun əliylə əks ifadə almaq istəyib?
- N.Babayevanın ona sui-qəsd oluna biləcəyi ilə bağlı əvvəlcədən hansı şübhələri olub?
- Xaçmazdakı bazarın sahibi uzunmüddət niyə evindən kənara çıxmayıb?

Bu və digər maraqlı məlumatlarla yaxın günlərdə tanış ola biləcəksiz.