BolgeXeber.Com » Sosial » «Kamaz” sürücüsü vəhşicəsinə döyüldü

«Kamaz” sürücüsü vəhşicəsinə döyüldü

4-08-2011, 22:30
Oxunub: 6 986 Zarat postunda DYP əməkdaşlarının Əbülfəz Əmiraslanovla dalaşaraq, onun qabırğalarını sındırdıqları iddia olunur

Ötən axşam Xaçmaz rayonunda döyülmə hadisəsi baş verib. Sabirabad rayonu sakini 59 yaşlı Əmiraslanov Əbülfəz Hacıağa oğlu tanımadığı şəxslər tərəfindən möhkəm döyülüb.

Yoldan keçən vətəndaşlar tərəfindən Siyəzən rayon xəstəxanasına çatdırılan zərərçəkmişə burda lazımi tibbi yardım göstərilmədiyi üçün yaralı Bakı “Məlikov” adına respublika klinik xəstəxanasına çatdırılıb. Yaralı həkim heyəti tərəfindən müayinə olunub və onda döyülmə əlamətləri aşkar edilib. Cərrah Rəşid Quliyev zərərçəkmişin qabırğalarının sındığını, bədənində əziklər olduğunu, vəziyyətinin orta ağır olduğunu qeyd edib.

Məlumata görə, Əbülfəz Əmiraslanov özünə məxsus olan “Kamaz” markalı yük maşını ilə Şabran rayonundan yük gətirirmiş. Bu vaxt ona yol patrul xidməti əməkdaşları tərəfindən saxla əmri verilib. Ancaq avtomaşın yüklü olduğu üçün Əbülfəz kişi onu vaxtında dayandıra bilməyib. Zərərçəkmişin oğlu Müşfiq Əmiraslanov polisin “Kamaz”ı dayandırmaq üçün yoldam keçən minik avtomobilindən istifadə etdiyini deyib: “Yoldan keçən başqa balaca maşınlar var idi. Polis onlara dedi ki, siz “Kamaz”ın qabağında saxlayın. Onlar da saxlayanda yük maşını 2107 markalı maşına dəydi. Həmin maşında üç oğlan var idi. Onlar da düşüb kişini döyüblər”.

Bolgexeber.com-a isə bununla bağlı məlumat verən döyülən şəxsin qardaşı oğlu Peyman Sadıqov bildirib ki, hadisə dünən günorta saatlarında Zarat potunda baş verib. Onun bildirdiyinə görə, Zarat postunun DYP əməkdaşları 54 AC 331 dövlət nömrə nişanlı “Kamaz” markalı maşını saxlamaq istəyiblər. “Əmim polis əməkdaşlarının ondan yenə də 5 manata alacaqlarını düşünərək maşını saxlamayıb. Polislər onun maşını saxlamadığını görərək, 2 şəxsi, 1 DYP maşını ilə postdan 1 kilometr aralıda onun qarşısını kəsiblər. Bu zaman “Kamaz” sürücüsü maını saxlaya bilməyib onları vurub”.

P.Sadıqovun sözlərinə görə, 6-7 polis əməkdaşı onun üzərinə hücum çəkərək Əbülfəz Əmiraslanovu döyüblər. “Bu zaman onun 3 qabırğasını sındırıblar. Hadisə yerinə gələn müstəntiq isə sürücünün qohumlarından xahiş edib ki, şikayətçi olmasınlar. Hazırda əmimim vəziyyəti ağırdır. Onu Mərkəzi Klinik Xəstəxanaya yerləşdiriblər”.

Qeyd edək ki, faktla bağlı Yasamal rayon polis idarəsinə və aidiyyəti üzrə Xaçmaz rayon polis şöbəsinə məlumat verilib. Əbülfəz Əmiraslanovu döyməkdə şübhəli bilinən şəxslər də artıq saxlanılıb və ifadələri alınıb.